Olimpiadanın final turu keçirilib

Mayın 5-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final turu keçirilib. Bu mərhələdə 780 şagird iştirak etmək hüququ qazanıb.

 

Şagirdlər fənlərdən asılı olaraq 2-4 saat saat ərzində sualları cavablandırıblar. Final mərhələdə şagirdlərə fənlərdən asılı olaraq 5-12 sayda açıq tipli sual təqdim edilib.

 

İnformatika fənni üzrə olimpiadanın final turu mayın 6-da Bakı Mühəndislik Universitetində keçiriləcək.

 

Sonda hər fəndən təxminən 30 şagird olmaqla ümumilikdə 240-250 şagird qalib elan ediləcək.

 

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib.

 

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

 



07.05.2018 | 10:23