Başqasının yerinə imtahan vermək istəyirsinizsə...

İmtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə, başqa bir şəxsin imtahana gəlməsi ölkəmizdə keçirilən imtahanlarda ən çox müşahidə edilən qayda pozuntularıdır. 

 

Bu cür qayda pozuntularının qarşısının alınması Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biridir. Qəbul və imtahan prosesinin şəffaflığının təmin edilməsi, bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilib.

 

DİM-nin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Azərbaycan müəllimi” qəzetinə ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarının qarşısının alınmasına yönələn tədbirlərdən danışarkən deyib:

 

-Ötən illərin statistikasına nəzər salsaq, imtahanlarda daha çox imtahan zalına mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd kimi qayda pozuntularının təkrar olunduğunu görürük. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən, DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunduğu da elan edilir. 

 

Sektor müdiri bu qayda pozuntularının hüquqi məsuliyyət yaratdığını və qanunvericiliklə adekvat  tədbirlər görüldüyünü deyib və bildirib ki, növbəti qəbul üçün hamıya indidən xəbərdarlıq edirlər : “Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilib. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir”.

 

Bütün bunlara qarşı DİM digər əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir. X.Xanlarzadə bununla bağlı ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə araşdırmalarını nümunə gətirib: “Nəticədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb...Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunur və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilir. Bu da üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə deməkdir. Ən önəmlisi, unutmayaq ki, belə əməllər inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır”.

 

X. Xanlarzadə deyib ki, bu kimi halların baş verməsi DİM-nin də işini çətinləşdirir: “Belə ki, mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi, ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən  üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli olur. Təsadüfi deyil ki, DİM 2018-ci ildən etibarən imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edir. Bu texnologiya imtahana giriş zamanı iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. İmtahanların təşkili zamanı bütün qeyd edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin və maddi vəsaitin xərclənməsinə səbəb olur.  Odur ki, vətəndaşları ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə indidən çağırırıq. Bir daha deyirik ki, bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”.

 



16.12.2019 | 17:38