Süni intellektin fəlsəfəsi: metaforadan gerçəkliyə doğru

Geniş miqyasda götürsək, fəlsəfənin predmeti ilə bağlı xeyli  yanlış təsəvvürlər var. Bilirsiniz ki, müxtəlif fəlsəfi doktrinlərin yaradıcısı olan filosoflar hər şeydən öncə maraqlı, mənalı və gözəl səslənən deyimləri ilə tanınırlar. Yəni aforizmləri ilə. Hətta tutaq ki, Kantın təlimi ilə tanış olmayan, bəlkə də onun təlimini qəbul etməyən bir nəfər həvəslə bu filosofdan sitat gətirə bilir. Ona görə də adamlarda belə təsəvvür var ki, ağıllı, mənalı, dərin duyğulu, ciddi həyati mətləbləri özündə ifadə edən istənilən fikir və söz fəlsəfədir. Bəli, belə fikirlərdə də fəlsəfi məqamlar tapmaq olar. Amma bundan çıxış edib demək olmaz ki, fəlsəfə istənilən bir mövzu ilə istədiyi kimi məşğul ola bilər. Təəssüflər ki, təhsilli adamlar da bəzən fəlsəfənin hər şeylə məşğul olduğunu düşünür. Hətta bunu fəlsəfənin üstünlüyü kimi şərh edirlər.

 

Bu, yanlış  təsəvvürdür. Fəlsəfənin predmeti hüdudsuz və şərtsiz deyil. Fəlsəfi təlimlər və biliklər üçün başlıca şərt odur ki, onlar elmi biliklərin bitdiyi yerdə başlayır, elmin cavab verə bilmədiyi suallara cavab verir, lakin necə gəldi davam edə bilmir, necə gəldi cavab vermir. Fəlsəfə mif deyil, din deyil, poetika deyil. Fəlsəfə suallara elmi biliklərin təkzib edə bilmədiyi şəkildə cavab verir. O sualın ki, cavabı fizikada, biologiyada, tutaq ki, informatikada var, o, artıq fəlsəfə deyil. O fəlsəfi təlim fizika, biologiya, kimya və ya digər elmlərlə ziddiyyət təşkil edir. O da fəlsəfi deyil.

 

İndi sual oluna bilər ki, bir halda riyaziyyat, tətbiqi riyaziyyat, proqramlaşdırma, onun əsasında duran alqoritmlər süni intellekti yaradırsa, bu yaranış prosesini dəqiq olaraq icra edirsə, burada fəlsəfənin nə işi ola bilər? Söz xatirinəmi fəlsəfə bu prosesə qoşulur? Kənardan şərhçilikmi edir? Yaxud, “mən də varam” deyə özünü ortaya atmışmı olur?

 

Xeyr!

 

Fəlsəfə bunu özünə rəva bilməzdi. Bunu özünə rəva bilən filosoflar olsaydı da, onların baxışları fəlsəfə olmazdı?

 

Süni intellektin fəlsəfəsi ona görə var ki, orada hələ cavab verilməyən suallar və narahatçılıqlar var.

 

Nədir bu suallar?

 

1. İlk sual budur: maşınlar doğrudanmı düşünə bilərlər? Hələ də iki yanaşma var və təbii ki, maşınların güclü düşünə biləcəyinə əmin olmayanlar var. Söhbət ağıllı maşınlardan və kompüterlərdən deyil, düşünə bilən maşınlardan gedir.

2. Düşünə bilən maşınlar insan üçün hansı problemləri yaradacaq? Nə qədər əhəmiyyətlidir?

3. Düşünə bilən maşınlarla insan özündən ağıllı varlıqmı yaradır və bununla öz mövcudluğuna yanaşmanı dəyişəcəkmi?

4. Yeni əmək bölgüsü yaranacaqmı və dünya düzənini dəyişirmi?

5. Düşünən maşınlarla bağlı hansı etik problemlər yaranır: onlara mənəvi  münasibət necə olmalıdır?

6. Düşünən maşınlar hər sahədə insanı əvəz edə bilərmi? Məsələn, yaşlılara baxım xidmətində?

 

Aydındır ki, bu kimi suallar yalnız fəlsəfənin öhdəsində qalır, onun predmetinə daxildir.

 

Yeni dünya yaranır və yeni gələcəyin əsası qoyulur. Bir anlığa rasionalizmin yaranmasını təsəvvür edin. “Cogito Ergo sum”, Düşünürəmsə demək, mövcudam. Dekart belə nəticəyə gəldi ki, insan həm düşünən, həm də fəzada yer tutan ikili varlıqdır.

