Məktəblilərin “Nəsimi ili”nə töhfəsi: “MƏNƏM”

Zəng çalınır.

 

Gənc Tamaşaçılar Teatrının gecə ulduzlu səmanı xatırladan pərdələri aralanır.

 

Teatrın zalı doludur. Təhsil ictimaiyyətinin bir çox nümayəndələri burdadır: Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, nazirliyin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri... Hər kəsi bir araya toplayan məram bəllidir. Hamı Nəsimi fəlsəfəsinin işığına toplaşıb.

 

“Nəsimi ili”ndə

 

Başa vurduğumuz 2019-cu il Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin  adı  ilə  bağlandı.  Bütöv  bir  il  650  illik  yubileyi  dövlət  səviyyəsində qeyd edilən şairə həsr olundu.  Bu  qərar verilərkən də böyük söz ustadının milli-mənəvi dəyərlərin təbliğindəki rolu nəzərə alındı.

 

“Ötən il ictimai-siyasi həyatda olduğu kimi, ölkəmizin mədəni həyatında da yaddaqalan hadisələrlə dolu oldu. Belə hadisələrdən biri də məhz 2019-cu ilin “Nəsimi ili” elan olunması idi”, - deyə çıxışına başlayan Təhsil naziri ötən bir ilə belə qiymət verdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şairin 650 illik yubileyi münasibətilə “Azərbaycanımızı yaşıllaşdıraq” devizi altında başlayan kampaniyaya toxundu. Təhsil işçilərinin də bu prosesdə fəal iştirak etdiyini, 650 minə yaxın ağac əkdiklərini söyləyən nazir vurğuladı ki, Nəsiminin milli mənəviyyat xəzinəmizdə  özünə  layiq  yer  tutması  ötən əsrin 70-ci illərinə təsadüf edib. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub, şairin adının əbədiləşdirilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilib.

 

Nəsiminin əsərləri təhsilin bütün pillələrində geniş tədris olunur

 

Təhsil naziri çıxışında “Humanizmin bənzərsiz carçısı” adlandırdığı Nəsiminin gənc nəslin yetişməsindəki roluna geniş yer ayırdı. Bildirildi ki, İmadəddin Nəsimi yaradıcılığı gənc nəslin, sadəcə Azərbaycan milli məfkurəsi, milli-mənəvi dəyərlər deyil, həm də ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasında əsas ədəbi və fəlsəfi qaynaqlardan biridir: “Ümumdünya mədəniyyət xəzinəsində qızıl hərflərlə özünə yer almış İmadəddin Nəsimi qüdrətli söz ustası, şərqin zəngin mədəni sərvətləri üzərində ucalan möhtəşəm şair, filosof kimi Azərbaycan ədəbiyyatının mühüm mərhələsini təşkil edir. Nəsimi öz poeziyasında hər zaman insan şəxsiyyətinin əzəmətini tərənnüm edib. Yeni fikir və deyim tərzi ilə anadilli poeziyamızı zənginləşdirib, Azərbaycan dilinin inkişafına böyük töhfələr verib. Böyük  Nəsiminin  yaşayıb-yaratdığı dövrdən 600 ildən artıq bir müddət keçməsinə baxmayaraq, əsərləri təhsilin bütün pillələrində geniş tədris olunmaqla müasir dövrdə gənclərin formalaşmasında, onların inkişafında böyük bir xəzinədir”.

 

Məktəblilər “Nəsimi ili”nə yaddaqalan iz buraxdı

 

