Azərbaycan yığmasının üzvləri 9 medal qazanıblar | |
İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatıb. 37 ölkədən 498 idmançının (228 qız və 270 oğlan) iştirak etdiyi çempionatda Azərbaycan yığmasının üzvləri 9 medal – 2 qızıl, 3 gümüş və 4 bürünc qazanıblar.
Birincilikdə 15 yaşadək qızların yarışında Rahilə Hüseynova (76 kq) təkanla qaldırmada gümüş, toplamda bürünc medal, eyni yaş kateqoriyasında oğlanların mübarizəsində Elşən Məmmədov (61 kq) birdən qaldırma hərəkətində gümüş, təkanla qaldırmada bürünc medala sahib olub. Nurlan Məmmədzadə (73 kq) təkanla qaldırmada qızıl, toplamda gümüş medal qazanıb. 17 yaşadək oğlanların yarışında isə Rüstəm Qasımov (67 kq) və Tarmenxan Babayev (96 kq) təkanla qaldırmada bürünc medallarla mükafatlandırılıblar.
Elşən Məmmədov iki hərəkətin cəmində, Nurlan Məmmədzadə isə təkanla qaldırmada yeni Avropa rekordu müəyyən edib.
Atletlərin fərdi mübarizəsində də Elşən Məmmədov fərqlənib. O, 15 yaşadək oğlanların mütləq birinciliyində Sinkleyr cədvəli üzrə 341,1 xalla Avropanın ən yaxşı atleti sıralamasında yeddinci yerdə qərarlaşıb. Komanda hesabında isə 17 yaşadək atletlərimiz 558 xalla dördüncü yeri qazanıblar.
Sifai SƏFƏROVA |
|
17.12.2019 | 13:28 | |
|
|
|