Valideynin məktəbdə bir günü

İ.Tağıyev adına 26 nömrəli tam orta məktəb. Artıq dərs başlayıb. Ancaq məktəbin qapısından girənlər azalmır ki, azalmır. Gələnlər məktəblilər yox, onların valideynləridir. Valideynlərin hamısı yox. 26 nömrəli məktəbin siyahısında valideyn sayı 26 mindir. Ancaq görüşlərə 150-200 nəfər dəvət edilir. Onların arasında risk qrupuna daxil olan məktəblilərin valideynləri də olur, elmə həvəsi və akademik göstəriciləri ilə fərqlənən şagirdlərin valideynləri də.

 

Uşaqları dərsdə olan valideynləri məktəb qapısına gətirən səbəb nədir, görəsən? Nə uşağının dərslərindən geri qalması, nə də məktəbdə münaqişəyə girməsi səbəb olub bu ziyarətə. Valideynlər bu gün görüşə gəlib. Paytaxt məktəblərində “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində keçirilən  görüşlərdən biri də burada reallaşacaq. Görüşdə sadəcə 2 tərəf - məktəblə valideynlər deyil. Təşkil edilən tədbirdə məktəbin yerləşdiyi Buzovna qəsəbəsində vəzifə, nüfuz, hörmət sahibi olan qonaqlar da iştirak edir.

 

Onların günü belə başladı

 

Valideynlərin məktəbdəki günü səhər saat 9-da başladı. Qonaqlarını məktəbin direktoru Yaqut Məmmədova salamladı. Məktəbdə görülən işlərdən tutmuş verilən təhsilin keyfiyyətinə qədər hər məsələdən danışan məktəb rəhbəri təhsil müəssisəsi ilə valideyn münasibətlərinin bu işlərin uğurlu nəticələnməsinə təsir edən başlıca amil olduğuna diqqət çəkdi. “Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir”, - dedi.

 

Valideynlər məktəb mühiti ilə tanış olandan sonra onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Sonra “açıq dərs”ə girdilər. Arzuladıqları müəllimin, istədikləri sinfin dərsində iştirak etdilər. Dərsdən sonra həm pedaqoji, həm də texniki işçi heyətilə söhbətləşdilər. Sonra idman zalına doğru yönəldilər. “İdman sağlamlığın rəhnidir” deyib fiziki inkişafına çalışan məktəblilərin qətiyyəti ilə tanış oldular.

 

Məktəblilər özlərini əl işləri ilə ifadə edir

 

Məktəbin foyesində şagirdlərin əl işlərinin sərgiləndiyi yerə gəlib çıxdılar. Burada uşaqların yaradıcı inkişafını göstərən bir-birindən gözəl nümunələrlə tanış oldular. Ayrı-ayrı fənlər üzrə yaradılan guşələrdən birini də məktəbin psixoloqu təqdim etdi. Banu Məmmədova risk qrupuna daxil olan şagirdlərlə işindən danışdı. Məktəblilərin zərərli vərdişlərlə mübarizəsinə necə dəstək verdiyini, bu mübarizədə valideynlərin üzərinə düşənləri anlatdı. Dedi ki, valideynlər üçün xüsusi bukletlər belə hazırlayıblar.

 

Məktəblilərin ismarıcı ünvanına çatdı

 

Valideynlərin başı əl işlərinin cazibəsinə qarışdığı bir vaxtda kiçik məktəblilər ortaya çıxdı. Xüsusi geyimlərdə günün məqsəd və məramına uyğun ismarıcları ilə hər kəsin diqqətini cəlb edən kiçikyaşlı məktəblilər bir anda hamını başlarına yığdılar. Valideynlər III sinif şagirdlərinin “Bizi qayğıdan kənarda qoymayın”, “Bahalı əşyalar almaqdansa, təhsilimizə dəstək olub zirvələrə yüksəlməyimizə kömək edin” çağırışlarını heyranlıqla  izlədilər. Məktəbliləri 26 nömrəli təhsil müəssisəsinin II-III-IV siniflərindən təşkil olunan gənc tədqiqatçılar əvəz etdi. Sağlam həyat tərzinin üstünlüklərini valideynlərinə bir-bir izah edən məktəblilər öz böyüklərinə qidalanmanın rolundan danışdılar. Ailə münaqişələrinin onların həyatına təsirini valideynlərə xatırlatdılar. Balaca məktəblilərin hər fikri valideynlərin maraqlı reaksiyalarına, replikalarına səbəb oldu. Valideynlərdən birinin “Bu gün bunlar burada bizə yaxşıca dərs verdi”- deməsindən anlaşılırdı ki, uşaqlar məqsədlərinə nail olublar. İştirakçıların reaksiyalarından bu gün uşaqlardan eşitdiklərinin onlar üçün həm bir az gülməli, həm də təsiredici olduğunu anlamaq çətin deyildi.

 

Valideyn məktəblə, zal səhnə ilə birləşir

 

Uşaqlardan çətinliklə də olsa ayrılan valideynləri bu dəfə yuxarı sinif şagirdlərinin özfəaliyyəti ilə tanışlıq gözləyir. Mütaliə vərdişlərini təkmilləşdirən şagirdlər bu bacarıqlarını məktəbin kiçik səhnəsindən nümayiş etdirirlər. Akt zalına daxil olan valideynlər dərhal xüsusi ab-havanın fərqinə varırlar.

 

Səhnə qurulub. Şeir həvəskarları yerini tutub. Geyimlərdən dizayna qədər hər şey İmadəddin Nəsimi dövrünü anladır.

