“Judo Club 2012”nin yetirmələri beynəlxalq yarışlarda

“Judo Club 2012” nin yetirmələri beynəlxalq yarışlarda yüksək nəticələr nümayiş etdirirlər. Xorvatiyanın Samobor şəhərində yeniyetmə və gənclər arasında karate üzrə 29-cu beynəlxalq Qran-Pri turnirində Azərbaycan komandasının tərkibində klubun iki karateçisi Abbas Dadaşov (68 kq) və Fərid Ağayev (76 kq) də mübarizə aparıblar.

 

A.Dadaşov kumite üzrə 16-17 yaşlı idmançıların yarışında bürünc medala sahib olub. Bu turnir fevralın 7-9-da Budapeştdə keçiriləcək yeniyetmə və gənclərin Avropa birinciliyinə sonuncu seçmə hazırlıq yarışı olub. Azərbaycan çempionatında ikinci, seçmə görüşlərdə isə birinci yeri qazanan A.Dadaşov Xorvatiyada da  qitə birinciliyinə vəsiqə alıb.

 

Qran-Pri turnirində yarımfinala qədər irəliləyən klubun digər təmsilçisi Fərid Ağayev isə həm Azərbaycan çempionatının, həm də seçmə görüşlərin qalibi kimi qitə birinciliyində iştirak  etmək hüququ qazanıb.

 

Məlumat üçün bildirək ki, klubun karateçiləri növbəti uğuru 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə qazanıblar. Gənclərin fiziki hazırlığı, mübarizə ruhu, döyüşkənlik məharəti nümayiş olunan bu önəmli yarışların  təşkilatçıları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay” karate klubudur. Onların təşkilatçılığı ilə keçirilən  yarışlarda uşaq, yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar. Beynəlxalq turnirdə inamla mübarizə aparan “Judo Club 2012”nin yetirmələri yarışı 1 gümüş və 2 bürünc medalla başa vurublar. Klubun aktivinə yeganə gümüş medalı 12-13 yaşlı idmançılar arasında mübarizə aparan Ramazan Əlizadə (40 kq) yazdırıb. Bu yaş kateqoriyasında 35 kiloqram çəki dərəcəsində yarışan Hüseyn Muxtarzadə isə bürünc medala layiq görülüb. Daha bir bürünc medala 14-15 yaşlı idmançıların yarışında qüvvəsini sınayan Rəsul Abbasov (52 kq) sahib olub.

 

Sifai SƏFƏROVA



23.01.2020 | 17:25