161 məktəbdə 348 təmayül sinif | |
Orta məktəblərin yuxarı siniflərində təmayülləşmənin miqyası genişləndirilib. Bu il BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflərin yaradılması ilə də yadda qalıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin sözlərinə görə, paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflər ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin edəcək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanacaqlar. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindəndir.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.
Qeyd edək ki, bu il ümumi təhsilin tam orta təhsil səviyyəsində ayrı-ayrı fənn istiqamətləri üzrə təmayülləşmə də davam edib. BŞTİ-nin tabeliyindəki 161 məktəbdə 348 təmayül sinif təşkil olunub.
|
|
17.12.2019 | 11:11 | |
|
|
|