Qocaman təhsil ocağı | |
Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:
* 1919-1920-ci illərdə - Bakı Kişi Müəllimləri Seminariyası; * 1920-1925-ci illərdə - Bakı Qadın Müəllimləri Seminariyası; * 1925-1926-cı illərdə - Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası; * 1926-1930-cu illərdə - Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu; * 1936-1938-ci illərdə - M.Ə.Sabir adına Mərkəzi Beynəlmiləl Texnikumu; * 1938-1963-cü illərdə - M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi; * 1968-ci ildən - M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi; * 1991-ci ilin dekabrından - M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu; * 23 dekabr 1999-cu ildən - M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci; * 13 iyun 2000-ci ildən - Azərbaycan Dövlət Pedaqoji Kolleci.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yarandığı ilk illərdə ölkəmizdə orta ixtisas təhsilinin yenidən qurulmasına birinci növbədə milli müəllim kadrlarının hazırlanması ilə başlandı. Çünki ümumtəhsil məktəbləri şəbəkəsinin sürətlə genişlənməsi, təhsilə cəlb olunan şagirdlərin sayının artması genişmiqyaslı milli müəllim kadrlarının hazırlanmasını tələb edirdi. Azərbaycan dilində dərs deməyi bacaran müəllimlərə böyük ehtiyac var idi.
Bakı Kişi Müəllimlər Seminariyası açıldı
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif, təhsil, elm və mədəniyyət sahəsində apardığı siyasətin reallaşdırdığı təxirəsalınmaz tədbirlərin və keçirilməsi nəzərdə tutulan islahatların əsas, ən vacib istiqamətlərindən biri ölkəmizdə ali və orta ixtisas təhsili məktəbləri şəbəkəsinin qurulması, həmçinin milli müəllim kadrları yetişdirmək məqsədilə yeni darülmüəllimlərin (kişi müəllim seminariyası) və darülmüəllimatların (qadın müəllim seminariyası) yaradılması idi.
Həmin ərəfədə Bakı Kişi Müəllimlər Seminariyası açıldı və görkəmli ziyalı Rəşid bəy Əfəndiyev müdir təyin edildi. Az sonra bu seminariyaya Qori Müəllimlər Seminariyasının məzunu Pənah Qasımov rəhbərlik etdi. O, qısa bir müddətdə mütərəqqi ideyalı, demokratik fikirli pedaqoqları öz ətrafına topladı. Görkəmli və tanınmış müəllimlərdən Soltan Məcid Qənizadəni, Hüseyn Cavidi, Abdulla Şaiqi, Azad bəy Əmirovu, Səməd bəy Acalovu, Əli bəy Qasımzadəni, Nuruş Şahsuvarovu, Məhəmməd Abdullayevi, Əhməd Kərədi Zəkuzadəni, Camo Cəbrayılbəylini, Qafur Rəşadı, Sultanmurad Əliyevi və başqalarını işə dəvət etdi. Seminariyada dövrün görkəmli ziyalıları - Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev də dərs deyirdilər.
İlk doqquz məzun
Bu səriştəli, güclü kollektivin köməyi ilə məktəbdə nümunəvi nizam-intizam yarandı və təlim-tərbiyə işlərinin səmərəsi yüksəldi. Tezliklə nümunəvi maarif ocağı kimi məktəbin şöhrəti qonşu respublikalara da yayıldı.Yüksək keyfiyyətli pedaqoji kadrlar hazırlamaq məqsədilə tələbələrin bilik və hazırlıq səviyyəsi Pənah Qasımovun sədrliyi ilə işləyən xüsusi komissiya tərəfindən yoxlandı. Komissiya məktəbdəki 90-a qədər tələbədən yalnız 40 nəfərini təhsilini davam etdirməyə layiq gördü. Həmin 40 nəfərdən dördüncü kursda cəmi 9 tələbə qaldı ki, onlar da 1922/1923-cü buraxılış ilində məktəbin ilk məzunları oldular.
Respublikamızın tanınmış alimlərindən Mirəli Axundov, Məmməd Şıxlı, AMEA-nın Əlyazmaları Fondunda baş elmi işçi vəzifəsində işləmiş şair Fazil Seyidov, uzun müddət Gəncə Şəhər Maarif Şöbəsinin müdiri olmuş, şəxsiyyətə pərəstiş dövrünün qurbanlarından biri Allahverdi Namazov, Bəkir Əfəndiyev və başqaları məktəbin ilk məzunları oldular. Həmin 9 məzun təyinatla Zaqatala, Cavanşir (Cəbrayıl) və Şuşa qəzalarına göndərildi.
Məktəbi ikinci buraxılışda 24, üçüncü buraxılışda 28, dördüncü buraxılışda 56 gənc bitirdi. Onlardan biri Türküstana (Orta Asiya), ikisi Dağıstana, qalanları isə Azərbaycanın qəzalarına işləməyə getdilər.
