Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyası izlənilib

Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib. Mediaturda Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, təhsil eksperti Kamran Əsədov, KİV-nümayəndələri və digər şəxslər iştirak edib.

 

Universitetin rektoru, professor Nurlana Əliyeva BSU-da həyata keçirilən mədəni-kütləvi tədbirlər, respublika və beynəlxalq miqyaslı elmi konfranslar, tədris və imtahan prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, insan resurslarının inkişaf etidirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, ikili diplomların tətbiqi ilə bağlı xarici universitetlərlə aparılan iş, eləcə də imtahan sessiyasına hazırlıq barədə geniş məlumat verib.

 

Rektor deyib ki, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinə operativ baxılması məqsədilə 15 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.  Qərargahda universitet rəhbərliyi, valideyn şuraları, tələbə ictimai təşkilatları, Mətbuat Xidmətinin nümayəndələri təmsil olunur.

 

Bundan başqa, ayrı-ayrı fakültələrdə yaradılmış Apelyasiya komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinə yenidən baxılması məqsədilə universitetdə ayrılıqda 12 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb. Eyni zamanda imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli şəkildə tərtib edilməsi üçün BSU-nun I tədris binasında 7, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac yarandığı təqdirdə Apelyasiya Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub.

 

Bildirilib ki, yazılı imtahanların nəticələri növbəti gün, şifahi imtahanların nəticələri isə imtahanda elan edilir. İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. İmtahanların keçirildiyi auditoriyalar tam hazırlıqlı vəziyyətə gətirilib, müşahidə kameraları quraşdırılıb. Auditoriyalardakı “ağıllı lövhələr”də imtahanlarla bağlı məlumatlar öz əksini tapır. Tələbələrin müraciətlərinin araşdırılmasına yoxlayıcı müəllimlərlə yanaşı, fənni tədris edən müəllimlər də cəlb edilir ki, bu da qiymətləndirilmənin obyektiv olması məqsədini daşıyır.

 

Rektor imtahan sessiyası ərəfəsində hər bir tədris ilinin tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini, məsləhət saatlarının keçirildiyini bildirib.

 

Sonra mediatur iştirakçıları İmtahan Qərargahının və Apelyasiya Komissiyasının fəaliyyəti ilə tanış olublar. Media nümayəndələrinə komissiyanın və qərargahın iş prinsipləri, tətbiq olunan yeniliklər, müraciətlərin qəbul edilməsi, cavablandırılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

 

Mediatur iştirakçıları imtahanlar keçirilən auditoriyalara baş çəkərək  imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, “ağıllı lövhələr”in də iş prinsipləri ilə tanış olublar.

 

Mediatur iştirakçıları ilə söhbət zamanı tələbə-gənclər şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər.

                                                                          

Niyazi RƏHİMOV



17.01.2020 | 16:06