Bərdədə ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi | |
Yanvarın 23-də Bərdə şəhəri 4 nömrəli tam orta məktəbdə ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, "British Council"ın ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və təhsil işçiləri iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, Resurs və Təlim mərkəzləri gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üçillik proqramdır. “Resurs və Təlim mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanır.
Diqqətə çatdırılıb ki, "British Council" proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır, Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycanda hazırda 17 ingilis dili mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində Abşeron, Zaqatala, Tərtər və Beyləqan rayonlarında yerləşən məcburi köçkün məktəblərində yeni Resurs və Təlim Mərkəzi yaradılıb. Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17 min 200 gənc üç il ərzində ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq.
Sonra Resurs və Təlim Mərkəzinin müəllimləri dərs nümunəsini nümayiş etdiriblər. |
|
23.01.2020 | 18:45 | |
|
|
|