Azərbaycanın dünyaya bəxş etdiyi qüdrətli sima

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycanın böyük mütəfəkkir və humanist şairi İmadəddin Nəsiminin 2019-cu ildə 650 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi olduqca mühüm hadisədir. Bütün dünya sənətsevərləri doğma poeziyamızın fəxri, nəcib əməlləri ilə öz vətənindən uzaqlarda şöhrət tapmış, adı ölməz dühalarla bir sırada çəkilən, bir çox xalqlar tərəfindən sevilən, irsi diqqətlə öyrənilən və son dərəcə yüksək qiymətləndirilən İmadəddin Nəsimi kimi istedadlı insanları daim yad edir.

 

Sərəncamda da qeyd olunduğu kimi, İmadəddin Nəsimi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli və parlaq simalardandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Nəsiminin yaradıcılığı öz dövrünün dərin poetik fikirləri ilə zəngin fəlsəfi düşüncələrinin vəhdətindən ibarət olaraq, elmi-fəlsəfi fikirlərin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsin qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Xüsusi vurğulanmalıdır ki, Nəsiminin yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərmişdir.

 

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yer tutması ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli simalarından ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılır. Qürurla demək olar ki, Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakı şəhərinin mərkəzi yerində şairin əzəmətli heykəli ucaldılmış və Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.

 

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun Baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın parlaq ifadəsi hesab oluna bilər. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

 

Nəsimi böyük və istedadlı şair kimi öz poeziyası ilə doğma Azərbaycan dilində gözəl əsərlər yaratmış, öz dövrünün mütərəqqi, humanist ideyalarının carçısı olaraq nikbinliyi və azad düşüncələri ilə cəmiyyətdə geniş şöhrət qazanmışdır. Doğma ana dilində poeziyanın inkişafında İmadəddin Nəsiminin xidmətləri yüksək qiymətləndirilir.

 

Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük söz ustadları arasında İmadəddin Nəsimi öz üslubu ilə fərqlənir. Çünki Nəsimi təkrarolunmaz  istedadını insanın azadlığı, səadəti uğrunda mübarizəyə həsr etmişdir.

 

Nəsimi yaradıcılığı qədim ənənələri olan mədəni irs üzərində ucalmışdır. Onun istedadı, ilk növbədə, doğma xalqının zəngin dastanlarından, “Dədə Qorqud” kimi epik abidələrindən, xalq şeirinin ənənələrindən ilham almış, Xaqani, Nizami kimi böyük sələflərinin humanist, dünyəvi irsi ilə yoğrulmuşdur. Bu qaynaqlar Nəsiminin XIV əsrdə ana dilində kamil sənət nümunələri yaratması üçün qiymətli zəmin olmuşdur. Nəsimi eyni zamanda ərəb, fars dilləri vasitəsilə bu xalqların elmi və bədii yaradıcılıq sahəsində əldə etdikləri nailiyyətlərlə yaxından tanış olmuş, Yaxın Şərqin böyük sənətkarlarının, filosoflarının əsərlərindən bəhrələnmişdir.

 

İmadəddin Nəsimi təxminən beş min misradan artıq farsca divan yaratmış, ərəb ölkələrinə səyahəti zamanı oradakı oxuculara öz ideyalarını çatdırmaq məqsədilə ərəbcə şeirlər də qələmə almışdır. Diqqətəlayiq haldır ki, Nəsimi yaradıcılığında öz doğma ana dilinə üstünlük vermiş, bu dildə on iki min misradan artıq böyük bir divan qoyub getmişdir.

 

Tarixi məlumatlara əsasən Nəsimi o zamanlar məşhur mədəniyyət mərkəzi olan Şirvanda doğulmuşdur. Həyatı boyu bir çox çətinliklərlə, iztirablarla və təqiblərlə üzləşmişdir. Bununla belə, poetik azadlıq axtaran mütəfəkkir şair özünü heç yerdə təhlükədən kənar hiss edə bilməmişdir.

 

Nəsimi çox böhranlı bir tarixi dövrdə, Teymurilər istilasının hökmranlığı, İslam dininin müdafiəsi pərdəsi arxasında şiddətlənən soyğunçu qanlı müharibələrin, ictimai ədalətsizliyin artdığı bir zəmanədə yaşamış və xalqın acınacaqlı həyatını dərindən duymuşdur. Sadə ailədən çıxan Nəsimi uşaqlıq illərini sənətkarlar arasında keçirmiş, onların arzu və ideallarına bağlı olduğu üçün maddi nemətlər yaradan insanlara dərin məhəbbət bəsləmişdir. Buna görə də feodal saraylarındakı mədəiyyə şeirinə tamamilə zidd, xalqın ictimai-siyasi ideallarını, onun həyat mənafeyini əks etdirən poeziya yaratmışdır.

 

Nəsiminin insan və gözəllik haqqında fəlsəfi baxışlarına gəldikdə isə o, tamamilə haqlı olaraq hesab edirdi ki, dünyada ən qiymətli sərvət insandır və o Allahın təcəssümüdür. İnsanın kamalı, zəkası, yaradıcılıq qüdrəti və gözəlliyi dünyaya zinətdir, hər şey insana, onun rifahına və səadətinə xidmət etməlidir, çünki insan müqəddəsdir. Bunlar böyük şairin coşqun ehtirasla tərənnüm etdiyi ideallardır.

