Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış keçirilib

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin  imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib.

 

BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri,Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri ilə əvvəlcə müzakirələr aparan rektor Elçin Babayev mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələblərinin nəzərə alındığını, bütün texniki-təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini, imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını və fakültə dekanları, kafedra müdirlərinin qarşısında konkret vəzifələr qoyulduğunu bildirib.

 

Sonra proses iştirakçıları sessiyanın gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən imtahan Qərargahının fəaliyyəti ilə də tanış olublar. 

 

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar imtahan keçirilən auditoriyalarda olub və imtahanların gedişini izləyiblər. Eyni zamanda, monitorinq otağında auditoriyalara kameralar vasitəsilə baxış keçirilməsi prosesi ilə də tanış olublar. Onlar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir ediblər.

 

Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan, Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

 

İmtahan prosesində, eyni zamanda, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,  “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, mektebgushesi.az saytının baş redaktoru Məzahir Məmmədli, o cümlədən təhsil eksperti Kamran Əsədov da iştirak edib.



24.01.2020 | 14:38