Məktəbdə və məktəblərarası təbəqələşmə

(Əvvəli ötən sayımızda)

 

Məktəblər arasında təbəqələşmə bütün dünya üçün adi haldır. Dilləri daha dərindən tədris edən gimnaziyalar, riyaziyyat təmayüllü ödənişli liseylər, özəl məktəblər həm imkanlı valideynləri, həm də onların övladlarını cəlb edir. Belə məktəblərdə tədris prosesi daha keyfiyyətli təşkil olunub, mükəmməl texniki qurğular və laboratoriyalara söz ola bilməz. Bu amillər seçim prosesində mühüm rol oynayır. Üstəgəl, bizim bəzi mental xüsusiyyətlərimiz. Məsələn, mənim övladım bilirsən hansı məktəbdə oxuyur? Yaxud, filankəs oğlunun filan məktəbdə oxuması üçün ildə filan qədər vəsait ödəyir və s.

 

Qərbdə maddi imkanlara görə təhsil ocaqları seçimi prosesinin ənənəyə çevrilməsinin az qala 500 yaşı var. Təsəvvür edirsiniz, bir nəslin nümayəndələri 4-5 əsrdir eyni ali və ya orta məktəbə daxil və məzun olurlar. Bu səbəbdəndir ki, prezidentlər, baş nazirlər, tanınmış ictimai xadimlər, elm adamlarının eyni məktəbi bitirmələrinə dair çoxsaylı nümunələr var. Başqa sözlə, əgər məktəblər arasındakı fərqdən, yaxud “imkanlı və imkansız məktəbli” mövzusundan danışırıqsa, nəzərə almalıyıq ki, Qərbdə bu proses böyük tarixi yol qət edib, bizdə isə cəmi 20-30 ilin mövzusudur.

 

“Kiçik gölməçədə böyük qurbağa effekti”

 

Aydındır ki, nüfuzunu cəmiyyətə sübut etmək istəyən və göstərdiyi xidmətləri maddi yatırım hesabına edən təhsil ocaqları prosesə şəhərin, yaxud ölkənin ən savadlı və hörmətli müəllim kontingentini cəlb etməyə çalışır. Və buna nail olur. Rahat şərait, qabaqcıl proqram, maddi-texniki baza və savadlı müəllimlər. Uşaq savadlı olmasın? Yaxud, uşaq adi məktəbdə oxuyan həmyaşıdından fərqlənməsin?

 

Ötən sayımızdakı yazımızda qeyd etmişdik: Qərbdə aparılan araşdırmalar göstərir ki, imkanlı ailələrin övladları kasıb valideynlərin uşaqlarından yaxşı oxuyurlar. Söhbət ondan getmir ki, kiminsə atası şirkət rəhbəridir, digərinin valideyni isə məmur. Sadəcə müasir dünyada yaxşı təhsil üçün maddi imkanın önəmi həddindən artıq böyükdür ki, bu məqama yuxarıda toxunmuşuq. Məsələn, kimin evində kitab ehtiyatı böyükdür? Yaxud belə deyək: kimin ev kitabxanası daha zəngindir? Kimdə kitab çoxdur, təbii olaraq onun övladı məktəbə daha məlumatlı, zəngin söz ehtiyatı və inkişaf etmiş dünyagörüşü ilə gələcək. Əlbəttə, o kitabları vərəqləyibsə. Yaxud, divara asılmış rəflərdəki kitablar evin dizaynının bir detalı deyilsə.

 

Gəncin təhsil ocağındakı uğuru onun valideynlərinin həyatlarından da asılıdır. Söhbət nədən gedir? Ata və ananın professional statusları, təhsilləri, dünyagörüşləri və aylıq gəlirləri. Məsələn, valideynin diplomu bir çox hallarda yeniyetmə üçün mükəmməl stimul rolunda çıxış edir. Uşaq ailəsindəki maddi rifahı görür və anlayır ki, valideynləri kimi oxuyub həmin o diplomdan əldə edərsə, onun da güzəranı ən azı belə ola bilər. Həyat tək evdə oturmaqdan və işə gedib-gəlməkdən ibarət deyil ki! Uşaq hər şeyi görür və müqayisə edir - teatra və muzeyə getməyi də, ticarət mərkəzlərində edilən alış-verişləri də, xarici ölkələrə və başqa şəhərlərə edilən səyahətləri də. Bütün bunlar onun gələcəkdə nə ilə məşğul olmaq istəməsinə dair qəbul etdiyi qərara ciddi təsirini göstərir.

