Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Dekabrın 10-da Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli  insan anatomiyası və tibbi terminologiya kafedrasının yaranma tarixi, keçdiyi yol və fəaliyyət istiqamətləri barədə danışıb. Gəray Gəraybəyli deyib ki, 1919-cu il fevralın 18-də fəaliyyətə başlayan kafedrada bu müddət ərzində 85 mindən çox tibbi kadr və səhiyyə işçisi təhsil alıb.

 

Konfransda iştirak edən Təhsil naziri Ceyhun Bayramov kafedranın tarixi ilə bağlı mühüm məqamlardan söz açıb, burada dərs deyən ziyalılar barədə məlumatı və onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işləri diqqətə çatdırıb. Ceyhun Bayramov deyib ki, Bakı Dövlət Universitetinin ilk yeddi rektorundan altısı ixtisasca həkim olub. Nazir kafedranın inkişafında Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Kamil Balakişiyev və digər məşhur Azərbaycan alimlərinin böyük xidmətlərinin olduğunu xüsusi qeyd edib.

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev də öz növbəsində son vaxtlar səhiyyə sisteminin, o cümlədən patoloji anatomiya və insan anatomiyası üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar qazanıldığını söyləyib.

 

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, 1990-1995-ci illərdə insan anatomiyası və tibbi terminologiya kafedrasına rəhbərlik etmiş əməkdar elm xadimi Rafiq Əsgərov, ATU-nun insan anatomiyası kafedrasının rəhbəri, əməkdar elm xadimi Vaqif Şadlinski bir əsrlik yaşı olan insan anatomiyası və tibbi terminologiya kafedrasının milli kadrların hazırlanmasındakı xidmətlərindən danışıblar. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində 2018-2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. 2004-2005-ci tədris ilindən başlayaraq insan anatomiyası fənni xarici tələbələr üçün ingilis dilində tədris olunmağa başlanıb.

 

Konfransda Türkiyə, Gürcüstan və Başqırdıstan tibb təhsili müəssisələrinin anatomiya kafedrasının rəhbərləri çıxış edərək ATU-nun sözügedən kafedrası ilə bağlı xatirələrini bölüşüb, kollektivi yubiley münasibətilə təbrik ediblər.

 

Konfrans öz işini plenar sessiyalarla davam etdirib, ayrı-ayrı mövzularda məruzələr dinlənilib.         

 



10.12.2019 | 19:11