Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə saziş imzalayıb

Bakı Ali Neft Məktəbi (BANM)  ilə  qlobal  “Baker Hughes” şirkəti ümumi dəyəri 1 milyon dollardan çox olan “JewelSuite” proqram təminatı lisenziyalarının Ali Məktəbə hədiyyə edilməsi barədə saziş imzalayıblar.

       

Müqavilə “Energy Forward” konfransı çərçivəsində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Baker Hughes” şirkətinin Rusiya-Xəzər bölgəsi üzrə direktoru Qreyq Rasel tərəfindən imzalanıb.

       

“JewelSuite” proqram təminatınının tələbələr tərəfindən Xəzər hövzəsi daxilində spesifik sualtı problemlərin modelləşdirilməsi ücün istifadə edilməsi nəzərdə tutulur. Şirkət tərəfindən təchiz edilmiş aparıcı geoloji və geofiziki proqram təminatlarından istifadə edərək  tələbələr  zəruri iş təcrübəsini qazana biləcəklər.  

 

Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov deyib ki,  2015-ci ildən “Baker Hughes” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə təhsil ocağının  tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra zəngin bilik və təcrübəyə malik məzunlar işlə təmin olunurlar.

 

Qeyd edək ki, “Energy Forward” konfransı Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən qlobal tədbirdir.



11.12.2019 | 16:05