Axı, hər gün sizi işdə görməyə adət etmişdik, Tahir müəllim... | |
Beş gün öncəyə qədər Tahir müəllimlə telefon əlaqəsi yaradaraq kiminsə onun səhhəti ilə maraqlandığını bir-birimizdən soruşurduq. Sözün düzü, hər birimiz sanki onunla telefonla danışmaqdan ehtiyat edirdik. Çünki, biz onu hər zaman, hər şeyə rəğmən şən görməyə alışmışdıq, xəstəlik söhbətini belə yaxınına buraxmazdı. Onun bizim otaqlara hər səhər baş çəkib əhvalımızı soruşmağına bir növ adət etmişdik. Ancaq son bir neçə ay idi ki, düçar olduğu amansız xəstəliklə bağlı işə gələ bilmirdi. Necə deyərlər, xəstəlikdən qaçsa da, xəstəlik onun həyatına çağrılmamış bir qonaq kimi daxil olmuş və əməlli-başlı “ev sahibi”nə çevrilmişdi.
Başa vurmaqda olduğumuz ilin son ayında-13 dekabrda Tahir Səmədin 70 yaşı tamam olmuşdu. Təbrik etmək istəyirdik. Amma yenə də ürək eləmirdik. Düşünürdük ki, sağalıb işə çıxar və ona sürpriz olaraq bir tort alıb yaşını üzbəsurət qeyd edər, həmişəki kimi xoş arzularımızı bildirərik. Ancaq sən saydığını say, gör fələk nə sayır... Elə işə çıxdığımız həftənin ilk günü eşitdiyimiz qəfil xəbər hər birimizi sarsıtdı... Tahir müəllim vəfat etmişdi.
“Azərbaycan müəllimi” qəzetinin baş mühasibi idi. Mühasib kimi ixtisaslaşmışdı, işinin peşəkarı idi.
Adətən rəqəmlərlə işləyən insanlar danışmağı o qədər də xoşlamırlar, bəzən isə onlarla həmsöhbət olmaq belə insana darıxdırıcı gələ bilir. Lakin Tahir müəllim haqqında bunları demək olmazdı. Bəlkə də ixtisasca filoloq olmağından, bəlkə də qəzetdə işləməzdən öncə uzun illər “Azərbaycanfilm” kinostudiyasında aktyor şöbəsinin rəisi kimi çalışmağından irəli gəlirdi deyə bilmərəm, amma onu bilirəm ki, çox hazırcavab, hər bir sahə haqqında kifayət qədər məlumatlı idi. Onunla danışan insan darıxmazdı.
2002-ci il yanvarın 2-dən taleyini “Azərbaycan müəllimi” qəzeti redaksiyasına bağlayanda ağlına gəlməzdi ki, bu, axırıncı iş yeri olacaq və ancaq ölüm onu buradan ayıracaq. Kollektivimizin istər ailə tədbirlərində, istərsə də əlamətdar günlərdə Tahir müəllimi görməyə alışmışdıq. Hər zaman maraqlı çıxışları, baməzə zarafatları ilə qəlblərimizi fəth etməyi bacarırdı.
Gözəl ata, qayğıkeş həyat yoldaşı idi. Üç qızına təhsil verib, ev-eşik sahibi etmişdi. Zarafatla deyirdi ki, bilirsiniz, 3 qıza təhsil verib, yerbəyer edənin o biri dünyada yeri cənnətlik olur. Mən artıq cənnətə vəsiqə alanlardanam.
Nəvələrinin hər bir uğuruna uşaq kimi sevinirdi. Onlarla bağlı arzuları da böyük idi... yarımçıq qaldı.
Elə bizim də Tahir müəllim, sizinlə bağlı arzumuz yarımçıq qaldı. Artıq neçə illər idi ki, işlədiyin doğma kollektivlə birlikdə elə işdə ad gününü qeyd edirdin... Bu dəfə isə 70 yaşını bizsiz qeyd etdin. Amansız ölüm səni aramızdan apardı.
Axı, hər gün sizi işdə görməyə adət etmişdik, Tahir müəllim... Allah sənə rəhmət eləsin!
Samirə KƏRİMOVA |
|
20.12.2019 | 13:38 | |
|
|
|