 

Rusiyada həyata keçirilmiş bir araşdırmada birinci sinfə gedən uşağın ilin sonunda göstərdiyi nəticələrə ailəsinin maddi durumunun necə təsir etdiyini öyrənməyə çalışıblar. Göstərici olaraq uşağın riyaziyyat fənnindən uğurları, faktor analizi üçün isə 4 amil nəzərə alınıb: ananın təhsili, atanın professional statusu, evdəki kitabların sayı və ailənin orta aylıq gəliri. Məlum olub ki, uşağın bilik əldə etməyə başlamasında ailənin sosial-iqtisadi statusunun ciddi rolu var. Riyaziyyat üzrə fərqlər məktəb daxilindən daha çox, məktəblər arasında büruzə verilir. Yəni, imkanlı ailələrin seçdikləri məktəblərdə uşaqların göstəriciləri daha yuxarıdır.

 

Cəmiyyət eynicinsli deyil. Varlısı da var, kasıbı da. Bəzən bu təbəqələr arasındakı məsafə böyük olsa belə, onları bir-birlərindən gizlətmək mümkün deyil. Küçədə, məhəllədə, yolda və nəhayət, məktəbdə uşaqlar biri digərini görür, tanıyır və müqayisə edirlər. Biz tez-tez düşünürük ki, rəqabət, digərindən yaxşı olmaq istəyi uşaqları daha güclü nəticələr göstərməyə sövq edir. Bəli, belədir. Ancaq hərdən elə də olur ki, bu istək əks effekt verir. Misal üçün, imkansız ailədən olan uşaq özünü imkanlı həmyaşıdı ilə müqayisə etmək istəyərkən özünəinamını itirə bilər, özünə qapılar. Bu hala “kiçik gölməçədə böyük qurbağa effekti” deyilir. Sözügedən “effekt” yalnız maddi amil rol oynayarkən özünü göstərmir. Misal üçün, ola bilər ki, güclü sinifdə uşaq aktiv sinif yoldaşlarının fonunda öz gücünə daha az inanır.

 

Biz, eyni zamanda iddia edə bilmərik ki, güclü ətraf ortabab oxumaq qabiliyyəti olan uşağın özünəinam hissini hər zaman azaldır. Çünki “kiçik gölməçədə böyük qurbağa effekti” özünü əks istiqamətdə də göstərə bilər: şagird çox güclü sinifdə oxuyur, ətrafındakı həmyaşıdlarından geri qalmamaq üçün dərslərini daha səylə yerinə yetirməyə çalışır. Başqa sözlə, özünün və özgəsinin uğurlarını nəzərə almaqla ideal balansa nail olmaq mümkündür. Orta və bir qədər yüksək göstəriciləri olan şagird üçün güclü sinifdə oxumaq daha böyüyünü əldə etmək üçün təkan rolunu oynaya bilər.

 

Əgər sinifdə varlı ailələrdən uşaqlar varsa...

 

Məktəblər arasında olduğu kimi, məktəblilər arasındakı təbəqələşmə də aktual problemdir. Məktəbdə tez-tez elə olur ki, bir parta arxasında diametral şəkildə fərqli maddi imkanı olan iki ailənin uşaqları oturur. Bu halda imkansız ailənin başçısı mütəmadi olaraq övladına niyə sonuncu model “İphone” ala bilmədiyinə dair izah verməli olur. Məsələ burasındadır ki, bizim kimi ölkələrin cəmiyyətləri gənc olduğu qədər, mövcud iqtisadi münasibətlər də yenidir. Sovetlər İttifaqının çökməsindən bir müddət sonra bu cəmiyyətlər varlılar və kasıblardan ibarət olmaqla təbəqələşməyə məruz qalıblar. Proses kifayət qədər tez baş verib, hər halda söhbət XX əsrin son illəri - XXI yüzilliyin əvvəlindən gedir. Bu, heç də kapitalizmin rüşeym haldan hazırkı duruma gəldiyi prosesi əhatə edən 500 illik Avropa tarixi deyil. Müddət çox kiçik olduğundan bu təbəqələşmənin sosial mexanizmlərinin yetişməsinə vaxt çatmayıb. Nəticə göz qabağındadır: eyni partada oturan uşaqlardan birini məktəbə bahalı cipdə gətirirlər, digəri isə böyük qardaşından qalan paltarları geyinir.

