Müsabiqələrin qalibləri təltif olunub | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrinin qalibləri təltif olunub.
Mərasimdə BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və qalib komandalar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva qalib komandaları təbrik edib və belə müsabiqələrin keçirilməsinin şagirdlərin istedad və qabiliyyətlərinin inkişaf etdirilməsində, təlimə motivasiyasının yüksəldilməsində mühüm rolu olduğunu bildirib. İlhamə Abdullayeva müsabiqələrin məktəblilərin tədqiqat işlərinə, fizika, kimya və biologiya elmlərinə olan maraqlarının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə keçirildiyini diqqətə çatdırıb. İdarənin müdir müavini sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılmasının vacibliyini qeyd edib.
İ.Abdullayeva istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, məktəblilərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə Təhsil Nazirliyi və BŞTİ tərəfindən il ərzində bir çox müsabiqələr təşkil edildiyini diqqətə çatdırıb. Müdir müavini, həmçinin müsabiqələrdə qalib gələn şagirdlərin hər il ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal topladığını da söyləyib.
Qeyd edək ki, final mərhələsinin nəticələrinə əsasən, gənc fiziklərin yaradıcılıq müsabiqəsində 240 nömrəli tam orta məktəbin komandası I, 83 və 166 nömrəli məktəb-liseyin komandaları II, 312 nömrəli tam orta məktəb və 291 nömrəli Ekologiya liseyinin komandaları isə III yeri tutub. Gənc kimyaçıların yaradıcılıq müsabiqəsində 72 nömrəli məktəb-liseyin komandası I, 55 və 117 nömrəli tam orta məktəblərin komandaları II, 271 və 42 nömrəli tam orta məktəblərin komandaları III yerə layiq görülüb. Gənc bioloqların yaradıcılıq müsabiqəsində isə 312 nömrəli tam orta məktəbin komandası I, 72 nömrəli məktəb-liseyin və 244 nömrəli tam orta məktəbin komandaları II, 191 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.
Müsabiqələrdə qalib gəlmiş komanda üzvlərinə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunub. |
|
28.12.2019 | 14:18 | |
|
|
|