Könüllülüyün təntənəsi ili

Son illər ölkəmizdə həyata keçirilən bir sıra irimiqyaslı tədbirlər Azərbaycan gənclərinin xüsusi fəallığı ilə müşayiət olunur. Cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər həm də Azərbaycan gəncliyinin mütəşəkilliyini, səriştə bacarığını, əzmini, intellektual səviyyəsini bariz şəkildə nümayiş etdirir.  Gənclərimizin  könüllü olaraq yaxından iştirak etdiyi bu tədbirlər cəmiyyətdə ona ciddi rəğbət qazandırıb. Ölkə və beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərin - “Eurovision” Mahnı Müsabiqəsinin, birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının uğurla keçirilməsində könüllülərimizin də əməyi, fəaliyyəti danılmazdır. Könüllülük gənclərimiz üçün  vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyinin bariz nümunəsinə çevrilib. Təsadüfi deyildir ki,  ölkə başçısı İlham Əliyev ötən il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında gənclərin könüllülük hərəkatında roluna yüksək qiymət verib: “Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır”.

 

Elə bunun nəticəsidir ki,  Prezident  İlham Əliyevin müvafiq sərəncamına əsasən  2020-ci il ölkəmizdə “Könüllülər  ili” elan olunub.  Azərbaycanın dünya könüllülük hərəkatında layiqli təmsil olunmasında  uğurlu fəaliyyəti ilə seçilən  gənclər təşkilatları tərəfindən bu qərar  böyük  ruh yüksəkliyi ilə qarşılanıb.  Könüllülərimiz onlara göstərilən bu yüksək etimadı doğruldacaqlarını vəd edirlər. 

 

 

 

Azərbaycanda könüllülər hərəkatının ön sıralarında yer alan Təhsil Nazirliyinin “Bir” Tələbə könüllüləri də dövlət başçısının bu qərarından məmnundur.  Bu barədə  “Azərbaycan müəllimi” qəzetinə verdiyi açıqlamasında  “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri  Canoğlan İlyasov  bildirib.

 

 

 

 

“Bir Könüllü komandası üçün qürurverici qərar”

 

- Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2020-ci ilin ölkəmizdə “Könüllülər ili”  elan olunması haqqında imzaladığı Sərəncamda Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının qeyd olunması, ölkə başçısı və digər dövlət qurumları tərəfindən fəaliyyətimizin, könüllü gənclərimizin təşəbbüslərinin yüksək səviyyədə dəyərləndirilməsi Bir Könüllü komandası üçün qürurvericidir. Sərəncam Azərbaycan gəncliyi və könüllülərimizin inkişafına, gələcəyə inamlı addımların atılmasına, böyük təcrübə ilə milli və sağlam ruhda inkişaf etməsinə dəstək verəcək. Düşünürəm ki, imzalanan sərəncama əsasən il ərzində görüləcək işlər və həyata keçiriləcək tədbirlər könüllü gəncləri əhatə edən beynəlxalq səviyyəli Baku 2015 Avropa Oyunları, İslam oyunları, Grand Prix və yerli səviyyədə tərəfimizdən həyata keçirilmiş könüllülük festivalları, aksiyaları kimi irimiqyaslı və könüllülərimiz üçün önəmli olacaq. Bu qərar gənclərimizə, könüllülük hərəkatına mühüm töhfələr verəcək.

 

Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.  Biz də gənclərimizin inkişafı üçün daim çalışır və onlar üçün daha yaxşı şərait yaradırıq. Bu qərar gələcəkdə bizə daha yaxşı imkanlar yaradacaq. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi dövlətimizin, Prezidentimizin gənclərə diqqət və qayğısının nəticəsidir.

 

Hazırda könüllülərimizlə bağlı bir çox planlarımız var. Bildiyiniz kimi, 23000 minlik könüllü bazamız var və istəyirik ki, keçirdiyimiz tədbirlər bütün könüllüləri və  onların maraq dairələrini əhatə etsin. Ən böyük hədəflərimizdən biri inklüziv, fiziki məhdudiyyətli tələbələri könüllülüyə cəlb etmək, onları digər tələbələrdən ayırmamaqdır. Proqramda inklüziv tələbə-könüllülərimiz olsa da, onların sayını artırmaq və daha geniş əlaqə yaratmaq istəyirik.

 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı 14 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır. “Bir” Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Masallı, Lənkəran, Şamaxı, Ağdam, Göyçay, Quba şəhərlərində yerləşən 26 ali təhsil və 18 orta ixtisas təhsil müəssisələrini əhatə edir.  Proqram yalnız bakalavr, magistr və ya orta ixtisas səviyyəsində təhsil alan tələbələrə aid edilir. Proqramın fəaliyyətinin əsasını tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə dəstək ilə yanaşı, onların beynəlxalq arenaya çıxışının təmin edilməsi və inkişaf etdirilməsi təşkil edir.

 

Tələbələrin asudə vaxtlarını səmərəli edən, onların müxtəlif tədbir və təlimlərdə iştirakına imkan verən, tələbələri yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsinə cəlb edən “Bir” Tələbə-Könüllü Proqramı 6 müxtəlif istiqamətdən - Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al-dan ibarətdir. Qeydiyyatdan keçmiş tələbə - könüllülər müəyyən istiqamət çərçivəsində həyata keçirilən fəaliyyətdə iştirak edə bilər. Qeyd edilən istiqamətlər tələbə-könüllülərin təhsil mühitinin yaxşılaşdırılması, geniş imkanların yaradılması, ictimai fəallığın təmin olunmasına xidmət edir.

