“Tələbələr anlayırlar ki, imtahanların yeganə meyarı bilikdir”

Azərbaycan Dövlət Pedaqoji Universitetin ( ADPU)  Quba filialının Elmi Şurasının genişləndirilmiş  iclası keçirilib.

 

Elmi Şuranın sədri, dosent Yusif Alıyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə kollektivi təbrik edərək, gündəlikdə duran məsələlərin aktuallığı ilə əlaqədar səsvermə keçirib.

 

Gündəlikdə duran I məsələ- 2019/2020-ci tədris ilinin payız semestrinə hazırlığın vəziyyəti ilə əlaqədar olaraq filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov məruzə edib və hazırlığın qənaətbəxş olduğu məlumatlar əsasında təsdiqlənib.


Daha sonra gündəlikdə duran II məsələ- 2019-cu təqvim ilində elmi-tədqiqat işlərinin yekunları ilə bağlı kafedra müdirləri- dosent Gülşən Ağabəy, dosent Güləddin Həmzəyev, tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov çıxış ediblər.

 

Gündəlikdə duran III məsələ- Tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirilən tədbirlər haqqında filialın THİK sədri Aygün Şıxbabayeva, TGT sədri Həcər Seyidəhmədova məlumat verərək  bildiriblər ki,  son 4 ay ərzində filialın tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə  yaradılan xüsusi təyinatlı klubların fəaliyyəti güclənib, tələbələrin yaradıcı işləri, istedadı üzə çıxarılıb, müxtəlif yarışmalarda nəticələr əldə edilib. Qeyd olunub ki, dekabr ayı ərzində  olimpiadanın keçirilməsi, qaliblərin mükafatlandırılması və adlı təqaüdlərin təsis edilməsi  tələbələrin həvəsləndirilməsi, tədrisə motivasiyası üçün filial rəhbərliyi tərəfindən yerində verilən bir  ideya idi.

 

Cari məsələlərlə əlaqədar çıxış edən filialın direktoru, dosent Yusif Alıyev bildirib ki, imtahan prosesi tələbə nailiyyətlərinin obyektiv qiymətləndirilməsi üçün vacibdir və bu prosesin zamanın tələblərinə uyğun, şəffaf, obyektiv aparılması olduqca  mühüm işdir:” Tələbələr artıq semestrin əvvəlindən anlayırlar ki, imtahanların yeganə meyarı bilikdir”.


Sonda əməkdaşların fikir və təklifləri müzakirə olunub.



29.12.2019 | 12:00