“Günəşə doğru” ədəbi-bədii kompozisiya keçirilib | |
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yübileyi münasibətilə təhsil ocaqlarında keçirilən silsilə tədbirlər, ədəbi-bədii kompozisiyalar davam edir.
Növbəti tədbirlərdən biri də Mərdəkan Mədəniyyət Sarayında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilib. “Günəşə doğru” ədəbi-bədii kompozisiya şəklində hazırlanan tədbiri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin istedadlı tələbələri hazırlayıb.
Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev ,Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Amil Əlili, Xəzər rayonunun millət vəkili Rauf Əliyev, Sabunçu rayonunun millət vəkili Dilarə Cəbrayılova, Xəzər Rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov ,Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev, Peşə Təhsil mərkəzlərinin direktorları və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin zərgər, kostyum ustası, dərzi , interyer və eksteryerin bədii tərtibatçı qruplarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra iştirakçılara təqdim olunan ədəbi-bədii kompozisiyada tələbələrin ifasında ilk insan yaranışı, İmadəddin Nəsiminin qəzəllərində təcəssüm olunan ilahi varlıqlar- od, su, torpaq fəlsəfəsinin səhnə həlli nümayiş edilib.
Bu kompozisiya tələbələrdə və iştirakçılarda dahi şairin ədəbi irsinə olan diqqət və məhəbbəti bir daha artırıb.
Sonda Təhsil nazirinin müavini İdris İsayev ədəbi-bədii kompozisiyadan məmnun qaldığını ifadə edərək, məktəbliləri və pedaqoji kollektivi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara təhsildə daha böyük uğurlar arzulayıb.
Sifai SƏFƏROVA |
|
26.12.2019 | 11:12 | |
|
|
|