Beləliklə, “Nəsimi ili” başa çatdı. Hələ kiçik yaşlarından Nəsimi ilə tanış olan, onun şeirləri ilə böyüyən, fikirləri ilə aydınlanan, fəlsəfəsi ilə yetişən nəsil heç kimdən geri qalmadı. “Nəsimi ili”nə öz prizmasından yanaşdı. Böyük şairlə bağlı öz kiçik dünyalarında bəslədikləri düşüncələrini sinif otaqlarında yazıb, lövhə qarşısında məşq edib, kiçik səhnələrdə valideynlərinə, müəllimlərinə təqdim etdilər. Nəticədə ötən il, demək olar ki, hər təhsil müəssisəsində yubiley ilinə həsr edilən silsilə tədbirlər - ədəbi-bədii gecələr, müsabiqələr, elmi-praktik konfranslar, şagirdlər arasında bu mövzuya həsr olunan intellektual yarışlar, ədəbi-bədii kompozisiyalar, tamaşalar, “dəyirmi masa”lar keçirildi. Həmin tədbirlərdən ən yaddaqalanı, peşəkar səhnələrə qədər gəlib çıxanı akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin ifasında “Mənəm” tamaşası oldu. Budur, liseyin IX, X və XI sinif şagirdlərinin iştirakı ilə həmin təhsil müəssisəsinin Dram dərnəyində qurulan “Mənəm” tamaşası Təhsil Nazirliyinin “Nəsimi ili”nə yekun vuran son tədbirində də səhnədədir.

 

İndi səhnə məktəblilərindir.

 

Ağ-qaranın ahəngi

 

Qaranın fonunda ağ sadə geyimli insanların ortasında hərəkət edən varlıq. Sanki qalxmağa çalışır. Deyəsən, “Zərrə mənəm, günəş mənəm” deyən şagirdi bu, zərrəsindən yaranır. Bəlkə o soyulmuş, yandırılmış, doğram-doğram edilmiş sözdür, küllərindən yenidən doğur?

 

Səhnədə söz ustalarıdır. Dövrü, zəmanəni sözlə əks etdirirlər. Nəsimi də onların arasındadır. Ağ, sadə geyimli bu zümrə tamaşaçıya yaxşı tanışdı. Sonra ağların içinə qaralar qarışır. Qara geyimli cəngavərlər əllərindəki qılıncla sözü kəsməyə hazırdır.

 

Elmin, inkişafın, insan azadlığının rəngi ağ, cəhalətin, geriliyin, azad sözü boğanların rəngi isə qaradır.

 

Söz Nəsiminin olsa da, səs bir məktəblinindir

 

Beləliklə, səhnədə insan şəxsiyyətinin əzəmətini, insana məhəbbət, şəxsiyyətin azadlığı kimi bəşəri dəyərləri tərənnüm edən Nəsimiyə qarşı insanı əzən, cəhaləti, geriliyi mühafizə edən qara geyimli qara qüvvələrin mübarizəsi başlayır. Nəsiminin cəhalətə qarşı mübarizəsi məktəbli yanaşması, məktəbli dili ilə təqdim edilir.

 

Sona qədər səhnəni izləyən tamaşaçı bəzən sual qarşısındadır, onlar həqiqətənmi məktəblidir? Yoxsa tamaşanın baş qəhrəmanlarını oynamaq üçün aktyor dəvət olunub? Şübhə üçün heç bir əsas yoxdur. Söz Nəsiminin olsa da, səs bir məktəblinindir. Bu Nəsimi bir məktəblidi.

 

“Mənəm” tamaşasında baş qəhrəmanı - İmadəddin Nəsimini canlandıran Əli Əhmədov özü də ən az tamaşaçısı qədər çaşqındı. Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi üçün dönüb birdən-birə Nəsimi olmaq, Nəsimi ömrü yaşamaq, özünü Nəsimi kimi hiss etmək, Nəsiminin sözlərini çatdırmaq elə də asan görünmür. Necə asan ola bilər ki? Axı, Nəsimi onun səhnədə yaratdığı ilk obrazdı: “Həm qəribə, həm də maraqlı idi. Oyun vaxtı bəzən böyük şairi oynadığımı düşünür, bu fikir ağlıma gəldikcə qəribə hisslər keçirirdim”.

 

Tamaşadan sonra keçirdiyi hissləri bölüşən məktəbli Nəsimini səhnədə niyə məhz onun canlandırdığını belə izah edir: “Nəsiminin duyğularını hiss etdirə bildiyimi düşünüb məni seçdilər. Kənardan baxanlar belə hesab edirdilər. Özüm də hesab edirəm ki, pis deyildim”.

