PISA-nın nəbzini necə tutaq?

Dekabrın əvvəllərində dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan 80-ə yaxın ölkəsinin təhsil sistemlərinin nəbzi 32 milyondan artıq şagirdin iştirak etdiyi PISA tədqiqatının gözlənilən nəticələri ilə döyünməyə başladı. Nəticələri Azərbaycanda da gözləyirdilər. Azərbaycanın 15 yaşlıları PISA marafonunda hansı yerdədir? PISA-nın nəbzini necə tuta bilərik?  Nəticələr təhsilimizə nə verəcək? Biz hansı hədəfləri prioritet seçməliyik? Bütün bu suallara Təhsil Nazirliyinin təşəbbüsü ilə Təhsil İnstitutunda PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələrinin müzakirəsinə həsr olunmuş tədbirdə cavab tapmaq mümkün oldu.

 

Tədbiri açan Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan artıq bir neçə ildir beynəlxalq qiymətləndirmə proqramlarında iştirakını bərpa edib. Ölkəmiz PIRLS qiymətləndirməsində iştirak edib, nəticələr ötən il elan olunub. 2018-ci ildə isə Azərbaycan PISA tədqiqatında iştirak edib. Bu ayın əvvəllərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən PISA-2018 qiymətləndirməsinin nəticələri elan olunub. M.Məmmədov qeyd edib ki, hesabat bir neçə hissədən ibarətdir, orada yalnız ölkələrin sıralaması deyil, eyni zamanda qiymətləndirmə zamanı ayrı-ayrı ölkələrdə aparılmış sorğuların nəticələri də əks olunub. Hazırda Təhsil İnstitutu tərəfindən milli hesabat üzərində iş aparıldığını deyən M.Məmmədov əlavə edib ki, sənəd hazırlanana qədər bu kiçik formatda təhsil ictimaiyyətinin nümayəndələri, Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri, təhsil müəssisələrinin rəhbərləri, pedaqoqların iştirakı ilə ilkin müzakirənin keçirilməsinə qərar verilib. 

 

Daha sonra Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Leyla Abbaslı PISA -2018-in  nəticələrilə bağlı təqdimatla çıxış edib. O qeyd edib ki, PISA beynəlxaq şagird qiymətləndirmə proqramı OECD tərəfindən 2001-ci ildən hər 3 ildən bir həyata keçirilir və tədqiqatın əsas məqsədi 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və  təbiət elmləri üzrə bilik və bacarıqlarının real həyatda, məişətdə tətbiq edə bilmə bacarığını ölçməkdir. Qiymətləndirmədə iştirak OECD təşkilatına üzv ölkələr üçün məcburi, digər ölkələr üçün isə könüllüdür.

 

PISA 2018-də 79 ölkə və iqtisadiyyatdan 600 minə yaxın şagird iştirak edib. 600 min şagird 32 milyon 15 yaşlı şagirdi təmsil edib. 600 min şagirdin nəticəsi aktiv müşahidə əsasında 32 milyon şagirdə şamil olunur. PISA-2018 kompüter və kağız əsasında olmaqla, 2 cür təşkil edilib. Tədqiqatda testlə yanaşı, şagirdlər, müəllimlər, direktorlar və valideynlərlə müxtəlif səpgili sorğular təşkil olunub. Şagird və direktor sorğusu məcburi, digər sorğular isə könüllüdür. L.Abbaslı sorğuların metodologiyası, mövzular, səviyyələr, qiymətləndirmə ölçüləri, dünya ölkələri və Azərbaycan üzrə qiymətləndirmə nəticələrini diaqramlarla diqqətə çatdırıb.  Təqdimatda oxu, riyaziyyat və təbiət elmləri üzrə Azərbaycan və OECD ölkələri üzrə orta ballar göstərilib. Azərbaycan oxu üzrə 389 (OECD -487), riyaziyyat üzrə 420 (OECD-489), təbiət elmləri üzrə 398 (OECD- 489) orta bal toplayıb.

 

Təqdimatdan sonra hesabatla bağlı fikirlər səsləndirilib.

 

Milli hesabat hazırlanır

 

Təhsil Nazirliyinin Aparat rəhbəri M.Məmmədov PISA-2018-in nəticələrinə dair Azərbaycan üzrə milli hesabatın hazırlanması məsələsinə toxunub və qeyd edib ki, hazırda Təhsil İnstitutunda hesabat üzərində iş gedir. Sənədin hazırlanmasına 3 aya qədər vaxtın lazım olacağını bildirən M.Məmmədov onun ayrıca təqdimatının da nəzərdə tutulduğunu deyib.

