Məktəblərdə akademik siniflər yaradılır | |
Rusiyanın Təhsil və Elm Nazirliyinin və Moskva şəhər Təhsil departamentinin birgə layihəsinə əsasən, 2016-cı ildən paytaxtın ümumtəhsil məktəblərində akademik siniflərin yaradılmasına start verilib. Artıq növbəti mərhələdə ölkənin 8 - Sankt-Peterburq şəhəri, Kareliya, Tatarıstan, Başqırdıstan, Şimali Osetiya-Alaniya respublikaları, Perm, Novosibirsk və İvanovsk vilayətləri də layihəyə qoşulacaq.
"Rossiyskaya qazeta"nın məlumatına əsasən, "akademik siniflər"- çoxşaxəli professional təlim növüdür. Hazırda Moskvada 13 məktəbdə akademik siniflər yaradılıb, onların işinə 800-dən çox təhsilalan, 23 elmi institut və 14 federal universitet cəlb olunub.
Akademik siniflər yalnız məktəblərdə deyil, həm də bu gün ölkədə tətbiq edilən "Elm" milli layihəsi çərçivəsində yaradılan elmi-tədris mərkəzlərinin bazasında da açıla bilər. Elm və ali təhsil naziri M. Kotyukovun fikrincə, bu, ali məktəblərin, elmi təşkilatların və biznes resurslarının birləşməsinə, region iqtisadiyyatı üçün motivasiyalı mütəxəssislərin hazırlanmasına kömək edəcək. Alimlər isə hesab edirlər ki, akademik siniflərin başlıca hədəfi şagirdləri layihə işlərinə cəlb etməkdir. Pilot bölgələr seçilib, lakin layihədə hansı məktəblərin iştirak edəcəyi hələlik məlum deyil. Layihəyə daxil olmaq üçün məktəbə nə lazımdır? Məktəb rəhbərliyi elmi və təhsil tərəfdaşları ilə birlikdə əlavə təhsil modulunun işə salınmasına tam hazır olduğunu təsdiq etməlidir. Yalnız ciddi seçimdən sonra məktəblər akademik siniflər qazana bilər.
Layihə hamı üçün faydalıdır: şagirdlər müasir avadanlıq və texnologiyalara giriş əldə edirlər; ali məktəblər üçün artıq məktəb partasında potensial abituriyentlər yetişir, işəgötürənlər isə yuxarı sinif şagirdlərini motivasiya edə bilirlər.
Oruc MUSTAFAYEV
|
|
10.12.2019 | 10:29 | |
|
|
|