 

Orta əsr feodal cəmiyyətində hökm sürən ziddiyyətlər, dini-mistik ideologiya Nəsiminin yaradıcılığına və dünyagörüşünə dərin təsir göstərmişdir. Onun şeirlərində həm dünya sevgisi, həyat eşqi, həm də zülm, ədalətsizlik, qanlı müharibələr içərisində çağlayan dünyanı tərk etmək, ondan üz döndərmək meyilləri var. Nəsimi yaradıcılığında həm həyatı şən, xoşbəxt keçirməyə çağırış, həm də dərin kədər, ümidsizlik, məyusluq müşahidə olunur. Onda həm mütərəqqi sufizm, həm də ehkampərəst, tərkidünyaçı, həyat və məhəbbətə düşmən olan sufilərə şiddətli etiraz var.

 

Nəsimi hər zaman xalq həyatına, onun istək və arzularına bağlı olmuş, öz yaradıcılığında xalqın həm şikayət və kədərini, həm də azad, xoşbəxt gələcək haqqında həsrət və arzularını əks etdirmişdir. Dövlət və sərvət ehtirasına, zülm və ədalətsizliyə etiraz, doğruluq, sədaqət kimi nəcib ideyaları ilə Nəsimi bu gün də bizə doğma və yaxındır. Buna görə də Nəsiminin şeirləri hələ öz sağlığında oxucuların və dinləyicilərin dərin məhəbbətini qazanmışdır.

 

Nəsimi haqqında böyük tədqiqatlar işləri aparılıb. 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının 1-ci nömrəsində dərc olunmuş məşhur ədəbiyyatşünas və yazıçı Salman Mümtazın məqaləsi elmi-ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Məşhur yazıçı və pedaqoq Soltan Məcid Qənizadənin həmin jurnalın ikinci nömrəsində dərc etdirdiyi “İdarəyə məktub” yazısı buna gözəl sübut ola bilər. Bu hadisədən bir qədər sonra Salman Mümtaz böyük şairin azərbaycanca divanını keçmiş nəşrlərdən daha mükəmməl və daha dürüst şəkildə çap etdirmişdir. Nəsimi yaradıcılığı Hammer, Purqştall, Cibb, Braun, V.Smirnov, A.Krımski və digər görkəmli şərqşünaslar tərəfindən də yüksək qiymətləndirilib.

 

Görkəmli ədəbiyyatşünas Salman Mümtazın Azərbaycanda ilk dəfə olaraq 1926-cı ildə nəşr etdirdiyi Nəsimi divanı böyük mütəfəkkirin irsinin öyrənilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Araşdırmaçı alim kitaba yazdığı “Ön söz”də şairin türk, fars və ərəb dillərində üç “Divan”ının olması barədə məlumat verir.

 

Onu da qeyd etmək lazımdır ki, Nəsiminin Şamaxıda anadan olması haqqında Hüseyn əfəndi Qaibovun, Firudin bəy Köçərlinin fikirlərini təsdiq etmək və əsaslandırmaq, onun təxəllüsünün Fəzlullah Nəimi ilə bağlı olduğunu göstərmək, şairin qardaşı Şah Xəndanın Şamaxıda dəfn olunduğunu meydana çıxarmaq da ilk dəfə Salman Mümtaza qismət olmuşdur. Məhz bundan sonra Azərbaycan ziyalıları, alimləri və yazıçıları Nəsimi irsini daha dərindən öyrənməyə başlamışlar.

 

Əməkdar elm xadimi, professor Həmid Araslı 1937-ci ildən başlayaraq Nəsimi yaradıcılığı barədə ədəbiyyat dərsliklərində bəhs etmişdir. Görkəmli ədəbiyyatşünas 1942-ci ildə Nəsimi haqqında ilk elmi-kütləvi əsəri “Fədakar şair” oçerkini yazır.

 

Nəsiminin fəlsəfi irsinin, xüsusilə Azərbaycanda hürufilik hərəkatının tədqiq edilib öyrənilməsində professor Zümrüd Quluzadənin böyük rolu var.  Azərbaycan nəsimişünaslığında, eləcə də Azərbaycan fəlsəfə tarixinin araşdırılmasında Zümrüd Quluzadənin 1970-ci ildə nəşr olunan “Hürufizm və onun Azərbaycanda ardıcılları” əsəri xüsusi çəkiyə malikdir və  qiymətli bir mənbə kimi olduqca faydalıdır.

 

Nəsiminin seçilmiş şeirləri ilk dəfə Bakıda və Moskvada böyük tirajla rus dilində nəşr edilmiş, əsərlərindən nümunələr ingilis, fransız, alman, ərəb, fars dillərində çapdan çıxmışdır.

 

Nəsimi dilindən, dinindən və irqindən asılı olmayaraq insanlar arasında birlik, dostluq ideyalarını təbliğ etmiş və bununla da hamının dərin rəğbətini qazanmışdır. Məhz buna görə onun şeirinin ictimai-estetik əhəmiyyəti zaman keçdikcə azalmır, əksinə, daha da artır.

 

Nəsimi tərəqqipərvər ictimai idealları, humanist ruhu, həyatsevərliyi ilə dünya ədəbiyyatının korifeyləri sırasında şərəfli yer tutan böyük söz ustadlarındandır.

 

Arzu AZADƏLİYEVA,

Bakı şəhəri 245 nömrəli tam orta məktəbin direktoru



21.12.2019 | 09:17