Peşə Mərkəzində “dəyirmi masa”

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  Nərimanov rayon Gənclər və İdman İdarəsi ilə birgə 212 nömrəli tam orta məktəbdə “dəyirmi masa” keçirib. Rayonun orta məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri-təşkilatçılarının iştirak etdiyi tədbirdə “Dəmiryolçu və metropolitençi peşələri şərəfli və məsul peşədir” mövzusu müzakirə olunub.

 

“Dəyirmi masa”nı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov açaraq Azərbaycanda peşə təhsili sistemində həyata keçirilən islahatlardan, peşə təhsilinin modernləşdirilməsindən, o cümlədən sistemin aparıcı və qədim müəssisələrindən olan Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dünəni və bu günündən  söz açıb. Bildirib ki, qocaman təhsil ocağı ayrı-ayrı tarixlərdə müxtəlif adlarla adlandırılsa da, öz tarixi məram və missiyasını - Vətən üçün dəmiryolçu kadrları hazırlamaq işini heç vaxt dəyişməyib.

 

Tədbirdə Peşə Təhsil Mərkəzinə dair videoçarx nümayiş olunub. Sonra  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi  Nəcəf Novruzov çıxış edərək mərkəzin ixtisaslı kadrlar hazırlamaq sahəsindəki fəaliyyətini yüksək dəyərləndirib. Peşə Təhsil Mərkəzinin tədris hissə müdiri Oruc Həsənov, tərbiyə işləri üzrə direktor müavini Aybəniz Məmmədova, baş istehsalat təlimi ustası Fikrət Ağayev rəhbərlik etdikləri istiqamətlər üzrə fəaliyyətlərdən danışıblar.

 

Peşəyönümü ilə bağlı keçirilən tədbirdə Nərimanov rayon məktəblərinin təşkilat rəhbərləri ilə birgə “Şagirdlərin peşəyə yönləndirilməsi”nə dair müzakirələr aparılıb.  212 nömrəli tam orta məktəbin direktoru Qurban Həsənov peşəyönümü məqsədilə valideyn şuraları  və  şagird özünüidarə təşkilatları ilə aparılan işlərdən, 34 nömrəli tam orta məktəbin direktor müavini Nəcibə Baxşəliyeva şagirdlərin peşəyə yönləndirilməsi məqsədilə orta məktəblərdə “Açıq qapı” günlərinin keçirilməsinin zəruriliyindən, 304 nömrəli tam orta məktəbin təşkilatçısı Aidə Quliyeva peşənin səhv seçilməsinin uğursuz nəticələrindən, 45 nömrəli tam orta məktəbin təşkilatçısı Nazilə Əliyeva orta məktəb şagirdlərinin peşəyə marağını artırmaq məqsədilə Dəmiryoluna və Metropolitenə ekskursiyaların təşkil olunmasından, 207 nömrəli tam orta məktəbin psixoloqu Könül Fərmanlı şagirdlərlərin peşə seçimində məlumatlandırma və maarifləndirmə işinin aparılmasının məqsədəuyğunluğundan bəhs ediblər.

 

 

 



07.05.2018 | 14:07