Məktəblilər SDU-da ekskursiyada

Mayın 5-də Sumqayıt Dövlət Universitetində “açıq qapı” günü keçirilib. Xırdalan  şəhər 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri universitetin kimya və biologiya fakültəsində olublar. Fakültənin dekanı, dosent Mahal Muradov şagirdlərin düzgün peşə və ixtisas seçimində görüşün rolunu yüksək dəyərləndirib.

 

Universitet haqqında şagirdlərə məlumat verən dekan bildirib ki,  SDU hazırda dünyanın bir çox aparıcı elm ocağı ilə sıx əməkdaşlıq edir, ikili diplomların verilməsi, tələbə-müəllim mübadiləsi,  birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uğurlu layihələr gerçəkləşdirir. Bu məqsədlə  AMEA Polimer Materialları İnstitutunda universitetin “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılıb.  “Kimya” və “kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr həmin  müəssisədə təcrübə keçir, gələcəyin ixtisaslı kadrları kimi formalaşırlar.  Hər il kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu müəsissələrindən olan “Petkim Petrokimya Holdinq”də istehsalat təcrübəsində olurlar. Eyni zamanda tələbələr Rusiyanın Pskov Dövlət Universitetində,  Ufa Dövlət Neft Texniki Universitetində təşkil olunan konfranslarda fəal iştirak edirlər.

 

Sonra şagirdlər universitin tədris binalarını gəzib,  Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələrində, auditoriyalarında, laboratoriyalarında, TEMPUS otağı, kitabxana və tədris otaqlarında, kompüter və informasiya mərkəzində,  linqvistik mərkəzdə, idman zalında olublar.

 

Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırılıb, onlara universitet haqqında broşürlər təqdim edilib.

 



07.05.2018 | 17:33