M.S Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib.

 

Institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, Latviyada nəşr olunan kitab Azərbaycan ədəbiyyatının, söz sənətinin dünyada təbliğ edilməsi baxımından əhəmiyyətlidir.

 

Direktor qeyd edib ki, aktual bir mövzuya həsr edilən nəşrdə müəllif Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına ümumi nəzər salıb, romanlarında öz əksini tapan Avropa mühiti, habelə Şərq və Qərbin müqayisəsinin təhlilini verib. Monoqrafiyada Şərq- Qərb dialoqu, Şərq- Qərb əlaqələri, eyni zamanda Şərqin ədəbi, mədəni əlaqələrinin Qərb tərəfindən mənimsənilməsi gənc tədqiqatçı tərəfindən yığcam şəkildə işıqlandırılıb.

 

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Məmməd Səid Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış” mövzusunda məruzəsi dinlənilib.

 

Sonra bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb.



23.12.2019 | 11:15