Naxçıvan Müəllimlər İnstitutu ötən ilin hesabatını verib

Naxçıvan Müəllimlər İnstitutunda ötən il görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

 

İnstitutun prorektoru Azad Novruzov  bildirib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında   digər sahələrlə yanaşı, təhsilə göstərilən diqqət və qayğı nəticəsində Naxçıvan Müəllimlər İnstitutunun formalaşdırılması, yüksək elmi-pedaqoji kadr potensialının artırılması, günün tələblərinə uyğun yeni ixtisasların açılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin yaradılması və inkişaf etdirilməsi  istiqamətlərində görülən işlər 2019-cu ildə də davam etdirilib.

 

2018-ci ildə institutun yeni tədris korpusunun tikilib istifadəyə verilməsi nəticəsində 2019-cu ildə tələbə qəbul planı artırılıb, üç yeni ixtisasa (İngilis dili müəllimliyi, Tarix müəllimliyi, Psixologiya)  qəbul aparılmaqla, bakalavr səviyyəsində kadr hazırlığı aparılan ixtisasların sayı on birə çatdırılıb. Yaradılan şəraitə görə növbəti tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul planının 370-dən 430-a qaldırılması, əvvəlki ixtisaslarla yanaşı, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “İnformatika müəllimliyi”, “Musiqi müəllimliyi”, “Texnologiya müəllimliyi”, “Fizika müəllimliyi” ixtisasları da qəbul planının layihəsinə əlavə olunub. Növbəti tədris ilindən magistratura səviyyəsi üzrə də əvvəlki ixtisaslarla yanaşı, “ Riyaziyyat müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarına qəbul aparılması planlaşdırılıb.                                                                                       

         

İlk dəfə olaraq 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığının aparılmasına icazə verilib, 5 ixtisas üzrə 10 yerə qəbul elan edilib.

        

2019-cu ildə payız və yaz semestrlərinin müvəffəqiyyət və keyfiyyət göstəricilərində  artım müşahidə olunub.

        

2019-cu ildə elmi-tədqiqat və innovasiya fəaliyyəti sahəsində uğurlar əldə edilib.  Hesabat ilində 87 əməkdaş 87 mövzu üzrə elmi-tədqiqat işi aparıb, elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti mütəmadi olaraq kafedralarda müzakirə olunub.  2019-cu ildə institut  əməkdaşlarının çap olunan  kitab, kitabça, monoqrafiya, məqalə, tezislərinin sayı, ümumilikdə 384 olub. 2019-cu ildə elmi-metodiki məqalələrlə yanaşı,  əməkdaşların ənənəvi və elektron mətbuatda 200-dən artıq çıxışları olub.

 

Hesabat ilində 5 respublika  və regional səviyyəli konfrans keçirilib. İnstitut səviyyəli elmi konfransların sayı 12 olub. Tələbələrin elmi-tədqiqat fəaliyyəti diqqətdə saxlanılıb, 149 tələbə TEC xətti ilə iş aparıb, aralıq və yekun konfranslar keçirilib.

        

Sonra  milli-mənəvi dəyərlərin təbliği, ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi, ümumtəhsil məktəbləri ilə əlaqələrin genişləndirilməsi, əməkdaşların ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, tədrisin keyfiyyətinin artırılması, elmi araşdırmaların səmərəliliyinin artırılması, beynəlxalq proqram və layihələrdə iştirakı və s. özündə əks etdirən 2020-ci ilin iş planının müddəaları nəzərdən keçirilib.



14.01.2020 | 17:35