Tələbələr arasında informatika üzrə XII Ümumrespublika olimpiadasının final mərhələsi keçirilib

Mayın 5-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika olimpiadasının final mərhələsi keçirilib. 2007-ci ildən müntəzəm  keçirilən tədbirin təşkilatçıları Azərbaycan Respublikası  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiHeydər Əliyev Fondu,  Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutudur.

 

İnstitutdan verilən məlumata görə, 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

 

Tədbiri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açaraq olimpiada iştirakçılarını  salamlayıb, artıq 12-ci ildir ki, keçirilən yarışın cari ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf etdiyini bildirib.  

 

 Elm və təhsilin inkişafına ölkə rəhbərliyi tərəfindən daim diqqət göstərildiyini söyləyən alim İKT-nin bu sahələrdə tətbiqinin geniş imkanlar təqdim etdiyini vurğulayıb. Akademik müasir dövrdə dünyada informatika və proqramlaşdırmanın inkişaf etdirilməsinə böyük önəm verildiyini deyərək bu sahə üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların hazırlanmasına tələbatın olduğunu vurğulayıb.

 

R.Əliquliyev, həmçinin Azərbaycanın elm və təhsil ictimaiyyətinin müraciəti əsasında ölkə rəhbərliyi tərəfindən beynəlxalq olimpiadalarda qalib olmuş gənclərə ölkəmizin ali məktəblərinə növbədənkənar qəbul imkanlarının yaradıldığını diqqətə çatdırıb, bunu təqdirəlayiq addım kimi qiymətləndirib.

 

Bu kimi müsabiqələrin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən mühüm tədbirlərdən olduğunu deyən R.Əliquliyev bildirib ki, bu il  respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. Paytaxt və regionlarda fəaliyyət göstərən 14 ali təhsil müəssisəsinin (BMU, “ADA” Universiteti, BANM, BDU, AzTU, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan-Fransız Universiteti, Milli Aviasiya Akademiyası, ADAU, SDU, ADNSU, Azərbaycan Universiteti, NDU ) ən yaxşı nəticə göstərən 14 komandası isə olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanıb.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, İKT-nin dinamik inkişafı və vüsət alması ilə formalaşan informasiya cəmiyyətinin qurulmasında Azərbaycanın gələcəyi olan gənclər də yaxından iştirak etməli və ən müasir texnologiyalara yiyələnməlidirlər.

 

Tədbir iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından salamlayan nazirliyin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini söyləyıb. O, bugünədək xarici ölkələrdə təhsil almış tələbələrin 10 faizini İT ixtisaslarına yiyələnən  gənclərin təşkil etdiyini qeyd edərək  ölkə rəhbərliyi tərəfindən bu ixtisas üzrə təhsilin inkişafına xüsusi önəm verildiyini, cari ildən başlayaraq İT ixtisasları üzrə bakalavr pilləsinə qəbulun 1,5 dəfə artırıldığını diqqətə çatdırıb. Y.Piriyev informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq ölkəmizdə bu istiqamətdə qəbulun 20 yerdən 140 yerə qaldırılmasını da təqdirəlayiq hal kimi qiymətləndirib. Şöbə müdiri, həmçinin, orta məktəb şagirdləri arasında növbəti Beynəlxalq İnformatika Olimpiadasının (International Olympiad in Informatics - IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini deyib, yüksək biliyə malik şagirdlərin bu yarışda ölkəmizi təmsil edəcəyini vurğulayıb.

.

Heydər Əliyev Fondunun nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov  Fondun elm və təhsil, o cümlədən müasir dövrün çağırışlarına cavab verən informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrə daim dəstək verdiyini diqqətə çatdırıb, bu kimi olimpiadaların keçirilməsinin gənclərin özünü təkmilləşdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

 

Olimpiadanın Münsiflər Heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə çıxış edərək informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və onlara dəstək verilməsi, ölkəmizin intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şəraitin yaradılması baxımından olimpiadanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

 

Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, müsabiqə zamanı hər komandaya 5 saat ərzində 12 alqoritmik məsələni həll etmək tapşırığı verilir. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan edilir.

 

Daha sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış olublar.

 

Qeyd edək ki, şəffaflığın təmin olunması üçün müsabiqənin gedişinə institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilib.

 

Sonda final mərhələsinin nəticələri açıqlanıb. Final mərhələsinin nəticələrinə əsasən, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers”, 2-ci yerə “ADA” Universitetinin “ADA U1”, 3-cü yerə Bakı Dövlət Universitetinin “BSU1”, 4-cü yerə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Sharper” komandaları layiq görülüblər.

 

Qaliblər  17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılacaq.

 

Yusif ƏLİYEV

 



07.05.2018 | 12:19