 

İndi isə deyirik ki, maşınlar düşünür. Bəs onların mövcudluğuna nə ad qoyacağıq? Bununla bizim mövcudluq dəyişirmi? Bu suallardan fəlsəfə kənarda qala bilməz. Ona görə də süni intellektin fəlsəfəsi ortaya çıxır və var. Bəli, biz elə maşınlar yaratmışıq ki, çox vaxt bizi özlərinin ağıllı olduqlarına inandırırlar. Bunları görsəydi, Dekart öz zəkasının gücündən heyrətə düşərdi. İnsan ruhu təbii ki, hər hansı kompüter proqramından daha azaddır. Lakin bəziləri düşünürlər ki, biz də elə kompüter proqramları qədər azadıq.

 

Yaxud bunu düşünün: dünənə kimi idrak fəlsəfəsi insanı öyrənirdisə, indi insanın yanında idrakı olan maşınlar, insana bənzəyən robotlar - androidlər var.

 

Ən maraqlısı nədir?! Buna qədər koqnitivizm hesab edirdi ki, insan ətrafa sadəcə mexaniki reaksiya verən bir maşın deyil. İndi isə maşınların düşünməsi ortaya çıxıb. Və bu maşınlar da mif deyil.

 

1. Düşünən maşınların fərqi və yaradacaqları fərq

 

İnsan atı və iti əhliləşdirməklə keçinə bilmirdi, bəlli alətlər də ona qədərində kömək etmirdi. Əkinçilik və heyvandarlıq üçün alət və primitiv maşınlar da bəs etmirdi. Bizə adi gəlməsin bu sözlər. Bunun arxasında dəhşətlər dayanırdı.  Yağmadı yağış, bitmədi qamış - sadəcə bir atalar sözü olsaydı nə vardı ki. XIV əsrdəki Böyük aclıqda indi rifah üçün nümunə göstərilən Almaniyada əhalinin yarısı aclıqdan ölmüşdü. Bəşəriyyət aclığa maşınların köməyi ilə qalib gəldi. Kənd təsərrüfatı üçün vacib maşınların və texnikanın yaradılması hətta o qədər uğurlu oldu ki, kənd təsərrüfatının bolluqdan çökdüyü illər oldu. İkinci Dünya müharibəsindən sonra ABŞ-da məhsulların bolluğu onların satılmamasına və fermerlərin çökməsinə gətirmişdi.

 

Bu maşınlarla biz post-sənaye dövrünə gəldik. Bu dövrə informasiya dövrü də deyirik. Universitetlər başlıca iqtisadi müəssisələrə çevrildi. Mexanikləşmə, elektrikləşmə, avtomatlaşdırma, nəhayət kömpüterləşmə universitetləşmənin yeni töhfəsi oldu. İnternetləşmə və ağıllı maşınlar yarandı. Az zamanda çox irəli getdik.

 

 

Stenford Universitetinin professoru məşhur tarixçi-antropoloq İen Morris bəşəriyyətin tarixini cəmi bir qrafikdə göstərib. Bu qrafikdə bəşəriyyətin sosial inkişaf indeksi tarixlərlə qeyd edilib. Bu göstəricilər tarixi faktlara və amillərə, müasir elmi hesablamalara əsaslanır, mötəbər elmi dairələrdə qəbul olunur. Sadəcə bir iddia deyil. Həmin qrafikdə tarixin son 200 ili kəskin inkişaf dövrüdür. Qrafikdə bu kəskin yüksəlişi ilk baxışdan seçmək olur. Əhalinin sayı artır, amma sosial inkişaf indeksi də artır.

 

 

 

 

 

Tarixin son 200 ilindəki bu fövqəladə yüksəlişi insanlıq maşınlarsız əldə edə bilməzdi.

 

İndi isə insan öz bənzərini yaradır.

 

Ən mürəkkəb və çətin işləri dəqiqliklə, tez və keyfiyyətli həyata keçirən avadanlıqlarla yanaşı, buna qədər əli-ayağı, bədəni-başı, gözləri və səsi olan robotlar vardı.

 

Amma artıq düşünən maşınlarla gələcəyə gedirik.

 

Bəşəriyyətə böyük faydalar vəd edir bu maşınlar. Təkcə İsrailin OrCam şirkətinin qismən və tam görməyən adamlar üçün düzəltdiyi eynək şəxsən məni heyrətə gətirir. Bu eynək əngəlli insana görən adam kimi davranmaq imkanı yaradır. Bu eynək, düşünən maşındır.

 

Heyrət etməmək mümkün deyil. Bəzilərimiz yaşlaşmışıq, universitet yoldaşlarımız qarşıdan gəlsə bizi sifətdən tanımaz, aradan illər keçib. Amma sosial şəbəkələrdəki düşünən alqoritmlər istənilən şəkildən bizi tanıyır, bizə də, çoxdankı yoldaşlarımıza da kim olmağımızı xəbər verir. Bu, fenomenologiyadır.