Bakıda qadın seminariyası yaradıldı
1920-ci ildə Bakıda köhnə Marinskaya Qız Gimnaziyasının binasında (Filarmoniya ilə üzbəüz binada) ilk Darülmüəllimat (Qadın seminariyası) yaradıldı. Mədinə xanım Qiyasbəyli darülmüəllimata müdir, Gövhər xanım Qayıbova isə tədris hissəsi üzrə müavin təyin olundular. O dövrün qabaqcıl pedaqoqlarından Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Azad bəy Əmirov, Atababa Musaxanlı, Məmməd Abdullayev, Səlimə Yaqubova, Şəfiqə Əfəndizadə, Xədicə Ağayeva, Sara Xuramoviç, Zəhra Şahtaxtinskaya, Sara Talışinskaya, Reyhan Topçubaşova, Nəimə Qazıyeva və başqaları Darülmüəllimatda pedaqoji və ictimai iş aparırdılar. Bu nümunəvi pedaqoji məktəbdə 120 qızın öz ana dilində təhsil alması Azərbaycan qadınının həyatında böyük mədəni inqilab idi.
Qısa bir vaxtda məktəbin şöhrəti bütün Cənubi Qafqaza, Dağıstana, Orta Asiyaya yayıldı.
Darülmüəllimatı qurtaran qızlardan Şəfiqə Qiyasbəyli, Ümidə Qafarzadə, Gövhər Seyidova, Ünsiyyə Rüstəmzadə, Mirvarid Dilbazi, Dürrə Zeynalova və başqaları Azərbaycan xalqının maariflənməsi və mədəni inkişafı sahəsində geniş fəaliyyəti, yüksək və nəcib xidmətləri ilə fərqlənmişlər.
İki təhsil ocağı birləşdirildi
1926-cı ilin sentyabrından Maarif komissarının sərəncamı ilə iki məşhur təhsil ocağı - darülmüəllimin (oğlanlar üçün) və darülmüəllimat (qızlar üçün) birləşdirilərək Bakı Müttəhid (Birləşmiş) Pedaqoji Texnikumu kimi fəaliyyət göstərdi. Texnikum tezliklə respublikanın təhsil ocaqları arasında əhəmiyyətli yer tutdu. Pənah Qasımov birləşmiş məktəbin direktoru, Camo Cəbrayılbəyli tədris işləri üzrə direktor müavini təyin olundu.
Həmin məktəbin ilk məzunlarından olan Cəfər Rəmzi o illərlə bağlı xatirələrini “Ədəbiyyat qəzeti”nin 1994-cü il 23 dekabr sayında belə yada salır: “Qapımızda gözətçi vardı. Həftədə 2 gün oradan çıxmağa icazə verilirdi: şənbə günü dərsdən sonra və cümə günü istəyənlər ailələri ilə görüşə bilərdi. Hərdənbir müəllim bizi kinoya və teatra aparardı. Məktəbimizdə intizam dedikcə möhkəm idi. Məktəblər birləşəndə mən onuncuda (son sinifdə) idim. Sinfimizdə 36 uşaq vardı. Əksəriyyəti qızlar idi. Bu təhsil ocağı ilk vaxtlar ibtidai sinif müəllimləri, məktəbəqədər tərbiyə müəssisələri üçün tərbiyəçilər hazırlayırdı.
1927-ci il iyun ayında birləşmiş məktəbin birinci buraxılışı oldu. Bu münasibətlə 25 may 1927-ci ildə “Gənc maarifçi” adlı xüsusi bir qəzet çap olundu. Qəzetdə Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlunun və Xalq Maarif komissarının təbrikləri də var idi. Yüz beş nəfər məzunun rayonlar üzrə siyahısı verilmişdi. Maraqlıdır ki, məktəbi Bakıdan 5 (3 oğlan, 2 qız), Qazaxdan 22 nəfər (çoxu qız) tamamladı...”.
Xalq şairi Mirvarid Dilbazi o illəri xatırlayaraq yazırdı: “Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi”.
Məktəbi bitirənlərin əksəriyyəti şəxsiyyətə pərəstiş dövründə güllələndi və ya həbs düşərgələrində, sürgünlərdə ömürlərini başa vurdular. Cəfər Rəmzi özü də o dövrün qurbanlarından olmuş, ömrünün 21 il iki ayını zindanlarda, həbs düşərgələrində keçirmişdi.