 

Aparat rəhbəri qeyd edib ki, hesabatda əksini tapmış rəqəmlər nisbi anlayışdır, onlar birmənalı olaraq ölkənin təhsil səviyyəsini əks etdirmir. Azərbaycan 3-cü dəfədir ki, beynəlxalq qiymətləndirmədə iştirak edir. Nəzərə almaq lazımdır ki, biz  10 il bu qiymətləndirmədə iştirak etməmişik. Şagirdlərin bu sorğulara cavablarında belə, onların bu kimi sorğulara alışmamaları, əvvəlki illərdə bu kimi tədqiqatlarda iştirak etməmələri, onların verdiyi cavablar nəticələrə hansı formadasa təsir edib. İstisna olunmur ki, verilən suallar şagirdlərə bəlkə də ilk dəfədir ki, ünvanlanıb.  2016-cı ildən etibarən bu istiqamətdə iş aparılır, qiymətləndirmələr keçirilir.  Növbəti illərdə şagirdlər yeni tədqiqatların keçirilməsi zamanı həm tədqiqatda əksini tapan suallara, eyni zamanda sorğuların mahiyyəti ilə bağlı daha hazırlıqlı olacaqlar.

 

Tədqiqatda bizi maraqlandıran əsas məsələ hansı ölkədən daha yuxarı və ya aşağıda olmağımız deyil. Əsas məqsəd odur ki, bu tədqiqatın nəticəsində biz buradan nə götürməliyik, bundan sonrakı təhsil islahatlarında atacağımız addımları necə qiymətləndirməliyik, bizim mövcud problemlərimiz ümumən nədən ibarətdir. Hər ölkənin öz təhsil siyasəti var, bu  cür qiymətləndirmələr ölkələr üçün öz siyasətlərini həyata keçirməkdə əlavə, yardımçı vasitə kimi şıxış edir. 

 

“Biz güclü məktəblər yaratmalıyıq”

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Azərbaycanın ən azından riyaziyyat üzrə yaxşı nəticələr göstərməsinə görə şad olduğunu deyib. Ekspert qeyd edib ki, riyaziyyat müasir dövrün ən vacib elementidir: “Problemi görmək onun yarısının həllidir. Təqdimatdan irəli gələn bir sıra vəzifələr var ki, biz onları həll edəcəyik. Mən problemin həllində Təhsil Nazirliyinin iradəsini görürəm. Bu iradə ortadır. Biz yaxşı məktəblər yaratmağa borcluyuq. Texnologiyaların və cəmiyyətin sürətlə inkişaf etdiyi bir dövrdə biz güclü məktəblər yaratmalıyıq. Məktəb təhsil sistemi çox vacibdir. Tədris ilinin əvvəlində Təhsil Nazirliyi yeni bir təşəbbüslə çıxış etdi, İctimai Şura yaradıldı. Bunun yaranmasının əsas məqsədi, daşıyıcı ideyası təhsildə olan bütün problemlərin həllinə nail olmaqdır. Mən inanıram ki, bizim iradəmiz imkan verəcək ki, biz yüksək reytinqləri tutaq”.

 

“Biz müəllim hazırlığını kökündən dəyişməliyik”

 

İctimai Şuranın üzvü, professor Asif Cahangirov hesab edir ki, nəticələr proqnozlaşdırılandır. Onun sözlərinə görə, məsələ heç də Azərbaycanın PISA reytinqində hansı yerdə olmasında deyil, yanaşmalardadır: “Biz səriştə əsaslı təhsilə keçməliyik. Bu məsələ “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji istiqamət kimi əksini tapıb. Biz yenə də səriştə əsaslı təhsilə keçmirik. PISA-da öndə olan ölkələr niyə qabaqdadır? Çünki onlar qabaqlayıcı təhsili təşviq etdilər. Son illərdə Estoniya təhsilində sıçrayışlar oldu. Estonlar Avropada birinci yerdədir, Finlandiya və digər qabaqcıl ölkələri qabaqlayıb öz kurikulumlarına yaradıcı yanaşıblar. Kurikulumları öz milli xüsusiyyətlərinə, ölkənin inkişaf strategiyasına uyğunlaşdırıblar, bunsuz mümkün deyil. Biz uşaqları nə qədər ki, şəxsiyyətyönlü deyil, fənyönlü tədrisə yönəldəcəyik, nə qədər ki, fənləri bir tezis kimi qəbul edəcəyik, belə olacaq. İnsanı fənlər formalaşdırmır. Fənlər insanı formalaşdıran bir vasitədir. Hər bir fənn səriştələrin, dəyərlərin formalaşmasına və inkişafına xidmət etməlidir. Ən böyük problemimiz budur. Bizim kurikulumlar, proqramlar dəyişməlidir, onlar səriştələr formatında olmalıdır. Ünsiyyət qurmaq səriştəsini formalaşdırmaq üçün riyaziyyatın, ədəbiyyatın, tarixin də, coğrafiyanın da imkanı var. Biz müəllim hazırlığını kökündən dəyişməliyik. Bizim pedaqoji təhsilimizi sovet pedaqoqları hazırlayıb”. 

