Səfəvilər dövlətinin yaranma tarixi ilə bağlı interaktiv açıq dərs

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil edilən növbəti interaktiv açıq dərs Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Səfəvilər dövlətinin yaranma tarixinə həsr olunub.

 

Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, dosent İlhami Əliyev “Azərbaycan Səfəvilər dövlətinin yaranması” mövzusunda çıxış edib. Tədqiqatçı alim Səfəvilər dövlətinin yaranması, Azərbaycan torpaqlarının vahid dövlət tərkibində birləşdirilməsi, dövlətin həyata keçirdiyi daxili və xarici siyasət barəsində şagirdlərə ətraflı məlumat verib. O, Səfəvilərin tariximizdəki yeri və rolundan danışaraq qeyd edib ki,  Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl 1501-ci ildə dünya tarixində orta əsrlərin ən nəhəng dövləti kimi yer tutan Səfəvilər dövlətinin əsasını qoydu:” Bununla da Azərbaycan torpaqları bir dövlətin tərkibində, bir bayraq altında birləşməyə nail oldu. Azərbaycan dili orta əsrlərdə ilk dəfə olaraq rəsmi dövlət dili səviyyəsinə yüksəldi”.

 

Dərsdə I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işlərindən, bu tarixi şəxsiyyətin daxili və xarici siyasətindən söz açılıb, onun Azərbaycan dövlətinin qüdrətini daha da artırmaq üçün həyata keçirdiyi işlər,  Azərbaycan torpaqları uğrunda apardığı əzmkar mübarizəsi şagirdlərin diqqətinə çatdırılıb.

 

Açıq dərs, ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.



25.12.2019 | 16:25