 

“Biz o dəryada öz yolumuzu tapmağa çalışdıq”

 

Səhnədəki iş respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü Bəhruz Vaqifoğluna aiddir. O, 5 ildir ki, akademik Zərifə Əliyeva adına liseyin dram dərnəyinə rəhbərlik edir. Artıq silsilə tamaşalar hazırlayıblar. “Mənəm” də həmin tamaşalardan biri oldu. B.Vaqifoğlunun fikrincə, “Nəsimi ili” Nəsimi yaradıcılığına müraciət etmək, böyük şairin həyatından bəhs etmək üçün onlara imkan verdi: “Nəsimini qurmaq mümkün deyil. Biz o dəryada öz yolumuzu tapmağa çalışdıq. Nəsimini necə görürük, onun yaradıcılığına necə yanaşırıqsa, elə o cür də təqdim etdik. Ölkəmizdə çox sevilən, hər zaman baxılan “Nəsimi” filmində gördüyümüz ssenaridən istifadə etmədik. Geyimlərimizdən tutmuş ssenarimizə qədər hər detal öz yanaşmamız, öz baxışımız, öz təşəbbüsümüz idi”.

 

B.Vaqifoğlu deyir ki, tamaşada istifadə edilən geyimlərin rəssamı özüdür. Onun tərtib etdiyi geyimləri Gənc Tamaşaçılar Teatrının dərzisi tikib. Rejissor tamaşasının ilk səhnəsindən diqqət çəkən ağla-qaranın ahəngini bu rənglərlə daha çox fikir söyləmək, daha böyük məna ifadə etmək mümkün olması ilə izah edir: “Pantamimo” teatrının aktyoru olduğum üçün qara rəngi xüsusilə sevirəm. Bəzən bu sevgim mənə problemlər də yaşadır. Ancaq mənim fikrimcə, qarada təsəvvürlərimizi həyata keçirir, xəyallar qururuq. Qara üzərində böyük bir dünya qurmaq mümkündür. Biz də bu gün qara boşluq üzərində istədiyimizi qurduq, səmada da olduq, səhraya da düşdük, dağın  ətəyində, qalada müxtəlif şəraitlər yaratdıq, edam səhnəsi canlandırdıq. Musiqi, işıq və  oyunun hesabına istədiyimiz təsəvvürü yaratdıq. Rənglərlə, bəzəklərlə diqqəti yayındırmadan bütün fikri Nəsimiyə, onun dahiyanə fikirlərinə yönəltməyə çalışdıq”.

 

İstəklərinə nə dərəcədə nail olduqlarını tamaşanın qazandığı uğur da təsdiq edir. “Mənəm” tamaşası akademik Zərifə Əliyeva adına liseydə hazırlansa da, öz səhnələri olmadığından, tamaşanı ötən ilin yanvarında Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin səhnəsində oynayıblar. Tamaşa o qədər bəyənilib ki, Təhsil Nazirliyinin “Nəsimi ili” ilə bağlı yekun tədbirinə də daxil edilib.

 

Tamaşa üzərində B.Vaqifoğlu ilə yanaşı, İlham Nəzərov və Nigar Hüseynova da işləyib. İlham Nəzərov Nəsimi şeirlərindən fars, ingilis, rus dillərində və ana dilimizdə məktəblilərin ifa etdiyi kompozisiya üzərində işləyib. Rəqsləri isə dərnəyin rəqs müəllimi Nigar Hüseynova  hazırlayıb.

 

Nəsiminin söz dəryasından pay götürənlər

 

Beləliklə, Gənc Tamaşaçılar Teatrının səhnəsində “Mənəm” tamaşası başa çatır və “Nəsimi ili”ndə məktəblilərin ortaya qoyduğu ən yaxşı işlərdən biri olur. İl də, tamaşa da başa çatsa da, məktəblilər Nəsiminin söz dəryasından hələ çox su içəcək, bu qaynaqdan bundan sonra da bəhrələnəcəklər.

 

Ruhiyyə DAŞSALAHLI



17.01.2020 | 10:19