 

A.Cahangirov qeyd edib ki, əvvəlki PISA tədqiqatlarında Almaniyanın da nəticələri qaneedici olmayıb, lakin onlar yeni proqramlar, kurikulumlar hazırlayıblar:

“Dünya qeyri-standart texnologiyalara doğru gedir. Gələcəkdə cəmiyyət o qədər qeyri-müəyyən olacaq ki, insan peşəsini, əvvəllər deyildiyi kimi, 3 dəfə deyil, 7 dəfə dəyişməli olacaq. Hazırda universitetlər, təhsil müəssisələri elə məsələlər üzərində işləyir ki, insanlar qeyri-müəyyənliklərlə dolu olan gələcəkdə öz yerini tapa bilsinlər. Onun üçün də əsas səriştələrdir. Tənqidi təfəkkürü, aparıcı ideyanı seçməyi bacarmaq, ömürboyu təhsil almaq üçün zəruri olan səriştələr, təhliletmə bacarığı, ümumiləşdirmə bacarığı kimi bacarıqların formalaşdırılması əsas götürülür. Biz uşaqlarımızda riyazi təfəkkürü inkişaf etdirməliyik, onlarda yaradıcı təfəkkürün inkişafına nail olmalıyıq”.

 

“Proqram yenilənməlidir”

 

İctimai Şuranın üzvü Etibar Əliyev qeyd edib ki, məktəblərdə xüsusi siniflər yaradılsa da, dərsliklər köhnədir: “Xüsusi siniflərin şagirdləri üçün yaxşı şərait yaradılıb, ancaq proqram yenilənməlidir. Bu istiqamətdə ciddi işlər görülməlidir.  PISA-da oxu savadlılığı var, onlar şagirdlərin funksional savadlılığını ölçmək istəyirlər. Builki kriteriyalar həddən artıq fərqli olub. Məktəbdaxili mühit, müəllimlərin motivasiyası, internetin anadangəlmə və ya sonradan qazanılması  kimi məsələlər çox vacibdir. Bu, nəinki PISA üzrə hazırlaşan şagirdlər, bütün məktəb üçün çox maraqlı məsələlərdir. Qeyd olunan məsələləri ekspertlər, müəllimlər vasitəsilə qiymətləndirmək çox vacibdir. Uşaqlara şərait yaratmaq lazımdır ki, onlar düşünə bilsinlər. Onlarda elə motivasiya yaratmaq lazımdır ki, öz gələcəklərinə özləri bir yol tapsınlar”. 

 

“Biz standartları təkmilləşdirməliyik”

 

Təhsil Şurasının sədri professor Hikmət Əlizadənın sözlərinə görə, bizim kurikulumlar səriştə əsaslı deyil: “Şagirdlərimizə səriştəliliyi aşılaya bilən müəllimlərimiz kifayət qədər varmı? Biz müəllim hazırlığından başlamalıyıq. Bizdə kurikulumun nə olduğunu bilməyən müəllimlər var. Onların arasında elələri var ki, məktəb müəllimlərinə təlim keçir. Müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilir. Hesab edirəm ki, onlar qarşısında qoyulan tələblər daha çox olmalıdır. Fikrimcə, biz standartları təkmilləşdirməliyik, bundan ötrü isə müəllim hazırlığına diqqəti artırmalıyıq. Bu proses təkmilləşməlidir, buna nail olmasaq, lazımi nəticələr əldə edə bilməyəcəyik”. H.Əlizadə qeyd edib ki, PISA nəticələrimizin aşağı olmasının səbəblərini araşdırmalıyıq. Bu səbəbləri aradan qaldıra bilsək, işimizdə dönüş yarada bilərik.

 

“PISA-da bizi düşündürən xeyli məsələ var”

 

Təhsil İnstitutunun direktor müavini  Ənvər Abbasov bildirib ki, tədqiqatda əksini tapmış rəqəmlərlə bağlı araşdırmalar aparıb işimizdə olan səhvləri aradan qaldırmalı, təhlillər aparmalıyıq. Bu yanaşmada zəif nəticələrin səbəbləri üzə çıxacaq. Bundan sonra biz növbəti addımları ata bilərik: “Biz indiyə qədər rəqəmlərlə işləməmişik. Bizim rəqəmlərlə işləmək bacarığımız yoxdur. Biz onları indi görürük. Hesab edirəm ki, təqdimatda göstərilən rəqəmlər çox uğurlu  rəqəmlərdir. PISA-2018-ə dair tədqimatda bizi düşündürən xeyli məsələ var,  biz onların üzərində düşünə bilərik”.

