BİR olaq... BİRlikdə olaq...

Onlar ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələridirlər. Zahirən öz həmyaşıdlarından fərqlənmirlər, sadəcə bir üstün cəhətləri -  keçirilən müxtəlif nüfuzlu tədbirlərdə onlarla tez-tez rastlaşmağımız,  iştirakçılarla səmimi ünsiyyətləri, dəvət olunan qonaqlara bələdçilik etmələri, gülərüz olmaları və mehribanlıqları  bu gəncləri  bizlərə daha doğma edib. Söhbət ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatında fəallığı ilə seçilən tələbə- könüllülərdən gedir. Təhsil Nazirliyinin reallaşdırdığı  “Bir” Tələbə-Könüllü proqramının üzvü olan tələbələr Azərbaycanda könüllülük hərəkatına öz töhfələrini verməkdədirlər.  Adıçəkilən proqram uzunmüddətli olmaqla  ölkənin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəlsəfəsini aşılamaq üçün 2015-ci il dekabrın 14-də  yaradılıb. 6 istiqamətdə fəaliyyət göstərən proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Müəyyən olunan istiqamətlər tələbə-könüllülərin asudə vaxtlarının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirməsinə şərait yaradır.

 

Hazırda proqram  26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edir. Proqramda tələbə-könüllülər üçün özünüinkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülərlə müntəzəm olaraq təlim, kurs, seminar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarında artıq  ilk addımlarını atıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər. 

 

Proqram tərəfindən “Elektron könüllü portalı” da yaradılıb. Belə ki,  bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az  saytındakı hesabında yerləşdirilir. Həmçinin bu sayt vasitəsilə tələbə-könüllü şəxsi hesabını yaradaraq şəxsi məlumatlarını hesabına yükləyə və bütün həyata keçirilən tədbirlərdən xəbərdar ola bilər. Minlərlə tələbə-könüllü ötən müddət ərzində çoxlu sayda  yerli və beynəlxalq səviyyəli tədbirin təşkilinə dəstək veriblər.

 

Elə dekabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə təşkil olunan Azərbaycan tələbə-könüllülərinin Forumunda da tələbə- könüllülərin gördüyü işlərə, ayrı-ayrı fəaliyyət istiqamətlərinə bir daha nəzər salınıb.

 

Tədbirdən əvvəl Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

 

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forum elə bu ali təhsil müəssisəsində keçirilib.  Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak ediblər.

 

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Forumda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev könüllülük fəaliyyətini yüksək dəyərləndirərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tələbələrinin də könüllülük proqramının üzvü olduğunu qeyd edib.  Rektor könüllülər arasında formalaşmış münasibətin  uğurlu gələcəyə istiqamətləndiyini söyləyib. Elçin Babayev bildirib ki, müasir Azərbaycanın gələcəyi üçün kadr potensialı çox vacibdir: “Bugünkü gənclərimiz bilikli, savadlı, vətənə bağlı və dünyaya açıqdırlar. Bakı Dövlət Universitetində minlərlə gənc var. Gələcəkdə onlar yaşlı nəslin yerini tutacaqlar. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib və bundan sonra da ali təhsil müəssisəmiz elm və təhsilin inkişafında məqsədyönlü işlərini davam etdirəcəkdir”.

 

Təhsil naziri Ceyhun Bayramov forum iştirakçılarını salamlayaraq onları görməkdən məmnunluq duyduğunu bildirib.  Qeyd olunub ki, ümummilli lider  Heydər Əliyev tərəfindən hər zaman ölkədə gənclər siyasətinə xüsusi diqqət yetirilib, tarixi qərarlar qəbul edilib. Nazir hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülən işlər və əldə olunan nailiyyətlər barədə danışıb. Təhsil naziri vurğulayıb ki, bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsi Azərbaycan təhsilinin başlıca hədəfidir. Ceyhun Bayramov daha sonra könüllülük fəaliyyətinin yaratdığı təcrübə və imkanlardan söz açıb, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu söyləyib: “Hesab edirəm ki, könüllülük hərəkatı gənclərin uğur hekayəsinə yol açan, onların özünü təqdimetmə  imkanlarından düzgün istifadə etmək, gələcək inkişaf və karyera qurmaq arzularının reallaşdırılması baxımından  önəmli bir fəaliyyət növüdür. Könüllülük fəaliyyəti gənclərə müəyyən təcrübə, imkanlar qazandırır ki, bu da ictimai işlərdə fəallıq göstərən tələbələrimizin özünü tanıtmaq, təsdiq etmək  baxımından gözəl şansdır”.

 

Təhsil naziri qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. Tələbə-könüllülərin əhatə dairəsinin ildən-ilə artdığını, bu hərəkatın ayrılmaz parçası olan gənclərin sayının hazırda  23000-dən artıq olduğunu diqqətə çatdıran nazir bundan məmnunluğunu  bildirib:  “Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir”.

 

Nazir Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıb.

 

Ceyhun Bayramov çıxışında dövlət başçısı İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirində gənclərlə bağlı söylədiyi fikirlərə xüsusi diqqət çəkib: “Hər bir gənc vətənpərvərlik dəyərlərinə önəm verməli, rəqabətqabiliyyətli peşəyə yiyələnməyi özünə əsas prioritet olaraq müəyyənləşdirməlidir”.

 

Təhsil naziri çıxışının sonunda tələbə-könüllülərə uğurlar arzulayıb.

 

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti  də öz növbəsində tədbirdə iştirakına görə məmnunluğunu ifadə edib. Bu gün dünyada 1 milyarda yaxın insanın könüllülük fəaliyyəti ilə məşğul olduğunu deyən BMT rəsmisi son illər   Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatını, xüsusilə tələbə-könüllülərin fəaliyyətini yüksək qiymətləndirib: “Azərbaycanda keçirilən istər yerli, istərsə də beynəlxalq tədbirlərdə tələbə-könüllülərin uğurlu fəaliyyətinin şahidiyik və onlar ölkənizi layiqincə təmsil edirlər və bu, bizi sevindirir”.

 

Sonra Alessandro Frakassetti tərəfindən  “Bir” Tələbə-Könüllü Proqramı  BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə mükafatlandırılıb.

 

Tədbir çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub,  tələbə-könüllülər öz fəaliyyət istiqamətlərindən danışıblar. Çıxış edənlər  könüllülük hərəkatına qoşulmaqla asudə vaxtlarını səmərəli keçirdiklərini,   müxtəlif sahələrdə təcrübə qazandıqlarını,  bilik və bacarıqlarının artdığını, olduqca maraqlı tələbəlik həyatı keçirdiklərini söyləyiblər. Qeyd olunub ki, könüllülük həmrəylikdir, dostluqdur, birlikdir, uğurlu gələcəyin açarıdır.   Tələbə-könüllülərin həyat devizi də məhz budur: “BİR olaq...BİRlikdə olaq...”.  

 

Forumda daha sonra ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər.

 

Tədbir könüllülərin himninin ifası ilə yekunlaşıb.

 

Qeyd edək ki, Forum Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

 

Samirə KƏRİMOVA



13.12.2019 | 09:04