Səfir AzMİU-nun RİBA-nın 5 illik akkreditasiyasını alması münasibəti ilə rəsmi qəbul keçirib | |
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibəti ilə rəsmi qəbul keçirib.
Tədbirdə Böyük Britaniyanın səfiri Ceyms Şarp, British Council şirkətinin Azərbaycan üzrə direktoru Samr Şah, Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin nümayəndələri, AzMİU-nun rektorluğu və professor-müəllim heyətinin bir qrupu, media təmsilçiləri iştirak ediblər.
Ceyms Şarp AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova başda olmaqla, bütün kollektivi Memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Səfir vurğulayıb ki, AzMİU-nun Memarlıq fakültəsinin memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması böyük hadisədir. Bu uğurun qazanılmasında o, Britaniya səfirliyinin beynəlxalq təşkilatı olan British Council şirkəti ilə universitet arasında əməkdaşlığın yüksək səviyyədə qurulduğunu əsas gətirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova verilən dəyərə, göstərilən dəstəyə görə Britaniya səfirliyinə, British Council şirkətinə təşəkkürünü bildirib. Rektor əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsini arzulayıb. |
|
20.12.2019 | 17:10 | |
|
|
|