Zəngin təhsil ənənələrinə malik kollec | |
Başa vurmaqda olduğumuz 2019-cu il bir sıra ali və orta ixtisas təhsili müəssisələrinin yubileyləri ilə yadda qalacaq. İlin son günlərində daha bir təhsil ocağı- ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci özünün 100 illik yubileyini qeyd etdi. Dekabrın 25-də “Pullman” oteldə təşkil olunan təntənəli mərasimə dəvət olunan qonaqlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) 100 illlik yubileyində iştirak edərək bu qocaman təhsil müəssisəsinin kollektivi ilə bayram sevincini birgə yaşayıblar.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.
Yubiley tədbirində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə pedaqoji kollecin 100 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İsrayil İsgəndərov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, adı yaddaşlarımızda daha çox Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumu kimi qalan bu təhsil ocağı 1919-cu ildə Bakı Kişi Müəllimləri Seminariyası kimi fəaliyyətə başlasa da, müxtəlif zamanlarda öz adını dəyişsə də, bu gün həyata keçirdiyi ali və şərəfli missiya qətiyyən dəyişməyib. 1999-cu ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsində hazırda əyani və qiyabi şöbələr üzrə dörd mindən artıq tələbə təhsil alır. Birinci buraxılışda cəmi 9, ikinci buraxılışda 24, üçüncü buraxılışda 28, dördüncü buraxılışda 56 məzunu olan bu təhsil ocağı hər il 800-850 nəfər olmaqla müxtəlif ixtisaslar üzrə məzun yetişdirir. Hazırda kollecdə “Məktəbəqədər təhsildə korreksiyaedici təlim”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Peşə təlimi”, “Texnologiya müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi”, “Ailə və ev təhsili”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə 4800-ə yaxın tələbə təhsil alır. Bu tələbələrin təhsili ilə 270 müəllim, 135 inzibati və tədris-köməkçi heyəti məşğul olur. Kollec “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə çatmaq, peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaq məqsədilə bir sıra işlər həyata keçirir, eyni zamanda yerli və beynəlxalq proqramlara qoşulmaqla seminarlar, konfranslar təşkil edib. Təhsil ocağı həmçinin, Türkiyənin Bilkent Universiteti ilə əməkdaşlığa başlayıb.
Kollecin direktoru daha sonra bildirib ki, uzunillik təhsil ənənələrinə malik bu qocaman təhsil müəssisəsi milli-mənəvi dəyərlərə, dövlətə və dövlətçiliyə xidmət edən, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunan, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək ixtisas bacarığına malik kadrlar hazırlamaq işini ən ümdə məqsəd və vəzifəsini bilir: “Bu vəzifəni yerinə yetirmək üçün kollecimizin kollektivi öz fəaliyyətini Təhsil Nazirliyinin ölkə təhsilində apardığı islahatlara müvafiq olaraq qurur. Kollecimiz təhsilin idarə edilməsində şəffaflıq, bilik və bacarıqlara uyğun dəyərləndirmə, vətənpərvər, milli-mənəvi dəyərlərə malik kadrların yetişdirilməsinə töhfə verir”.
Daha sonra bildirilib ki, görkəmli Azərbaycan ziyalıları H.Cavid, Ü.Hacıbəyli, A.Şaiq, S.M.Qənizadə, C.Cəbrayılbəyli, M.Qiyasbəyli, Ə.Sumbatzadə, M.Təhmasib, M.Dilbazi, C.Novruz, Ə.Cəfərzadə və onlarla digər tanınmış şəxslərin həyatı, ilkin peşə-ixtisas təhsili, pedaqoji fəaliyyəti uzun illər bu kolleclə bağlı olub. Zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoji Kolleci 100 illik fəaliyyəti dövründə yeniləşərək ölkə təhsilinin müasir inkişaf mərhələsində özünəməxsus yer tutur.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva kollecin fəaliyyətini yüksək dəyərləndirib. ADPK-nın keçdiyi tarixi yola nəzər salan nazir müavini qeyd edib ki, kollec 100 il ərzində müxtəlif adlar altında fəaliyyət göstərsə də, öz ilkin missiyası olan xalqının maariflənməsi istiqamətində əvəzedilməz işlər aparıb, çoxlu sayda layiqli kadrlar yetişdirib. Kollec bu gün də öz təhsil ənənələrini uğurla həyata keçirərək pedaqoji kadr hazırlığını davam etdirir: “Bu qocaman maarif ocağı mövcud olduğu müddətdə adı 10 dəfə dəyişdirilsə də, müqəddəs amalı-millətə, elm və təhsilin inkişafına, dövlətə xidmət missiyasını heç zaman dəyişmədi. Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan xalqına, maarifinə, müəllimliyinə və məktəbinə ləyaqətlə xidmət etdi, ötən əsrin 20-30-cu illərində savadsızlığın aradan qaldırılması işinə böyük töhfələr verdi”.