Nəhayət, adı yaddaşlarımızda daha çox Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumu kimi hifz olunan bu təhsil ocağı 1919-cu ildə Bakı Kişi Müəllimləri Seminariyası kimi fəaliyyətə başlasa da, müxtəlif zamanlarda öz adını dəyişsə də, bu gün həyata keçirdiyi ali və şərəfli missiya qətiyyən dəyişməyib. 1999-cu ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsində hazırda əyani və qiyabi şöbələr üzrə dörd mindən artıq tələbə təhsil alır.
Kollecdə hansı ixtisaslar üzrə mütəxəssislər hazırlanır?
Rəhbərlik etdiyim kollecdə “Məktəbəqədər təhsildə korreksiyaedici təlim”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Peşə təlimi”, “Texnologiya müəllimliyi” , “Fiziki tərbiyə müəllimliyi” , “Ailə və ev təhsili”, “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə mütəxəssislər hazırlanır. Kollecin 269 nəfərlik müəllim heyətində fəlsəfə doktorları, magistrlər və bakalavrlar təmsil olunur. Tələbə kontingentinin əksəriyyətini qızlar təşkil edən bu təhsil ocağında tədrislə yanaşı, tələbələrin estetik tərbiyəsi də xüsusi diqqətdə saxlanılır. Hazırda iki tədris korpusunda fəaliyyət göstərən Pedaqoji Kollecin zəngin maddi-texniki bazası mövcuddur. Belə ki, müasir elmi-texniki avadanlıqlarla təchiz edilmiş 36 kabinet, akt zalı, yeməkxana, idman zalları, rəssamlıq emalatxanası, arxiv, muzey, oxu zalı və elektron kitabxana kollecdə təlim-tərbiyəni müasir dövrümüzün və təhsil islahatlarının tələblərinə uyğun şəkildə qurmağa şərait yaradır.
Kollecin məzunlarının böyük əksəriyyəti region gəncləridir. Bu isə o deməkdir ki, ölkəmizin hər yerində bu qocaman təhsil müəssisəsinin yetirmələri böyük sevgi ilə Vətən övladlarını savadlandırırlar. Kollecin yüz illiyi ərəfəsində, bir il öncə buraya direktor təyin olunmağımı şəxsimə göstərilən böyük etimad kimi dəyərləndirirəm və bütün fəaliyyətimi bu etimadı doğrultmağa səfərbər etmişəm. Direktor təyin olunarkən mənə çox sadə şəkildə istiqamət müəyyənləşdirilərək tədrisin keyfiyyətinin yüksəldilməsi, kollecdə şəffaflığın tam bərpa olunması və tələbələrin Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun yetişdirilməsi, gənclərin dövlət və dövlətçilik istiqamətində formalaşdırılması tövsiyə olundu. Mən əminliklə deyə bilərəm ki, kollecdə bu gün ölkə rəhbərliyinin tutduğu xəttə, Təhsil Nazirliyinin qoyduğu tələblərə uyğun tədris-tərbiyə işləri aparılır, şəffaflıq tam təmin olunur. Tədrisin keyfiyyəti məsələsinə gəlincə, keyfiyyət gündəlik tələbatdır. Cənab Prezidentin son çıxışlarında qeyd olunduğu kimi, təhsil müəssisəsi - milli maraqları, dövlətçiliyi qoruyan şəxsiyyət yetişdirməlidir. ADPK-də tələbələrin dövlətçilik, azərbaycançılıq ruhunda tərbiyəsinin tədris qədər vacib məsələ olduğu qeyd edilir və buna xüsusi diqqət yetirilir.
43 kollec arasında birinci
Pedaqoji Kollec mektebgushesi.az saytının 43 kollec arasında keçirdiyi və on doqquz mindən artıq respondentin iştirak etdiyi “Hansı kollecdə yay imtahan sessiyası şəffaf keçirilir?” mövzusunda virtual sorğuda 2 il ardıcıl olaraq qalib gəlib.
Yaranışının 100 illiyi ərzində Azərbaycanda xalqın maariflənməsi istiqamətində əvəzedilməz rolu olan Azərbaycan Dövlət Pedaqoji Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanaraq təhsil islahatlarını uğurla tətbiq edən yüksək səviyyəli təhsil ocağı kimi fəaliyyət göstərir. Qocaman təhsil ocağı fəaliyyət göstərdiyi illər ərzində on minlərlə müəllim yetişdirmişdir. Kollec bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlayır.
Təlim-tərbiyə işinin təşkili
Azərbaycan Dövlət Pedaqoji Kollecində təlim-tərbiyə işinin təşkili, tədris prosesində kollecin müəllim və tələbə heyətinin həyata keçirdiyi elmi-kütləvi, mədəni tədbirlər, tədris metodiki materiallar, kütləvi informasiya vasitələrində dərc olunmuş, kollecin fəaliyyətini işiqlandıran yazılardan nümunələrinin hazırlanması, gənc müəllimlərlə işin təşkili, müəllim və tələbələrin “açıq dərs” icmalları və bədii yaradıcılıq nümunələri geniş vüsət almışdır.
