Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Təhsil nazirinin müavini Firudin Qurbanov “Liderliyin inkişafı proqramı” çərçivəsində Almaniya, Fransa, Gürcüstan, Ukrayna və Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.

 

Görüş zamanı nazir müavini təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, son illərdə bu sahədə mühüm strategiya və proqramların qəbul edildiyini diqqətə çatdırıb. Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib.

 

Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib.

 

Nazir müavini deyib ki, istedadlı uşaqlarla bağlı həyata keçirilən ardıcıl tədbirlər nəticəsində respublika və beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşıb. 2013-2019-cu illərdə şagirdlərimiz tərəfindən 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

 

Nazir müavini diaspor nümayəndələrini  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında da məlumatlandırıb. Firudin Qurbanov qeyd edib ki, sözügedən proqram çərçivəsində 3500-dən artıq gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Nazir müavini bildirib ki, yeni qəbul olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə yerli və xarici ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinə töhfə verəcək.

 

Görüş zamanı diaspor nümayəndələrini təhsil sahəsi ilə bağlı maraqlandıran suallar cavablandırılıb, mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

 



25.12.2019 | 11:41