Bakı Ali Neft Məktəbində SPM-in “M3” qrupunun açılışı oldu | |
Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M3” qrupunun açılış mərasimi keçirilib.
BANM-ın kampusunda təşkil edilən mərasimdə Ali Məktəbin rektoru Elmar Qasımov “M3” qrupunun Layihə İdarəetmə Məktəbinin BANM-da artıq beşinci uğurlu qrup olduğunu bildirib. Rektor qeyd edib ki, ötən ay SPM-in ilk iki qrupunun təntənəli “Məzun Günü” keçirilib, proqramı uğurla bitirən iştirakçılara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatları təqdim edilib. “Əminəm ki, burada vaxtın idarə olunması, risklərin idarə olunması, danışıqların aparılması, liderlik və s. modullar üzrə əldə etdiyiniz biliklər bir menecer olaraq sizə həm işinizdə, həm də şəxsi həyatınızdakı planlarınızda çox kömək olacaqdır.”-deyə Elmar Qasımov bildirib.
Sonra ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa təqdimat ediblər.
Qeyd edək ki, Layihə İdarəetmə Məktəbinin yeni, 26 nəfərdən ibarət olan “M3” qrupunun iştirakçıları sırasına SOCAR, BP, Azeriqaz, Azərsu, Azneft, Expro Eurasia, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, AzerTürk Bank və SOCAR AQŞ kimi şirkətlərin əməkdaşları daxildir.
Onu da diqqətə çatdıraq ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM 7 layihə həcminin, vaxtın, keyfiyyətin, büdcənin, əmək resurslarının, riskin idarə olunması, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları adlanan 7 moduldan ibarətdir.
|
|
07.05.2018 | 16:12 | |
|
|
|