 

Son 10 ildə fəlsəfə kompüterə müraciət edir ki, bu suala cavab versin. İnsan olmaq nə deməkdir? İsveç filosofu Nik Bostrom hesab edir ki, bizim Kainat və biz özümüz gələcəyin kompüterinin içərisində yerləşirik.

 

Kiberşəxsiyyət anlayışı - hansısa mənada bizim şəxsiyyətimizin bir hissəsi artıq kompüterdə mövcuddur. Sosial şəbəkələr və axtarış sistemləri bizim haqqımızda o qədər informasiya toplayır ki, şəbəkədə mövcud olan unikal şəxsiyyət yaranır.

 

2008-ci ildə personal kompüter saniyədə 10 milyard komandanı verməyi bacardı. 2040-cı ildə maşının beyni nəzəri olaraq 100  trillion komandanı verməyə hazır olacaq. Kompüter ağlının insan ağlı ilə rəqabətə girməsindən nə baş verəcək?

 

Elm, daha doğrusu universitetlər və alimlər, onların yetirmələrinin qurduğu yeni şirkətlər düşünən maşınlara keçməkdədirlər. Hər şey yaxşıya gedir. Lakin bu zaman fəlsəfə xəbərdarlıq etməyə başlayır.

 

Dayanın, doğrudanmı maşınlar düşünə bilər? Daha doğrusu, güclü düşünə bilər? Nə üçün belə düşünürük? Bu şübhələr doğrudanmı var?

 

2. Süni intellekt fəlsəfəsinin əsas tezisi

 

Türinq testləri

 

 

1950-ci ildə Britaniyadan olan məşhur riyaziyyatçı Alan Türinq maşınların düşünə bildiyini yoxlamaq üçün bir test təklif etdi. Müasir kompüterlərin yaradıcılarından sayılan Alan Türinq MİD adlı fəlsəfə jurnalında dərc etdirdiyi məqalədə bu eksperiment üçün iki nəfəri (A və B) və kompüteri seçirdi.  Kompüter və insanlardan biri (A) digərinə görünmürdü. Onların hər ikisi başqa otaqdan ünsiyyət yaradan B-nin suallarına cavab verir və onu çaşdırmağa çalışırdı. Hakim rolunda olan B söhbət etdiklərindən hansının insan, hansının kompüter olduğunu təyin etməli idi. Bu, bir imitasiya oyunu idi. Lakin kompüterlərin də insan kimi düşünə bildiyini yoxlamağa imkan verirdi.

 

 

 

Türinq testləri bu günə qədər də aparılır və yenilənir. Reallıq budur ki, 5 dəqiqəlik testlər zamanı azı 30% hallarda testi keçənlər kompüterlə insanı səhv salır.

 

 

Türinq testləri kompüterlərin insan qədər düşüncəli olduğuna iddia edir. Onun müxtəlif versiyaları var və eyni ənənəyə görə gerçəkləşən sınaqlardan biri də kompüterlərin şahmat oynamasıdır. Kompüterin dünya çempionu H. Kasparovu  udması da bir faktdır.

 

Lakin Türinq testləri ilə razılaşmayanlar da var. Türinq testlərinə qarşı ən ciddi dirəniş Koliforniya Berkli Universitetində çalışan filosof Con Siirlə (John Searle)  məxsusdur.  Con Siirl deyir ki, düşüncə hər hansı alqoritmin çalışmasında olduğu kimi, sadəcə, ardıcıllıqdan ibarət deyil. Və maşınlar insan qədər və ondan güclü düşünə bilməz.

 

Bunun üçün Con Sirrl “Çin otağı” adı alan bir təcrübə həyata keçirib.

 

“Çin otağı”

 

Otağa Çin dilini və heroqliflərini bilməyən, ingilis dilini bilən bir nəfəri qapayırlar. Ona Çin dilində sual göndərilir. Adam Çin dilində bilmir, Çin yazısını da bilmir. Lakin otaqda onun hər işarəyə görə nə edəcəyini bildirən ingiliscə təlimat var. Adam təlimata əsasən suala düzgün cavab tapır və yollayır, həm də Çin dilində. Lakin o, bu prosesin sonunda nə heroqlifləri tanıyır, nə də Çin dilində bir söz bilmir.

 

Con Siirl deyir ki, maşınlar da yalnız təlimatlara əməl edir, onlar güclü düşünə bilməzlər.

 

 

 

Con Siirlin təcrübəsinə qarşı da ciddi arqumentlər səsləndirilib. Bunlardan biri odur ki, alim düşüncə prosesi dedikdə yalnız otaqdakı adamı götürür. Süni zəkada isə hamısı bir yerdədir, təlimatlar da daxil olmaqla.