 

Ə.Abbasova görə, bu gün təhsilin məzmunu standartlara əsaslanır. Yeni məzmun səriştə əsaslı standart və kurikulumdan ibarətdir. Təhsilin bütün səviyyələri üzrə səriştə əsaslı yeni məzmun, standart kurikulumlar yaradılmalıdır. Bundan ötrü isə metodologiya hazırlanmalıdır. Bu metodologiya ölkənin inkişaf xüsusiyyətləri, mentalitetinə uyğun şəkildə hazırlanmalıdır. Biz inteqrativ təlimə keçməliyk.

 

“Nəticələr ölkəmiz üçün böyük irəliləyişdir”

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva Bakı şəhərində tədqiqatın keçirilmə xüsusiyyətləri və nəticələri ilə bağlı müvafiq məlumat verib: “Hesab edirəm ki, hesabatda əksini tapmış nəticələr ölkəmiz üçün böyük irəliləyişdir. Təklif edərdim ki, bundan sonra da tədqiqatda iştirak etmiş məktəblərlə də analoji müzakirələr aparılsın, təhsil müəssisələrinin hansı səviyyədə olmasını öyrənək. Bizim tədris məzmununa görə xarici ölkə məktəblərindən fərqlidir. Bu ildən məktəblərimizdə müxtəlif  fənlərin sıx inteqrasiya şəraitində tədrisini nəzərdə tutan STEAM yanaşma tətbiq edilir. Bu yanaşmanı davam etdirməklə biz daha da inkişaf edə bilərik. Uşaqlarımızda sorğuları cavablandırmaq  mədəniyyəti formalaşdırılmalıdır. Biz məzmuna sorğuları cavablandırmaq bacarıqları gətirməliyik”.

 

“Təhsilə baxışlarımızı dəyişməliyik” 

 

İctimai Şuranın üzvü Nadir İsrafilov təhsildə hər hansı müqayisənin əleyhinə olduğunu deyərək, təqdimatda əksini tapan nəticələrin daha geniş müzakirə olunması vacibliyini bildirib: “Təhsilə baxışlarımızı dəyişməliyik. Biz yenə də bilikyönümlü tədrisə üstünlük veririk. Şagirdləri ballarla müqayisə edirik. Ancaq şəxsiyyətyönlü təhsildə rəqəmlər yoxdur. Şəxsiyyətyönlü təhsililin ölçüyə gələn kriteriyalarını hazırlamamışıq. Biz qiymətləndirməni yenə də biliklər əsasında, keçid balları və s. ilə aparırıq. Səriştə vacib məsələdir. Ancaq biz onu necə ölçək? Onun ölçüyə gələn meyarları hazırlanmalıdır”.

 

Tədbiri  yekunlaşdıran Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev qeyd edib ki, il ərzində institutda 5 tədqiqat həyata keçirilir. PISA tədqiqatının son nəticələrinin paylaşımlarının çox yaxşı hal olduğunu deyən E.Əmrullayev təqdimatla bağlı diskussiyalarda səslənən fikirlərə aydınlıq gətirib.  O,  PISA-nın kifayət qədər uzun proses olduğunu deyərək, bu prosesin hazırlığına təxminən 1 il vaxt sərf olunduğunu bildirib. Onun sözlərinə görə, növbəti  mərhələdə Azərbaycan tədqiqatda elektron formatda iştirak edəcək. Bu, o deməkdir ki, PISA sualları şagirdə kağızda yox, kompüter ekranından təqdim olunacaq. 

 

E.Əmrullayev elektron qiymətləndirmənin mahiyyəti və suallarla bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, standartlar, yeni kurikulumlar, tədris proqramlarının yenilənməsi, dərsliklərlə bağlı fikirlərə də münasibət bildirib və qeyd edib ki, beynəlxalq qiymətləndirmədən gələn nəticələri nəzərə alaraq ehtiyat dərsliklər hazırlanıb, bu dərsliklər konseptual olaraq dəyişib: “O ki qaldı yekun hesabata, hər bir ölkə özünün yekun hesabatını hazırlamalıdır. Mart ayının sonunda, düşünürəm ki, hesabatın ilkin versiyası hazır olacaq və ictimaiyyətə təqdim edəcəyik. PISA -nın bütün məlumatı onlayn rejimdədir. Bu, kifayət qədər böyük Datadır, burada 600 min şagirdin hər biri barədə məlumat var. Çox yaxşı olardı ki, bizim universitetlər bu məlumatlardan istifadə etsinlər. Tədqiqatçılar bu məlumatlardan daha çox dissertasiya işlərində istifadə edə bilərlər. Bu, dünyada  analoqu olmayan məlumat sistemidir. Bu sistem Azərbaycanda var. Yaxşı olardı ki, alimlərimiz bu  məlumatlardan istifadə etsinlər”.

 

Oruc MUSTAFAYEV



27.12.2019 | 12:41