Paytaxt məktəblərində ilk

Başa çatmaqda olan 2019-cu il bir sıra yeniliklə yadda qalıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev məktəbəblərdə həyata keçirilən ilklərdən danışıb. İdarə müdiri açıqlamasında bildirib ki, Bakıdakı ümumi təhsil müəssisələrinin tədris digər dildə olan bölmələrində I sinfə qəbul, ilk dəfədir uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb.

 

Ümumiyyətlə, bu il 48 mindən çox uşaq ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul edilib. R.Tağıyevin sözlərinə görə,  2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 48 763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45 637-si ümumi təhsil məktəblərini, 3126-sı isə lisey və gimnaziyaları seçib.

 

Xatırladaq ki, Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki liseylərin, gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.

 

Onu da əlavə edək ki, ölkəmizdə elektron sistem vasitəsilə, sadəcə şagird qəbulu həyata keçirilmir. Bu il daha bir yenilik ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi ilə bağlıdır. Bu proses elektron sistem vasitəsilə həyata keçirilib və heç bir problem müşahidə edilməyib.

 

R.Tağıyevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilməsi vətəndaşlar üçün daha bir imkan deməkdir: “2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.  Elektron yerdəyişmə nəticəsində 6791 şagird bir məktəbdən digərinə köçürülüb”.

 

O da bildirilib ki,  BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub.

 

Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə olduğu kimi, 2019-2020-ci dərs ili üçün ilk dəfə ölkə üzrə məktəbəhazırlıq qruplarına da qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılıb.
 



17.12.2019 | 10:00