Orta ixtisas təhsili müəssisələri sırasında öz tarixi əhəmiyyəti ilə idarəçilik sahəsində demokratikliyi, tədris prosesinin təşkilində tətbiq olunan metodların müasirliyi və ənənələri ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Kolleci tədris işinin təşkilində olduğu kimi ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənclər arasında təbliği sahəsində də tədbirlərin mərkəzinə çevrilmişdir. Belə ki, kollecdə Azərbaycan dövlətinin müstəqilliyi, onun qorunub saxlanılması sahəsində ümummilli liderimizin çoxşaxəli fəaliyyəti, Heydər Əliyev şəxsiyyətinin keçdiyi maraqlı həyat yolu illər boyudur ki, sistemli şəkildə istər tədris, istərsə də tərbiyə prosesində tələbə gənclərə öyrədilir və aşılanır.
Əksəriyyəti qızlardan ibarət olan bu qocaman təhsil ocağında tələbələrin estetik tərbiyəsinə xüsusi diqqət yetirilir. Daha doğrusu, gün ərzində görülən bütün işlərin əsas özəyini estetik tərbiyə məsələləri təşkil edir.
Estetik tərbiyənin təsiri ilə gənclərin idrak qabiliyyəti, təfəkkürü inkişaf edir, təbiətdə, cəmiyyətdə, ictimai münasibətlərdəki gözəlliyi duymaq və qavramaq qabiliyyəti formalaşır, onların mənəvi aləmi zənginləşir, estetik zövqü cilalanır. Bütün bunlar gələcəkdə gənclərə həyatı, fəaliyyətini sağlam və normal zövq əsasında qurmağa kömək edir.
Ayrı-ayrı fənn dərnəkləri ilə yanaşı, burada fəaliyyət göstərən bədii özfəaliyyət, xalq rəqsləri ansamblı, tətbiqi rəsm, dram dərnəyi tələbələrin asudə vaxtının səmərəli keçməsini təmin etməklə, onların estetik tərbiyəsini inkişaf etdirir.
Kollecin müəllimləri Dövlət Proqramları və Təhsil Nazirliyinin layihələri çərçivəsində yerinə yetirildiyi bir sıra tədbirlərdə, seminar və treninqlərdə yaxından iştirak edirlər.
Məzunlar ali məktəblərdə təhsillərini davam etdirirlər
Pedaqoji Kollecin müəllim kollektivi ölkədə gedən təhsil islahatlarının həyata keçirilməsində fəal iştirak etmiş, yüksək peşəkarlıq, tədqiqatçılıq nümayiş etdirərək pedaqoji ictimaiyyətə bir daha belə bir həqiqəti sübut etmişlər ki, ölkəmizin gələcəyi müəllimlərin peşə hazırlığı səviyyəsindən asılıdır.
Bu gün ölkənin hansı bölgəsinə nəzər salsaq Pedaqoji Kollecin məzunlarına rast gəlmək mümkündür. Onlar içərisində gənc nəslin təlim-tərbiyəsində böyük rolu olan müəllimlər, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən, dövlət qulluğunda çalışan, rəhbər vəzifədə işləyən ziyalılar, görkəmli insanlar az deyildir.
Kollecin məzunları bir sıra ali məktəblərə qəbul olaraq təhsillərini davam etdirirlər.
Kollecin tələbələri pedaqoji təcrübədə də özünü doğrultmuş ənənələrdən, müasir təlim texnologiyalarından, tədrisin təşkilində müxtəlif innovasiyalardan, informasiya-kommunikasiya texnologiyalarından istifadə edirlər. Belə ki, bu dərslərdən ən azı bir necə yeni əyanilik nümayiş etdirilir, yaxud proqram materialı mütləq başqa fənn üzrə qazanılmış bilik və bacarıqlara əsaslanmaqla həmin məlumatla əlaqələndirilmiş şəkildə keçirilir, tələbələrin fəallığı tam təmin olunur.
Kollecdə zəruri avadanlıqlarla, zəngin kitabxana ilə təmin edilmiş mərkəzin fəaliyyəti nəticəsində təhsil sahəsində innovativ texnologiyaların tətbiqi üzrə keçirilən xüsusi kursların daha səmərəli təşkilinə imkan yaranmış, bu proqramla işləyən siniflərdə pedaqoji təcrübə keçən tələbələrə göstərilən köməyin keyfiyyəti xeyli yüksəlmişdir.
Bu gün zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoji Kolleci bundan sonra da öz fəaliyyəti dövründə daim yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutacaqdır.
İsrayil İSGƏNDƏROV, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent |
|
06.12.2019 | 14:50 | |
|
|
|