Stokholmda Nobel mükafatlarının təqdim olunma mərasimi keçirilib

Stokholm Filarmoniyasında 2019-cu ilin Nobel mükafatlarının təqdim olunma mərasimi keçirilib.  Mərasim hər il olduğu kimi, bu dəfə də 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin anım  günündə baş tutub. A.Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilib.

  

Stokholmda keçirilən mərasimdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara mükafatlar İsveç Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub. Dünyanın ən nüfuzlu 14 mükafat  laureatı monarxın əlindən diplomlar və qızıl medallar alıblar.
 

Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Karl-Henrik Heldin dünya ictimaiyyətini elmi metodların qorunmasına çağırıb:"Alfred Nobel elmi tədqiqatların vacibliyinə qəti şəkildə inanırdı: yalnız faktlar əsasında dünya real tərəqqiyə nail ola bilər. Təəssüf ki, onun nikbinliklə dolu baxışları bu gün bütün dünyada şübhə doğurur və biz görürük ki, aparıcı siyasətçilər indi də faktların inkar edilməsi ilə məşğuldurlar. İrrasional düşüncə və dar düşüncələr elmi nailiyyətlər, biliklər və rasional düşüncə hesabına güc qazanır", - deyə o bildirib.

 

"Qarşılaşdığımız şeylərin bariz nümunəsi bizim həyat tərzimizin iqlimə mənfi təsir etdiyini göstərən təkzibedilməz sübutlara etimadın olmamasıdır. Gənclər ayağa qalxanda və tələb edəndə ki, hamımız elmə qulaq asaq və fəaliyyət göstərək, onlar bizim dəstəyimizə layiqdirlər. Elmi metodun qorunması iqlim dəyişikliyi kimi konkret məsələlərdə daha vacibdir", - deyə o qeyd edib.
 

Nobel komitəsi sədrinin giriş sözündən sonra laureatlar ənənəyə görə, minlərlə təzə güllərlə bəzədilmiş səhnəyə çıxıblar,  burada kralın əlindən qızıl medallar və fərdi diplomlar alıblar.
 

Xatırladaq ki, fizika sahəsində 2019-cu ilin Nobel mükafatına Ceyms Pibls, Mişel Meyir və Didier Kelo layiq görülüb. Kimya üzrə mükafat müvafiq olaraq, amerikalı Con Qudinafa və onun iki həmkarına - britaniyalı M.Stənli Uittinqemə və yaponiyalı Akira Yoşinoya verilib.  Fiziologiya və təbabət sahəsi üzrə mükafatlara amerikalılar Uilyam Kelin, Qreqq L.Semenza və britaniyalı Peter Retkliff layiq görülüblər.
 

Builki mərasim onunla fərqlənib ki, ədəbiyyat sahəsində mükafatlar laureatlara həm 2018-ci, həm də 2019-cu illər üzrə təqdim edilib. Belə ki, 2018-ci il Nobel mükafatı polşalı yazıçı Olqa Tokarçuka, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handkeye verilib. İqtisadiyyat üzrə mükafata Hindistan əsilli amerikalı Abirjit Banerji, fransız əsilli amerikalı Ester Düflo və digər amerikalı Maykl Kremer layiq görülüblər.

 

Hər nominasiya üzrə pul mükafatının həcmi 9 milyon kron (təxminən 944 min ABŞ dolları) təşkil edir.

 

Oruc MUSTAFAYEV                         



11.12.2019 | 09:29