Beynəlxalq magistr proqramına seçilənlər

Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “TechnipFMC” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibləri bəlli olub.

 

Qeyd edək ki, əməkdaşlıq memorandumu çərçivəsində neft-qaz sahəsində çalışan tələbələrin magistr proqramı üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi tədbirlərinin keçirilməsi, elm, texnologiya və təhsil sahələrində birgə layihələrin icrası nəzərdə tutulur.

 

Qaliblərin elan olunması tədbirində Heydər Əliyev Fondunun, “TechnipFMC” şirkətinin, Bakı Ali Neft Məktəbinin, İtaliya səfirliyinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

 

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov təlim proqramının məqsədi barədə danışaraq  bildirib ki, bu proqram ölkənin təhsil, ətraf mühit və texnoloji sektorun inkişafına töhfə verilməsi, texnologiya və sənaye innovasiyalarının azərbaycanlı tələbələrə və peşəkarlara ötürülməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələrdəndir.

 

3 mərhələdən ibarət layihənin ilkin mərhələsində Azərbaycandan seçilmiş 50 tələbə kurslarda iştirak edib, onlardan da 25 nəfəri BANM-in Neft-qaz və Kimya mühəndisliyi ixtisasında təhsil alan 4-cü kurs tələbələri olub.

 

Birinci mərhələdə 5 modul üzrə 6 həftə ərzində təlimlər keçirilib. Təlimlərin sonunda magistr proqramına 15 tələbə namizəd seçilib. Həmin tələbələrdən 11 nəfər Bakı Ali Neft Məktəbinin, qalan 4 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələridir. Tələbələr Fransa, İtaliya və Norveçdə 2 ay ərzində ixtisasartırma kurslarında iştirak edəcəklər.

 

BANM-in rektoru Elmar Qasımov bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahəni qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır.

 

Rektor gənclərə, eləcə də, BANM-nin tələbələrinə göstərdiyi etimada görə Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. O, bu cür layihələrin gənclərin bilik və bacarıqlarının daha da artırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

 

Daha sonra, “TechnipFMC” şirkətinin nümayəndəsi və İtaliyanın səfiri Auqusto Massari çıxış edərək, magistr proqramının əhəmiyyətini qeyd ediblər. Onlar seçilmiş namizədlərin yüksək potensiallı tələbələr olduğunu vurğulayıblar.

 

BANM-nin Magistr Proqramında iştirak üçün seçilən tələbələri qalib layihələrini iştirakçılar qarşısında təqdim ediblər. “Ekologiyanın mühafizəsi”nə yönələn  layihə çərçivəsində bioplastik məhsulun hazırlanması nəzərdə tutulub.

 

Sonda proqramın müvafiq mərhələsini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.



19.12.2019 | 13:00