UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada | |
Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə UNEC tələbələrinin ifasında Türkiyənin paytaxtı Ankarada “Nəsimi” tamaşası nümayiş etdirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi və UNEC-in təşəbbüsü ilə təşkil olunan tamaşada ölkəmizin Türkiyədəki səfiri, rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirak ediblər. Tamaşa Ankaranın Keçiörən rayon bələdiyyəsinin Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində göstərilib.
UNEC Yaradıcılıq Mərkəzinin “UNEC Tələbə Teatrı” tərəfindən təqdim olunan tamaşada Şərqin böyük ədibi və filosofunun həyat və yaradıcılığı tələbələrin ifasında canlandırılıb. Tələbələrin yüksək peşəkarlıqla ifa etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Səfər çərçivəsində Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altunok UNEC-in nümayəndə heyəti ilə görüşüb. Görüşdə tələbələrin aktyorluq bacarıqlarını yüksək qiymətləndirən bələdiyyə sədri onlara öz təşəkkürünü bildirib. UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tamaşanın nümayiş olunması üçün yaradılan şəraitə görə Turqut Altunoka minnətdarlğını bildirərək, universitet adından ona xatirə hədiyyəsi təqdim edib.
Sonda tələbələrə sertifikatlar təqdim olunub. |
|
12.12.2019 | 12:33 | |
|
|
|