“Nəsimi” filminin yaradıcı heyəti 137 nömrəli məktəbdə | |
Bakı şəhəri E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə tərcüməçi şair Sayman Aruz , akademik Teymur Kərimli , millət vəkili Fazil Mustafa , “Nəsimi” filmində Şeyx rolunun ifaçısı , kinorejissor , Xalq artisti Şeyx Əbdül Mahmudov , “Nəsimi” filmində Nəiminin qızı rolunun ifaçısı Xalq artisti Xalidə Quliyeva iştirak ediblər.
Məktəbin direktoru Mətanət Abdullayeva qonaqları salamladıqdan sonra akademik Teymur Kərimli Nəsimi yaradıcılığında humanist, ümumbəşəri ideyalar, şairin poeziyasında dünyəvi və ilahi məhəbbətdən danışıb, özünün “Nəsimi” kitabını məktəbə hədiyyə edib.
Tədbirin aparıcısı, şair Sayman Aruz dahi mütəfəkkirin bədii yaradıcılığının Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə irfan mədəniyyətinin tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətindən danışıb.
Millət vəkili Fazil Mustafa Nəsimi ədəbi məktəbinin sənətkarlıq xüsusiyyətlərindən, şairin yaradıçılığındakı poetikanın gözəlliyindən bəhs edib. Xalq artisti, kino-rejissor Şeyx Əbdül Mahmudov “Nəsimi” filminin çəkiliş tarixindən söhbət açıb.
“Nəsimi” filmində Nəiminin qızı rolunun ifaçısı, Xalq artisti Xalidə Quliyeva filmin çəkilişindən , oynadığı roldan danışıb.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasının müəllim və tələbələri Nəsiminin qəzəllərini ifa ediblər. |
|
29.12.2019 | 16:41 | |
|
|
|