Riyaziyyatın tədrisi metodikasına dair konfrans

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 129 nömrəli tam orta məktəbdə “Ümumi təhsil məktəblərində riyaziyyatın tədrisi metodikası: problemlər, onların həlli yolları” mövzusunda konfrans keçirilib. 

 

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, dərslik müəllifləri Nayma Qəhrəmanova, Məhəmməd Kərimov, məktəb direktorları, paytaxtın Nizami və Xətai rayonları üzrə ümumi təhsil müəssisələrinin ibtidai sinif və riyaziyyat  müəllimləri iştirak ediblər.        

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Quliyeva qonaqları salamlayaraq konfransın keçirilməsinin məqsədlərindən danışıb. Riyaziyyat fənn kurikulumunun tərtibi, dərsliklərin yazılması prosesi və təqdim olunmuş dərslik komplektlərinin tədrisində səmərəliliyin artırılmasının əsas hədəflərdən olduğunu deyən direktor riyaziyyatın öyrədilməsində yeni metod və texnologiyaların tətbiqi məsələlərini müzakirə etməyin vacibliyini vurğulayıb.

 

BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxışında məktəbin təşəbbüsü ilə riyaziyyatın tədrisi metodikasına həsr olunmuş konfransın təşkilini yüksək qiymətləndirib. Konfransın keyfiyyətin artırılması baxımından əhəmiyyətini qeyd edən İdarə müdiri açıq müzakirələrin faydalı olmasını bildirib, həmçinin Xətai və Nizami rayonları üzrə məktəblərin tədris göstəricilərini nəzərə çatdırıb.

 

Konfransda “Şagird bacarıqlarının formalaşdırılmasında dərsliklərin rolu” mövzusunda təqdimatla çıxış edən Nayma Qəhrəmanova dərsliklərin proqramlara uyğun tədrisinin əhəmiyyəti barədə fikirlərini bildirib. O, müəllimlərin metodiki cəhətdən ustalığının vacib olduğunu, şagirdlərə daha çox tapşırıq verməyin deyil, mövzunun mahiyyətini anlatmağın zəruriliyini diqqətə çatdırıb.

 

“Ehtiyat dərsliklərdə yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edən 193 nömrəli məktəbin riyaziyyat – informatika müəllimi Günay Hüseynzadə riyaziyyat fənninin şagirdlərdə məntiqi təfəkkürün formalaşmasında, mühakimə qabiliyyətlərinin yüksəldilməsində böyük rol oynadığını, həmçinin riyazi fəaliyyət zamanı şagirdin ümumiləşdirmə və konkretləşdirmə, nəticə çıxarmaq və nəticəni əvvəlcədən görmək qabiliyyətinin formalaşdığını bildirib.

 

Daha sonra çıxış edən BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva isə təhsil islahatlarının əsas istiqamətlərindən biri kimi keyfiyyətin yüksəldilməsi yönündə atılan addımlardan danışıb. Bu baxımdan müəllimlərin iştirakı ilə praktik müzakirələrin aparılmasını və nümunəvi dərslərin təşkilini yüksək qiymətləndirib.

 

Sonra konfrans sessiyalar üzrə davam etdirilib. Çıxışlar ətrafında müzakirələr aparılıb, müxtəlif siniflər üzrə nümunəvi dərslər təqdim olunub.

 

Konfransın yekun qərarına əsasən, müəllimlərin əməkdaşlığını və peşəkar dəstək almaq ehtiyacını təmin etmək üçün ayda bir dəfə toplaşmaq məqsədi ilə koordinasiya qrupu yaradılıb.  



16.12.2019 | 11:26