Smartfonlar 2 ildən sonra sıradan çıxacaq

“2021-ci ildə adi gündəlik eynəklərdən fərqlənməyən əlavə reallıq (augmented reality - AR) qurğuları meydana çıxacaq”,- deyə mobil prosessorların ən böyük istehsalçısı olan “Qualcomm” şirkətinin prezidenti Kristiano Amon bildirib.

 

www.hi-tech.mail.ru saytının məlumatına əsasən, Amon əlavə və virtual reallıq (virtual reality - VR) sahəsində öz layihələri üzərində aktiv iş aparan “Facebook”, “Microsoft” və “Apple” şirkətlərini nümunə göstərib. Gələcəkdə bu kimi qadcetlərin smartfonlardan sonra yeni əsas platforma ola biləcəyini söyləyib. Qeyd edib ki, onlar mobil telefonu əvəz etməyəcəklər. Bu, tamamilə başqa tip qurğu olacaq.

 

Onun sözlərinə görə, “Facebook” 2014-cü ildə “Oculus VR” startapını 2 milyard dollara satın alıb. “Microsoft” bu yaxınlarda ikinci nəsil “HoloLens” əlavə reallıq eynəyini istehsal edib. “Apple” isə 2022-ci ildə əlavə və virtual reallığa əsaslanan qadcetini təqdim etməyə hazırlaşır.

 

İstehsalçıların yeni texnologiyaya diqqət göstərməsinə baxmayaraq, o, hələ gündəlik həyatda geniş istifadə olunmalıdır. AR və VR eynəklər bazarında 2019-cu ilin birinci rübünədək azalma müşahidə olunub. Bundan başqa, həmin qurğular hələ də çox bahadır. Məsələn, “HoloLens”in qiyməti 3500 dollar təşkil edir. Bu sahənin inkişafını hələ ki, sadə istifadəçilər deyil, böyük şirkətlər təmin edəcəklər.

 

Kristiano Amon hesab edir ki, “ağıllı” eynəklərin növbəti modelləri indikilərlə müqayisədə daha təbii görünüşə malik olacaq. Bu da insanların necə ünsiyyət saxlaması, İnternet və sosial şəbəkələrdən istifadəsinə əhəmiyyətli təsir göstərəcək. “5G” şəbəkəsinin geniş yayılması ilə bu kimi qadcetlər bulud texnologiyalarına daimi və sürətli giriş əldə edəcəklər. O, artıq “inanılmaz” prototipləri gördüyünü qeyd edib.

 

Samirə KƏRİMOVA



23.12.2019 | 12:46