ADPU-nun bir qrup əməkdaşına sertifikatlar verilib | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşıya qoyduğu əsas prioritetlərdən biri olan professor-müəllim heyətinin peşəkarlığının daha da artırılması, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə universitet rəhbərliyi tərəfindən ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fullbright proqramı çərçivəsində Lehigh Universitetinin professoru Jill Sperandio ADPU-ya dəvət olunub. O, cari ilin yanvar-may aylarında universitetdə fəaliyyət göstərib.
Professor, universitetdə aparılan islahatları dəstəkləmək və planlaşdırmaq məqsədilə tədqiqatlar aparıb, tədris prosesinin modernləşdirilməsində, eyni zamanda yeni yaradılmış şöbələrin fəaliyyətlərinin təşkilinə dəstək göstərib, həmçinin doktorantlar üçün “Tədqiqatın əsasları” mövzusunda təlimlər aparıb.
Fəaliyyət göstərdiyi müddətdə universitetin bütün fakültələri üzrə professor-müəllim heyəti üçün “Yeni öyrətmə metodları” mövzusunda silsilə seminarlar təşkil edən professor iştirakçıların yeni metodlardan istifadə etməklə təqdim etdikləri dərs planını dəyərləndirib.
Mayın 2-də tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə müvəffəqiyyət qazanmış müəllimlərə sertifikatların verilməsi mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri xanım Heidi Smith və təhsil üzrə mütəxəssis Ramina Mürşüdova, həmçinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Jill Sperandionun ADPU-da fəaliyyəti dövründə gördüyü işlər haqqında qısa məlumat verib və dəstəyi üçün xanım ekspertə, həmçinin ABŞ səfirliyinə xüsusi təşəkkürünü bildirib, eyni zamanda bu kimi layihələrin davamlı olacağını iştirakçıların diqqətinə çatdırıb.
Sonra Jill Sperandio universitetdə olduğu 4 ay müddətində ona yaradılan şərait, göstərilən diqqət və qayğıya görə rəhbərliyə, həmçinin təlimlərdə fəal iştirak edən müəllimlərə ürək sözlərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Heidi Smith təlimlərdə fəal iştirak edən müəllim heyətinə ABŞ təhsil proqramları haqqında məlumat verib və fəaliyyətlərində daha da uğurlu nəticələr əldə etmək üçün bu proqramlar vasitəsilə təcrübələrini artıra bilmə imkanlarından bəhs edib.
Keçirilən təlimlərin nəticələrinə uyğun olaraq elan olunmuş müsabiqədə iştirakına görə müxtəlif fakültələrin 22 nəfər professor-müəlliminə sertifikatlar təqdim olunub.
İştirakçılardan tarix və coğrafiya fakültəsinin dekanı Şahin Pənahov bu tip proqramların müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında xüsusi rolu olduğunu vurğulayıb. Müəllimlərdən Mətanət Əsgərova, Əsmət Teymurova, Səmayə Həsənova, Günay Əfəndiyeva, Şəhla Quliyeva, Rəhimə Məmmədova ürək sözlərini deyərək bu işin təşkilatçılarına təşəkkürlərini bildirib və təlimlərin davamlı olmasını arzulayıblar.
|
|
06.05.2018 | 13:00 | |
|
|
|