 

Cəmiyyətdəki “əmlak bərabərsizliyi” ilə hər birimiz uşaqlıqdan tanışıq. Ən sadə əyani sübutu görmək istəyirsiniz? Yeni tədris ilinin ilk günündə birinci sinfə gedəcək körpələrin əllərindəki gül buketlərinə baxın və müqayisə edin. Elə valideyn var ki, övladının məktəbə qədəm qoymasını hansısa restoranda qeyd edir. Buna imkanı çatmayan ata və ana isə özlərini pis valideyn hesab edirlər. Ancaq etməməlidirlər. Sabah nələrin baş verəcəyi məlum deyil. Adi orta məktəbdə oxuyub tədris proqramını yaxşı əxz edən uşaq sabahın potensial tələbəsidir. Onun qarşısında biliklərini dərinləşdirmək, daha nüfuzlu ali məktəbdə təhsilini mükəmməlləşdirib bacarıqlı kadr olmaq üçün saysız-hesabsız imkanlar var. Odur ki, valideyn övladını təhsilə və savada həvəsləndirməyə davam etməlidir.

 

Pul mövzusu çox qəlizdir. Bu emosional problemin ağrılı eniş və yoxuşları var. Biri üçün məqbul olan yanaşma, digərinə mürəkkəb görünə bilər. Postsovet məkanının təmsilçisi kimi bizim də cəmiyyətimizdə mal-mülk, əmlak və pul mövzuları uzun müddət qadağan olunub. Bu gün isə vəziyyət fərqlidir. İndi gizlətmirik, nümayiş etdirib ətrafa üstünlüyümüzü çatdırmaq istəyirik. Odur ki, uşaqlarınızla ən kiçik yaşlarından maddiyyat mövzusunda müzakirələr aparmaqdan çəkinməyin. Ona niyə sinif yoldaşı filankəsdəki smartfondan ala bilmədiyimizi izah etməyi bacarmalıyıq. Yaxşı olar iqtisadi mövzudakı nəsihətlərinizi elə ailə büdcəsindən başlayasınız. Bu halda nədən onun sinif yoldaşının son model “İphone”si var, siz isə belə smartfon almaq iqtidarında deyilsiniz məzmunlu problemi övladınıza daha asanlıqla izah edə biləcəksiniz.

 

Avstriyanın “Raifeisen İnternational Bank”ında 6 yaşlı uşaqlara bank kartı açmağa icazə verilir. Bu yolla onlar özləri müəyyən edirlər ki, büdcələrini necə xərcləsinlər, nələrə sərf etsinlər. Bankın işə saldığı mobil əlavə vasitəsilə uşaqlar və yeniyetmələr oyun rejimində özlərinin büdcələrini idarə edə bilirlər.

 

Mövzumuzun sonunda bir daha ötən sayımızdakı yazının əvvəlinə qayıdaq: hər il yüzlərlə gənc Azərbaycanın ucqar bölgələrindən yüksək göstəricilərlə ali məktəblərin nüfuzlu fakültələrinə daxil olur, onların bir qismi hətta Prezident təqaüdünə layiq görülür. Böyük əksəriyyəti də adi orta məktəb məzunları olur. Odur ki, unutmayın: tədris proqramını keyfiyyətlə əxz edən şagird sabah ali məktəbin tələbəsi olacaq. Ətrafınızda olan iqtisadi fərqliliklərə çox önəm verməyin, dünya belə gəlib, belə də gedəcək. Uşaqları təhsilə və savada həvəsləndirməyə davam edin.

 

Rüstəm QARAXANLI



13.12.2019 | 12:00