“Ağıllı” göz qiymətli muzey eksponatlarını qoruyacaq | |
Bu günlərdə rusiyalı mütəxəssislər Samara İncəsənət Muzeyində kompüter görməsi ilə işləyən mühafizə sistemini sınaqdan keçiriblər. O, Rusiya muzeylərində təqdim olunan qiymətli eksponatları etibarlı şəkildə qoruya bilir.
Eksponatların mühafizə edilməsi məqsədilə yaradılan “ağıllı” göz sistemi güclü süni intellektə əsaslanır. Sistem video görüntüləri müşahidə kameralarından qəbul edərək təhlil edir və şübhəli vəziyyət aşkar etdiyi zaman dərhal təhlükəsizlik işçilərinə məlumat verir.
Mütəxəssislərin fikrincə, muzeylər “ağıllı” gözdən istifadə edərək dəyərli rəsm əsərləri və digər əvəzolunmaz eksponatların oğurlanması kimi xoşagəlməz hadisələrin qarşısını ala biləcəklər.
“Muzeylər üçün “ağıllı” təhlükəsizlik sistemi” layihəsinin texniki direktoru Mixail Milyutkinin söylədiyi kimi, süni intellekt mühafizə kameralarından daxil olan video axını təhlil edir və şübhəli məqamları ortaya çıxarır.
“Ağıllı” göz sistemi nəinki muzeyləri qorumağa, həmçinin istənilən ictimai məkanı və iaşə obyektini nəzarətdə saxlamağa qadirdir. Çevik sistem konfiqurasiyası ondan, hətta terror hücumlarının qarşısını almaq məqsədilə də istifadə etməyə imkan verir.
www.planet-today.ru saytının məlumatına görə, adıçəkilən sistem qatar stansiyalarında və hava limanlarında qalan şübhəli əşyaları da tapa bilmək qabiliyyətinə malikdir. |
|
20.01.2020 | 11:51 | |
|
|
|