 

“BİR” ilə bir-birindən maraqlı layihələr, təcrübə proqramları və tədbirlər tələbəyə arzuladığı bilik və bacarıqları əldə etməyə, tələbələrə və digər insanlara yardım əlini uzatmağa imkan yaradacaq.

 

“Bir” Tələbə-Könüllü Proqramının  məqsədləri aşağıdakılardır: Tələbələr arasında könüllülüyün təbliği;  Tələbə - könüllülərin dünyagörüşünün artırılması; Tələbə - könüllülərin şəbəkələşməsinin təmin olunması;  Tələbə - könüllülərin irimiqyaslı tədbirlərdə iştirakı.

 

Proqram 15 dövlət qurumu, 20 beynəlxalq və yerli təşkilat, 10 biznes qurumu ilə tərəfdaşdır. 

 

Qeyd edək ki, dekabrın 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan “Azərbaycan Tələbə Könüllülərinin Forumu - 2019” keçirilib. Tədbirdən əvvəl Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Forumun keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına yardım etməkdən ibarətdir. Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, 400-dən çox tələbə-könüllü iştirak edib. “Bir” Tələbə-Könüllü Proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf  Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

 

“Könüllülük ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayacaq”

 

Yarandığı dövrdən  bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) da  ölkəmizdə könüllülük hərəkatının fəal iştirakçısıdır.

 

Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova da  2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasını çox yüksək qiymətləndirir:

 

- 2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycanda Könüllülük fəaliyyətinin inkişafında və bu hərəkatın bütün respublika ərazisində daha geniş vüsət almasında mühüm rol oynayacaq. Cənab Prezident İlham Əliyevin dekabrın 30-da imzaladığı “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam ölkədə könüllülük fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Bu sərəncam Azərbaycan Respublikasının vətəndaşlarında və xüsusən də gənclərdə sosial məsuliyyət hissinin  formalaşmasına, onların fərdi və sosial inkişafları üçün aktiv çalışmasına, görülən işlərin səmərəliliyinin artırılmasına, o cümlədən gənclərin yaşadıqları mühitdə və bu mühitdən kənarda öz potensial bacarıqlarını ən yüksək səviyyəyə çatdırmasına təkan verəcəkdir.

 

Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib.  Könüllülük Həftəsində ölkəmizdə könüllülük hərəkatının gücü və perspektivləri nümayiş etdirilib. Belə ki, Azərbaycan kimi gənc respublikada könüllülük və sosial rifah yolunda görülən işlər, əldə edilən nəticələr təqdirəlayiqdir. “Könüllülər ili” ərzində də bu işlər artırılacaq və daha çox insana xidmət edəcəkdir. Bu işlərdə sıralarımıza qoşulan könüllülərin əməyi əvəzsizdir.

 

Məryəm Məcidova  qeyd edir ki,  ARGTMŞ ölkədə gənclər təşkilatlarının vahid koordinasiya mərkəzi olmaqla gənclər təşkilatlarının rabitəli inkişafında və sosial fəaliyyətlərinin genişləndirilməsində vacib rol oynayır və könüllülük hərəkatının geniş vüsət almasında gəncləri daim dəstəkləyir. “Könüllülər ili” kimi qeyd olunan 2020-ci il ARGTMŞ üçün yeni könüllülərin cəlb olunmasında əsas ilham mənbəyi olaraq könüllülük fəaliyyətinə istiqamətlənmiş daha çox layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

 

Onu sözlərinə görə,  Könüllülük özlüyündə həm də həmrəyliyin bariz nümunəsidir. Belə ki, könüllülük ətrafındakı şəxslərə və sosial fəaliyyətə edilən, dayanıqlı inkişaf məqsədi güdən köməkdir.

 

Cənab Prezident İlham Əliyevin xüsusi olaraq dediyi kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN,  “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

 

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

 

Könüllülük, vacib sosial bacarıqları inkişaf etdirərək cəmiyyətimizə qayğı göstərmək və eyni zamanda dəyərli iş təcrübəsi qazanmağın bir yoludur. Bu yolda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi mühüm sosial məna kəsb edir. Azərbaycan Respublikasının bütün vətəndaşları bu hərəkata qoşulmaqla arzuladıqları hədəfə çatmağa daha da yaxın olacaqlar.

 

“Könüllülər ili” Azərbaycan cəmiyyətində bir çox stereotipləri qırmağa xidmət edəcək. Eyni zamanda könüllülük hərəkatı ölkəmizin sosial-iqtisadi həyatında daha mühüm rol oynayacaq.

 

Sonda qeyd edək ki, 2020-ci il gənclərimiz üçün könüllülüyün təntənəsinə çevriləcək, milli dəyərlərimizin bütün dünyada tanıdılmasında, həmrəyliyimizin möhkəmləndirilməsində hər bir gəncin şərəf işi olacaq.

 

Oruc MUSTAFAYEV



17.01.2020 | 09:10