 

Valideynlər də yerini tutandan sonra məktəblilər Nəsiminin 650 illiyinə həsr etdikləri “Nəsimi ruhu” adlı tədbirə başladılar,  nə başladılar...

 

Nəsiminin misralara düzdüyü dəyərli fikirlər, şairin ruhu hopmuş şeirlər məktəblilərin dilində yeni nəfəs qazandı. Nəsimini anladan əfsanələr səhnədə yenidən canlandırılır, bir anda gerçəyə dönürdü... Budur, Nəsimi ilə Topal Teymur yenə qarşı-qarşıya gəldi. Xüsusi geyimləri, qrimi və səhnədəki davranışı ilə onların məktəbli olduğunu düşünmək çətindir. Böyük bir dövr bir anda çılpaqlığı ilə göz  önündə canlandı. Oradan çıxıb XXI əsrə qayıtmaq elə də asan deyildi. Nəsimi yaradıcılığı məktəblilərin çılğın ruhunu ələ keçirib: bu, onların ağırlaşan çöhrəsindən, dərinləşən gözlərindən aydın hiss olunur. Zaldan məktəbli balalarını izləyən valideynlərin də üzünün ifadəsi məktəblilərdən fərqli deyil...

 

Ağ geyimdə Nəsimi 26 nömrəli məktəbin kiçik səhnəsində zühur edir. İki cahana sığmayan şairi bu kiçik səhnəyə necə sığdırsınlar! Növbəti parça zaldan gəlir. Bu dəfə səhnə ilə zal bütövləşir. Səhnədəki Nəsiminin səsinə zaldakı “silahdaşlar”ı, müəllimlər, hətta valideynlər səs verirlər. Budur, məktəbin direktoru da onlara qoşulur və sıradakı parçanı Yaqut Məmmədova səsləndirir.

 

Şagird-müəllim-valideyn üçbucağında əməkdaşlıq kiçik bir səhnəcikdən aydın göründü. Onlar sadəcə Nəsiminin fikirlərini yox, həm də özlərinin birgə işini ortaya qoydular.

 

Önəmlisi, bu səhnə göstərdi ki, valideynlər öz uşaqları ilə bərabər vaxt keçirir, qəzəl oxuyur, şeir əzbərləyir. Onlar evdə də, məktəbdə də bir yerdədirlər.

 

Valideynlər məktəblə əməkdaşlıqdan məmnundur

 

“Valideynin məktəbdə  bir günü” çərçivəsində ibtidai, orta və yuxarı siniflərdə təşkil edilən seminarlarda müzakirələr davam etdirilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verilib.

 

Axırda da əllərinə qələm alıb məktəbdəki günə qiymət veriblər. Rəy və təkliflər üçün ayrılan dəftərə hər kəs öz fikrini yazıb. Məsələn, Çinarə Süleymanovanın qızı da, oğlu da burada oxuyur. Məktəbə tez-tez gəlməsinə ehtiyac qalmır. Məktəbin işindən, verilən təhsilin keyfiyyətindən razı qaldığını deyən valideynin sözlərinə görə, iştirak etdiyi dərslərdən, məktəbdə keçirdiyi vaxtdan  böyük  zövq alıb.

 

 

Valideynlər arasında atalar da az deyil. Fuad Muxtarovun oğlu Məhəmməd ibtidai sinif şagirdidir. Məktəbdən də, övladından da razıdır: “Valideyn olaraq üzərimə düşən öhdəlikləri yerinə yetirməyə çalışıram. Məktəblə mütəmadi əlaqə saxlayıram. Problemlərlə maraqlanıram. Ancaq hələlik məktəbin valideyn olaraq mənim dəstəyimə ehtiyacı olmayıb.  Olarsa, düşünürəm ki, hər birimiz valideyn olaraq dəstək göstərərik. Məktəb hamımızındır və  biz valideynlərin məktəbə gəlməsi qeyri-adi hadisə kimi görünməməlidir. Valideynin bir ayağı məktəbdə olmalıdır. Həyat yoldaşım daim məktəbə gəlib-gedir. Mən isə daha çox valideyn iclaslarında iştirak etməyə çalışıram”.

 

 

 

 

Daha bir ata, Əmirxan Həsənovun oğlu Allahverdi VII sinifdə oxuyur. Ara-sıra məktəbə gələn ata hələ ki övladı ilə bağlı xoş sözlər eşidir: “Nəsimi ilə bağlı tədbir çox xoşuma gəldi. Ümumiyyətlə, məktəbin valideynlərlə qurduğu əlaqəni çox bəyənirəm”.

 

 

 

 

 

 

Vüqar Orucovun isə 2 qızı - Ləmanla Tamaşa 26 nömrəli tam orta məktəbdə oxuyurlar.  Ata üçün məktəbin problemi elə qızlarının problemi deməkdir: “Ancaq problemlərin vaxtında həll edilməsindən, yaradılan şəraitdən  çox razıyam. Nə uşaqların, nə də bizim şikayətlənməyimizə əsas verilmir. Belə tədbirlərin isə xüsusilə əhəmiyyətini qeyd etmək istəyirəm”.

 

“Valideynin məktəbdə bir günü” layihəsi valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədlərinə xidmət edir. Ancaq 26 nömrəli tam orta məktəbdə görünən odur ki, onlar bu məqsədə çatıblar. Artıq bu məktəbə valideynin gəlməsi qeyri-adi də deyil, gözlənilməz də. Valideynlər məktəblə, məktəb isə valideynlərlə əməkdaşlıqdan çox məmnundur.

 

Ruhiyyə DAŞSALAHLI



20.12.2019 | 09:52