Zaqatalada ingilisdilli Resurs və Təlim Mərkəzinin açılışı olub

Zaqatalada məcburi köçkünlərin təhsil aldığı Ağdam rayonu 152 nömrəli tam orta məktəbdə dördüncü ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Britaniya Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Samr Şah, Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

 

Yeni açılan Mərkəz Azərbaycanda mövcud olan 13 ingilis dili mərkəzindən ibarət şəbəkəyə daxil ediləcək beş yeni Resurs və Təlim Mərkəzindən dördüncüsüdür. Əlavə olaraq Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəbdə də belə Resurs və Təlim Mərkəzinin yaradılması planlaşdırılır. Mərkəz tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan təlim və tədris resursları, texnologiyalar və özünütəlim materialları ilə təmin olunur.

 

Qeyd edək ki, “Resurs və Təlim Mərkəzləri" proqramı Britaniya Şurası təşkilatı tərəfindən Böyük Britaniya Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsil Nazirliyi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi proqramın həyata keçirilməsinə dəstək verir. Proqram gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. 

 

Eyni zamanda, proqram çərçivəsində Britaniya Şurası seçilmiş icmalarda müəllimlərlə də işləyəcək, onların yeni ideya, tədris təcrübələri və ehtiyaclarını müzakirə etmək məqsədilə beş yeni "Müəllimlərin Fəalliyyət Qrupu" (Teacher Activity Group) yaradılacaq.



13.12.2019 | 11:20