Nazir müavini bildirib ki, bu təhsil ocağı mövcud olduğu dövrdə Azərbaycan məktəbi üçün 56 mindən artıq orta ixtisaslı müəllim hazırlamış, ölkə təhsilinin inkişafına ləyaqətlə xidmət etmiş və hazırda bu şərəfli işi uğurla davam etdirməkdədir. Məhəbbət Vəliyeva çıxışında dövlət başçısı İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirində gənclərlə bağlı söylədiyi fikirlərə xüsusi diqqət çəkib: “Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var... Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq...”.
Nazir müavini söyləyib ki, ölkə başçısı İlham Əliyevin milli tərbiyə məsələlərinə dair konseptual xarakterli bu fikirləri hər bir təhsil müəssisəsinin, o cümlədən müəllim hazırlığı ilə məşğul olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin fəaliyyət proqramı kimi qəbul edilməlidir. Məhəbbət Vəliyevanın sözlərinə görə, tərbiyə məsələsinə məhz bu cür baxış hər bir müəllimin həyat idealı, müqəddəs amalı, başlıca hədəfi olmalıdır.
Çıxışının sonunda nazir müavini 100 illik yubileyi qeyd olunan kollecin müəllim-tələbə heyətinə ən xoş arzularını bildirib: “Bu gün zəngin təhsil ənənələrinə malik olan kollecin yubileyi qeyd edilərkən, onun yaradılmasında və inkişafında əməyi olan insanları böyük münnətdarlıq duyğuları ilə yad edərək ümidvaram ki, uzun illər təşəkkül tapmış mütərəqqi ənənələr təhsil ocağında bundan sonra da uğurla davam etdiriləcək və təhsilimizin inkişafında mühüm rol oynayacaqdır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov kollecin kollektivini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. ADPK-da bacarıqlı, savadlı müəllim heyətinin çalışdığını deyən rektor bu təhsil müəssisəsinin peşəkar müəllim kadrlarının hazırlanmasındakı rolunu xüsusi vurğulayıb.
Kollecin məzunu, Təhsil Nazirliyi tərəfindən keçirilən builki müəllimlərin işə qəbulu müsabiqəsində ən yüksək nəticə-58 bal toplayaraq Abşeron rayonunun Qobu qəsəbəsi Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayan Aidə Mikayılova ona dərs demiş müəllimlərinə öz təşəkkürünü bildirib, yorulmaz fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova çıxış edərək vaxtilə burada neçə-neçə tanınmış ziyalıların, şair və yazıçıların təhsil aldığını, eləcə də onun babası, görkəmli yazıçı Sabit Rəhmanın da buranın məzunu olduğunu iftixar hissi ilə qeyd edib. Rektor kollecin müəllim və tələbələrini bir daha yubiley münasibəti ilə təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Sonra kollecin bir qrup əməkdaşına bu təhsil müəssisəsinin 100 illik yubileyi münasibəti ilə və təhsilin inkişafındakı xidmətinə, gənc nəslin təlim-tərbiyə sahəsində səmərəli fəaliyyətinə görə Təhsil nazirinin müvafiq əmrinə əsasən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri fərmanlar təqdim olunub.
Tədbir respublikanın Xalq artistləri Teyyub Aslanov, Azər Zeynalov, Tünzalə Ağayevanın ifaları və kollecin tələbələrinin hazırladığı ədəbi-musiqili kompozisiya ilə davam etdirilib.
Samirə KƏRİMOVA |
|
27.12.2019 | 14:35 | |
|
|
|