SDU-da Respublika elmi konfransı

Mayın 4-də  Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda Respublika elmi konfransı öz  işinə başlayıb. Konfransda respublikamızda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov konfransı açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin anadan olmasının 95-ci ildönümünün respublikamızda və ölkəmizdən kənarda dərin hörmət və ehtiramla geniş qeyd olunduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, onun xatirəsinə hörmət və ehtiramın təzahürüdür. Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.

 

Konfransda SDU-nun tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, ADİU-nun “Humanitar fənlər” kafedrasının professoru Abbas Seyidov “Heydər Əliyevin  1990-1993-cü illərdə Naxçıvanda həyat keçirdiyi mühüm tədbirlər”, AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov “Heydər Əliyev və Azərbaycan Respublikasında ordu quruculuğu” mövzularında məruzə ediblər. Məruzəçilər müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən fəaliyyəti haqqında məlumat veriblər.

 

Konfrans öz işini üç bölmədə davam etdirib.

 

Qeyd edək ki, konfransa 180 tezis qəbul edilib və  materiallar toplu şəklində çap olunub.

 



05.05.2018 | 13:14