“Sərhədləri birgə aşaq”

Bakıdakı 20 nömrəli məktəb-liseydə “Sərhədləri birgə aşaq” layihəsi çərçivəsində tədbir keçirilib.

 

Layihə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, UNESCO və Azərbaycan  Respublikasının  Milli  Komissiyası, Azərbaycan-UNESCO klublarının birgə təşkilatçılığı ilə  həyata keçirilir. Layihəyə, ümumilikdə 54 nəfər qatılıb.

 

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov ölkəmizdə inklüziv təhsilin tətbiqi və bu sahədə beynəlxalq təcrübədən danışıb.

 

Azərbaycan-UNESCO klublarının koordinatoru Cahangir Hacıyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev və digər çıxış edənlər layihənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, layihənin əsas məqsədi inklüziv idman yarışı vasitəsilə tipik uşaqlarla atipik uşaqların qarşılıqlı inteqrasiyasını təmin etmək, mövcud stereotipləri dəyişdirmək və cəmiyyətdə bu kateqoriyadan olan insanlara müasir yanaşmanın formalaşdırılmasına, həmçinin təkmilləşdirilməsinə dəstək verməkdir.

 

Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin təsisçisi  Amid Həsənquliyev  çıxışında   fiziki qüsurli  uşaqların valideynlərinə tövsiyə edib ki,  bu gözəl balalarına güvənsinlər;  onlar gələcəyin çempionu və vətənə,  millətə xeyirli bir vətəndaşa çevrilə bilərlər.   

 

Daha sonra layihəyə qatılan 6 atipik və  9 tipik 10-12 yaş qruplarında olan  uşaqlar iki  komandaya bölünüblər. Onlar istedad və bacarıqlarını nümayiş etdirərək müxtəlif idman  növlərini  təqdim ediblər. Qalib olan  komandalara sertifikatlar verilib.

 

Tədbirin  sonunda məktəbin şagirdlərinin ifasında   “Yallı” milli rəqsimiz nümayiş olunub.  

 

 

 Sifai SƏFƏROVA

 



27.12.2019 | 17:15