BDU-da çöl-tədris təcrübəsinə start verilib | |
Bakı Dövlət Universitetində (BDU) müvafiq ixtisaslar üzrə istehsalat çöl təcrübəsinə start verilib. Rektor, akademik Abel Məhərrəmov Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və İstirahət Mərkəzinə yola düşən tələbələrlə görüşərək hər tədris ilinin sonunda baş tutan tədbirin bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf etdiyini söyləyib. Tədris-təcrübə mərkəzinin 1967-ci ildən fəaliyyətə başladığını, müəyyən illərdə münbit şərait olmadığından tələbələrin təcrübə imkanlarının məhdud olduğunu deyən rektor 2012-ci ildə yeni mərkəzin tikintisinə şərait yaradıldığını, 2013-cü ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Quba Tədris-təcrübə və İstirahət Mərkəzinin açılış mərasiminin keçirildiyini qeyd edib. Akademik Abel Məhərrəmov mərkəzdə universitetin təbiət və humanitar fakültələrində təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradıldığını, indiyədək minlərlə tələbənin təcrübə keçdiyini vurğulayıb. O, ötən beş il ərzində əməkdaşlıq müqavilələri əsasında Türkiyə, Çexiya, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və bir sıra digər ölkələrin universitetlərinin alim və tələbələrinin, həmçinin Almaniyanın GİZ təşkilatının mütəxəssislərinin tədris-təcrübə mərkəzində yay məktəbində və təcrübədə olduqlarını da qeyd edib. Rektor biologiya fakültəsinin “Biologiya müəllimliyi” ixtisası üzrə 93, “Biologiya” ixtisası üzrə 116, “Su bioehtiyatları və akvabitkilər” ixtisası üzrə 15 nəfər və 11 rəhbər müəllim olmaqla tədris təcrübəsi keçmək üçün yola düşənlərin hər birinə uğurlar arzulayıb.
Sonra tələbələr təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Tədris-təcrübə və İstirahət Mərkəzinə yola salınıblar.
Qeyd edək ki, təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.
|
|
10.05.2018 | 13:59 | |
|
|
|