Gəncədə yerli idarəetmə orqanlarında çalışanlar üçün maarifləndirici tədbir

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin  təşkilatçılığı  və ANAMA-nın dəstəyi ilə  17 dekabr  2019-cu il tarixdə Gəncə şəhərində “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə  əlaqədar regional müşavirə keçirilib.

 

Keçirilən müşavirənin əsas məqsədi qeyd olunan məsələ ilə əlaqədar yerli təhsili idarəetmə orqanlarında çalışan rəhbər və digər aidiyyəti işçilərlə müvafiq maarifləndirmə işinin aparılması olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən keçirilən həmin tədbirin məqsədi gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninə aid kabinetlərdə təlim silahlarının, sursatlarının və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək, GÇH rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, nəhayət, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək idi.

 

Müşavirədə Təhsil Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA)  nümayəndəsi, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər, Ağstafa, Daşkəsən, Samux,  Gədəbəy, Goranboy, Göygöl, Xocalı, Kəlbəcər, Qazax, Şəmkir, Tovuz  Rayon Təhsil şöbələri və təhsil müəssisələrinin rəhbərləri, eləcə də  həmin müəssisələrdə çalışan gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri iştirak ediblər.

 

Gəncə şəhər 34 nömrəli tam orta məktəbin akt zalında baş tutan müşavirəni Təhsil Nazirliyi Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov giriş sözü ilə açaraq Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

 

Təlimdə çıxış edən Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov GÇH fənninin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib. Müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən bu fənnin eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə və  Qaydaların mənimsədilməsinə xidmət etdiyini qeyd edib.

 

ANAMA-nın nümayəndəsi Musa Məmmədov çıxışında minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.

 

Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev söz alaraq maraqlı və canlı diskussiya şəklində keçən müşavirənin mövzusunun çox əhəmiyyətli olduğunu qeyd edib. Gəncə Şəhər Təhsil İdarəsinə belə bir tədbirin yüksək səviyyədə təşkilinə görə iştirakçılar adından öz minnətdarlığını bildirib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi yerli idarəetmə qurumlarının müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı yerlərdə aparılan işlər zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

 

Sonda təlimin mövzusu ətrafında fikir mübadiləsi aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

 

Elə həmin  müşavirədə  Azərbaycan Respublikası Prezidentinin  27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

 

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib. Natiq bu sahədə həyata keçirilən tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. Mübariz Ağayev Azərbaycanda yol təhlükəsizliyi məsələlərinə xüsusi önəm verildiyini bildirərək qeyd edib ki, sözügedən Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.

 

Polis polkovnik-leytenantı yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin  müvafiq əmrinə uyğun mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edillməsinin vacibliyini  bildirib, bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verildiyini qeyd ediblər. Nümayəndələr Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən verilmiş tövsiyələrə uyğun olaraq diqqətə çatdırılası ən zəruri məsələlər barədə məlumat veriblər.



20.12.2019 | 16:39