 

 

Lakin Con Siirldən sonra da başqa sınaqlar və iddialar irəli sürüldü. Odur ki, süni intellekt fəlsəfəsinin əsas hipotezi güclü zəka ideyasıdır. Maşınlar güclü düşünə bilərmi? Maşınların zəif də olsa düşünməsi artıq faktdır və getdikcə bu zəiflik yox olmağa başlayır. Lakin hələ də  əsas sual budur ki, maşınlar güclü düşünə biləcəklərmi?

 

3. Süni intellekt insanı gücləndirir, yoxsa onu maşınların səviyyəsinə endirir?

 

Bir çox filosoflar düşünən maşınların insanlığa təhlükə ola biləcəyini iddia edir. Təhlükə dedikdə, qurğu filmlərində robotların nəzarətdən çıxması kimi hallar nəzərdə tutulmur. Onlar narahatdır ki, robotların insanı əvəz etməsi onun rolunu və dünyada yerini dəyişdirə bilər, əmək bölgüsünü yeni modelə keçirər, insanı müftəxor maşın ağalarına çevirə bilər və s.

 

Lakin digər maşınlar da insanı texnika quldarlarına çevirmədi, sadəcə öz həyatını dəyişməyə imkan verdi. Bu gün süd vəzi xərçəngini müayinə və müalicə edən düşünən maşınlar var. Onlar yalnız fayda verir. Həkimlərin də sevimlisidir, xəstələrin də. Düşünən maşınlar ictimai nəqliyyat vasitələrini sürücülərdən pis idarə etmir.

 

Bu maşınlar sabah üsyan edəcək qullar deyil, onlar insanı gücləndirən və  kiberşəxsiyyətə çevirən dostcanlı maşınlardır.

 

4. Fəlsəfə hökumətlərə çağırış edir

 

1927-ci ildə Ədəbiyyat üzrə nobel mükafatına layiq görülmüş Anri Berqson xəbərdarlıq edirdi: “Əldə olunmuş təcrübə isə əksinə, sübuta yetirirdi ki, texnologiyanın inkişafı cəmiyyətdə yaşayan insanların mənəviyyatının avtomatik yüksəlişi demək deyildir və əgər mənəvi sahədə uyğun nailiyyətlər əldə olunmursa, bəşəriyyətin malik olduğu maddi nemətlər hətta təhlükə təşkil edə bilər. Bizim yaratdığımız maşınlar təbii orqanlarımıza öz funksiyalarını genişləndirməyə imkan verən və beləliklə, insan orqanizminin özünün imkanlarını zənginləşdirən süni orqanlardır. Əgər bədən sağlamdırsa və onun fəaliyyəti nizamlanıbsa, onda ruh da öz növbəsində kamilləşəcək, əks-təqdirdə qarşılıqlı asılılıq ciddi şəkildə pozulacaq və bu, həm sosial, həm də siyasi sferalarda təhlükəli nəticələrə gətirib çıxara bilər”.

 

Bu fikirlərdə böyük həqiqətlər var. Berqson bu nitqini söyləyəndə hələ “süni intellekt” anlayışı elmi dövriyyəyə verilməmişdi.

 

İndi isə filosoflar süni intellekt etikası ilə bağlı problemləri də təhlil edir və öyrənirlər. Hətta robotların hüququ dedikdə heç kim gülmür, heç kim bunu qeyri-ciddi saymır. Təbii ki, düşünən maşınların hər yerdə insanı əvəz etməsi də mənəvi sayılmayacaq. Biz yaşlı və xəstələri, əngəlliləri düşünən maşınların ixtiyarına buraxıb, səyahətə getməyə hazırlaşmırıq. İnsanlar arasında mənəvi bağlar qırılmayacaq. Maşınlar o bağları qorumaq, gücləndirmək üçündür. Onlar bizə yardım edəcəklər.

 

İşin ən ciddi tərəfi isə iqtisadi faydalardır. Hökumətlər məhsuldarlığı artıran, çətinlikləri aradan qaldıran, insanı ağırlıqdan qurtaran vacib sahələrə düşünən maşınları nə qədər tez tətbiq edə bilsələr, iqtisadiyyatı gücləndirmiş olacaqlar.

 

Tədqiqatların, müzakirələrin, elmi konfransların, jurnal məqalələrinin ümumi icmalını hazırladıqda isə görəcəyik ki, hökumətlərə başlıca təklif, bir nömrəli çağırış təhsilə kapitalı artırmaq, təhsili dünya öncüllərinin standartlarına çıxarmaqdır. Öncə təbii intellektdir. Çünki süni intellekti yaratmaq və tətbiq etmək təhsillə mümkündür.

 

Etibar ƏLİYEV,

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru



10.01.2020 | 09:08