Üç əsrin şahidi -120 illik yubiley tədbiri

Bakı şəhəri 67 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, BŞTİ və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdən öncə qonaqlar məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

“Üç əsrin şahidi” adlı tədbirdə məktəbin bu günə qədər keçdiyi zəngin inkişaf yolundan bəhs olunub. Qeyd edilib ki, 1897-ci ildə 73 şagird, 2 müəllimlə fəaliyyətə başlayan təhsil müəssisəsində hazırda 3 098 şagirdin təlim-tərbiyəsi ilə 141 müəllim məşğul olur.

 

Daha sonra təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarx nümayiş olunub.

 

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbirdə çıxış edərək məktəb kollektivini 120 illik yubiley münasibəti ilə təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb. 120 yaşlı təhsil müəssisəsinin böyük inkişaf yolu keçdiyini deyən M.Vəliyeva məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə artdığını diqqətə çatdırıb.

 

İdarə müdiri Cümhuriyyətimizin 100-cü ildönümündə paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan, 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə əlaqədar həyata keçirilən layihələrdən bəhs edib və respublikamızda bərabər təhsil imkanları üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını bildirib.

 

M.Vəliyeva ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatların daha etibarlı gələcəyimizin qarantı olduğunu söyləyib. İdarə müdiri onu da qeyd edib ki, ölkə rəhbəri İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət vəqayğı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən ən başlıcasıdır.

 

Daha sonra tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov tədris ocağının kollektivini yubiley münasibəti ilə təbrik edib.

 

“Üç əsrin şahidi” adlı kitabı tədbir iştirakçılarına təqdim edən məktəbin direktoru İradə Bayramova təhsil müəssisəsinin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.

 

Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar,ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvləri səmərəli fəaliyyətlərinə görə BŞTİ, RİH və məktəb rəhbərliyi tərəfindən təltif olunub.

 



07.05.2018 | 11:51