“Baku Drilling School”un açılışı olub

SOCAR AQŞ-nin dəstəyi ilə regionunun ən müasir Qazma Təlim Mərkəzi hesab edilən – “Baku Drilling School”un (Bakı Qazma Məktəbi) açılışı olub.

 

Tədbirdə SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev, “Baku Drilling School’’ MMC-nin direktoru, İWCF-nun Avropa filialının sədr müavini Nəriman Müstafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, digər ali məktəblərin rəhbərləri, yerli və beynəlxalq neft-qaz sənayesinin təmsilçiləri iştrak ediblər.

 

SOCAR AQŞ-nin baş direktoru R.İsayev yeni yaradılımış “SOCAR AQŞ” Baku Drilling School” haqqında məlumat verib. Bildirib ki, “Bakı Drilling School” ən müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması üçün neft-qaz sənayesinin aparıcı şirkət və təhsil müəssisələrini öz ətrafında cəmləşdirir. Belə bir mərkəz təsis etməkdə əsas məqsəd regionun neft-qaz sənayesində səriştəli kadrların yetişdirilməsinə özünəməxsus töhfə verməkdir. O, “Baku Drilling School”un tezliklə dünyada fəaliyyət göstərən digər təlim mərkəzləri arasında öz layiqli yerini tutacağını və Azərbaycan qazmaçılarının öncül rolunun dünyada tanınmasına xidmət edəcəyini bildirib.

 

SOCAR-ın vitse-prezidenti Y.Lətifov Azərbaycanda neft-qaz sənayesinin tarixindən, bu sahədə çalışan tanınmış mütəxəssislərdən söz açıb. O, Bakı Qazma Məktəbinin neft sənayesinin inkişafı üçün ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm töhfə verəcəyini deyib.

 

“Baku Drilling School’’ MMC-nin direktoru, İWCF-nun Avropa filialının sədr müavini Nəriman Müstafayev Azərbaycanın neft tarixindən danışaraq, Bakıda yeni açılan müasir Təlim Mərkəzinin əhəmiyyətindın bəhs edib. Qeyd edib ki, yeni məktəb üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcək.

 

Açılış mərasimində Bakı Qazma Məktəbi ilə ADNSU arasında, eyni zamanda yeni mərkəzlə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında memorandum imzalanıb. Sənədləri ADNSU-nun rektoru M.Babanlı və “Baku Drilling School’’ MMC-nin direktoru N.Mustafayev imzalayıb.

 

Qeyd edək ki, Bakı Qazma Məktəbi  elə ilk gündə Azərbaycan Texniki Universiteti ilə də müqavilə bağlayıb.

 

Sonda qonaqlar Bakı Qazma Məktəbinin açılışını ediblər, orada yaradılan şəraitlə tanış olublar.



24.12.2019 | 10:17